Azərbaycanda bir kart sistemini tətbiq etmək kimə sərf etmir? – Bütün gözlər vətəndaşın CİBİNDƏDİR

0
527

Son vaxtlar əhalinin ən çox narazılıq etdiyi məsələlərdən bir də nağdsız ödəniş kartlarının çox yerdə keçərsiz olmasıdır. Məsələn, vətəndaş hansısa bank kartı ilə metro və yaxud digər nəqliyyat sisteminin xidmətlərindən istifadə edə bilmir.

Bundan əlavə metro və avtonəqliyyatda istifadə edilən kartları dəmir yolu sistemi qəbul etmir. Və dəmir yolunda ayrıca kart var. Ən pisi də odur ki, dəmir yolu kartlarından ancaq bir nəfər istifadə edə bilir. Bir sərnişin yanındakı yoldaşı üçün bilet ala bilməz.

Halbuki, dünyanın bütün ölkələrində bir kart sistemi mövcuddur. Yəni vətəndaş hansısa bank kartı ilə metronun da, dəmir yolunun da, avtonəqliyyatın da xidmətlərindən istifadə edir. Bundan əlavə bütün ölkələrdə kart sahiblərinə güzəştlər verilir.

Məsələn, qonşu Gürcüstanda ictimai nəqliyyatda limitsiz kartlar tətbiq olunur. Vətəndaş günlük, həftəlik, aylıq və illik kartlar almaqla ictimai nəqliyyatdan limitsiz istifadə imkanı əldə edə bilir.

Təsəvvür edin, 250 lari (144 manat) verirsiniz, il boyu bütün ictimai nəqliyyatlardan limitsiz istifadə edirsiniz. Tələbələr üçün də bu sistemdə xüsusi endirimlər də var. Ölkəmizdə bu sistemin tətbiqi çoxminli tələbələr üçün ideal fürsət olardı.

Məsələ ilə bağlı tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. O Bizim.Media-ya açıqlamasında bildirdi ki, “bizim ölkəmizdə bir kart sisteminin tətbiq edilməməsi açığı ciddi suallar doğurur.

Mərkəzi Bank və digər qrumlar razılığa gəlsə bunun tətbiqi çox qısa zamanda reallaşa bilər.

Nəticədə, vətəndaş bir kart sistemindən həm ictimai nəqliyyatda, həm ticarət və iaşə obyektlərində, həm də ki, digər xidmət sahələrində rahatçılıqla istifadə edə bilər. Əgər limitsiz kart sistemi tətbiq olunsa, bunun da daha çox sosial-iqtisadi səmərəsi olar”.

Təbii ki, bir kart sisteminin tətbiqi nağdsız alış-verişin həcmini artırar və bankla müştəri arasında yaranmış etimadsızlığı aradan qaldırar.

Mövzunu davam etdirəcəyik.

Surxay Atakişiyev, Bizim.Media

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin