Atam balası, bu qədər də cərimə olar?-YANIQLI SÜRÜCÜ

0
995
Esmira Şükürova
Bir qocaman taksi sürücüsünün sərnişini idim. Kişinin ürəyi çox dolu idi. Hiss olunurdu ki, bu qəlbi yanıq sürücü saatlarla danışsaydı da yorulmaq bilməzdi? Nədən və nələrin əlindən yanıqlı olduğunu qısaca da olsa sizlərə ərz eləmək fikrinə düşdüm. Sürücü içindən qaynayan bir həvəslə əvvəlcə yol polislərindən danışırdı. – Bilirsiniz xanım, bir vaxtlar yol polisləri tam başqa cürdülər ey. Adamı adam kimi başa düşürdülər. Bir yol polisi vardı. Adına Qara Kapitan deyərdilər. Bilmirəm indi sağdı, yoxsa dünyasını dəyişib. Yəqin ki dəyişmiş olar, indiyə qalmaz. Dəyişibsə, Allah ona rəhmət eləsin! Nədən ki, kişi hamının hörmətini qazanmışdı. Eşidirsən ki, heç hindi də yadımdan çıxarda bilmirəm rəhmətliyi. Bu yol polisinə 10 manat uzadırdın, sənə hələ bir zdaçi də qaytarırdı. Yəni ki, pulun qaliğını. Doqquz manat. Deyirdim, – rəis, qoy qalsın ayıbdır. Deyirdi, – kişi halallıq yaxşı şeydir. Bir manat cəriməndir, onu da alıram. Sür maşınını, yaxşı yol! Ala, hindiki bəzi yol polisləri heç 50 manata belə qane olmur ki. Atam balası, bu qədər də cərimə olar?
Elə bu zaman böyrümüzdən sürətlə ötən bir CİP qəfldən sürücünü çaşdırdı. Kişini yenidən od götürdü. – Atam balası, gördün? Gör bir neylədi? Adə, sürə bilmirsən sürmə də bu şoğəribi? Ay bu avtomatlı maşın icad edənin atabaatası gorbagor olsun! Avtomat icad edib, saldı başımızı bəlaya. Hindi, maşın sürə biləndə sürür, sürməyən də. Xanım qız, vallahi, sürücülük vəsiqəsi almaq üçün, nə az nə çox, düz beş dəfə imtahan vermişəm. Bir suala düzgün cavab vermədin, yəni ki, maleyki oşibka elədinsə vəsiqə ala bilməzdin ki! Hardasınız, ay keçmişin kişiləri?! Adə kişilər vardı ey, kişilər! Vəzifəsi olanın da, olmayanın da insanlığı vardı, ay bacım. Hamı bir-birini anlayırdı… Hindi nə qanırlar, nə də ki, qandırırlar. Deyirlər ki, -Burda mənəm, Bağdadda da ki, nəydi o kişinin adı? Hə, yadıma düşdü Kor Xəlifə! Vallah hindi camaat qalıb bu Kor Xəlifələrin əlində. Bağdadda bir nəfərdiysə, bizidə göbələk kimi basıblar hər tərəfi. Nə ulacaq bu işlərin axırı? Nə qədər baş sındırıram, cavab tapa bilmirəm. Bəlkə, sən bilərsən baci?
Mən də çiyinlərimi çəkib. – Siz bilməyəndən sonra, mən hardan bilim, sürücü qardaş. – dedim.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin