Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər gözləyir – Çingiz Qənizadə

0
616

Azərbaycan dövlətinin razılığı olmadan onun sərhədlərini pozan istənilən şəxs haqqında cinayət işi başlanmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Çingiz Qənizadə bir neçə Türkiyə vətəndaşının Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa səfər etməsi düzgün deyil və bu hadisə Azərbaycan ictimaiyyətində böyük narahatlıqla qarşılanıb:

“Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan dövlətinin də razılığı olmadan sərhədləri keçən hər bir şəxs haqqında cinayət işi başlanmalıdır. Hesab edirəm ki, bu, qanuna uyğundur. Hüququn aliliiynə hörmət olunaraq bu addım atılmalı idi və atılıb”.

Millət vəkili bildirib ki, Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbrsizliklə gözləyir.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin