Astarada hər yan qara maskalılardır: İrana ən yaxın şəhərimizdən reportaj

0
159

Koronavirusa görə 19 nəfərin öldüyü İranla “ağız-ağıza” dayanan cənub qapımızda qorxu hiss olunur: maska və spirt defisitdir, alverçilər “qan ağlayır”, bəs, Astara gömrüyündən qonşu ölkəyə kimlərə “yaşıl işq”dır?

…Biləsuvardan ayrılıb  Astara sərhəd-keçid məntəqəsinə gəlirik. Bura elə bilərsən ki, Çinin Uxan şəhəridir. Yox, yox, rayonda koronavirusun yayılmasından söhbət gedə bilməz. Sadəcə, qarşımıza çıxan adamların əksəriyyəti tibbi maskalıdır. 

İranla sərhəd-keçid məntəqəsinin Astaranın mərkəzinin bir addımlığında yerləşməsi, bazarın, parkın, icra hakimiyyəti binasının gömrüyün lap qulağının dibində olması əhalidə ciddi şəkildə narahatlıq doğurub.

Bu səbəbdən Astaranı və sərhədin ətrafını gəzdikcə maska taxanların çox olması diqqətimizi çəkir. Biləsuvarda isə İranla sərhəd-keçid məntəqəsi rayon mərkəzindən xeyli aralıda yerləşir.  Təqribən, 15-20 kilometr yol qət edərək sərhədə gedirsən. Bu yolda isə nə dükanlar, mağazalar var, nə də sərhədin qapısında bazar…

Odur ki, Biləsuvarda istisna adamlarda tibbi maska görə bilərdik. Astarada isə vəziyyət fərqlidir: İranın Astara şəhəri ilə bizim Astaranın mərkəzi arasında bir neçə yüz addımlıq məsafə var. Bu da insanları qorxuya salıb deyə, əksəriyyəti tibbi maskalı gəzirlər.

Biz də apteklərdən maska və tibbi spirt almaq istədik, ancaq əczaçı günortadan sonra gələcəyini bildirdi. Yəni anlayacağınız, maska defisitdir.

Sərhədin yaxınlığındakı çayxanalarda, dükanlarda oturanların da ağzı maskalı olduqlarını gördük. Çünki onların İrandan gələnlərlə birbaşa təması daha çoxdur. Eyni zamanda sərhəd qapısının önündə keşik çəkən polislərimiz, sərhədçilərimiz də tibbi maskadan istifadə edirlər.

Biz olduğumuz vaxtlarda İrana bir azərbaycanlı da buraxmırdılar. Yalnız bu müddətdə iranlı cütlüyün sərhəddən öz ölkələrinə buraxıldığını gördük.

Onlara yaxınlaşaraq vəziyyəti soruşduqda, Azərbaycan əsilli İran vətəndaşları bildirdilər ki, Bakıdan Tehrana təyyarə olmadığına görə Astaradan keçməyə qərar veriblər.

Onların sözlərinə görə, maşınla Ərdəbilə, oradan isə təyyarə ilə Tehrana getməyi planlaşdırırlar. Digər Azərbaycan vətəndaşlarına isə sərhəddə bildirilirdi ki, gözləsinlər…

Ərdəbilə həkimə getməyə hazırlaşan Lənkəran sakini dedi ki, iki saatdan çoxdur gözləyir və hələ ki, bir adam da İrana keçə bilməyib: “Bizə dedilər ki, dezinfeksiya işləri aparılır və qurtarandan sonra buraxacaqlar. Mən iki saatdan çoxdur ki, gözləyirəm. Deyən də yoxdur ki, dezinfeksiya işləri haçan qurtara bilər. Bu koronavirus da bir hoqqadır, atıblar ortaya, millətin canına vəlvələ salıblar. Əvəzində kasıb camaat əziyyətini çəkir, nə alverə gedənlər ərzaq gətirə bilir, nə də dava-dərmana gedə bilir”.

Sərhədin qarşısında müşahidələr apararkən bir az sonra gördük ki, iritutumlu avtobus yaxınlaşdı. Avtobusdan düşən fars əsilli İran vətəndaşları idi, səhv etmiriksə, idmançılarıydı və onlar dərhal sərhəddən buraxılaraq öz ölkələrinə yola düşdülər.

Ümumiyyətlə, İran və Azərbaycan tərəfi vətəndaşların öz ölkələrinə qayıtmasına şərait yaradırlar. Lakin bu zaman əldə nə mal, nə ərzaq gətirmək olar.

Hər iki ölkənin gömrükçüləri reseptli dərmandan başqa heç nəyə icazə vermirlər. Elə bunun nəticəsidir ki, yük maşınları, TIR-lar uzun növbələrə düzülüb.

Sürücülərin İrana daşınan yükləri nə vaxt aparacaqlarını bilmirlər. Hələ neçə gün sərhədə yaxın ərazidə TIR-larda gecələyə bilərlər. Deyilənə görə, 15 gün hərəkət tam məhdudlaşdırılacaq.

İranda ölənlərin artması, yoluxanların sayının çoxalmasından asılı olaraq, sərhədlərin qapadılması uzana bilər. TIR şoferləri dedilər ki, hələlik İrana bir maşın belə buraxılmayıb, vəziyyətin belə nə qədər davam edəcəyi isə bilinmir.

Ümumiyyətlə, cənub zonasında insanların çoxu İrana səfər planlarını arxa plana keçirib, sağlamlığını düşünürlər. Nə alver, nə müayinə haqda düşünürlər. Adda-budda adam barmaqla göstərmək olar ki, İrana keçməyə qərarlıdır.

Bu da sözsüz ki, yaranmış vəziyyət ən başlıca ticarətçilərə böyük zərbə vurmaqdadır. Ona görə Astara sərhədində olarkən İrandan bura qayıdan bir nəfər də görmədik.

Hər gün sıxlıq olan, vətəndaşların basabasdan şikayətləndiyi sərhəd-keçid məntəqəsində 5 gündür ki, sakitlikdir.

Sadəcə, Biləsuvar sərhədindən fərqli olaraq, Astara gömrük-keçid məntəqəsi nisbətən canlı idi: dükanlar açıq, tək-tük nəsə alan var, həkimə getmək üçün buraxılışı gözləyən 8-10 nəfər dayanmışdı…

Astara sərhədinin beş addımlığında İrandan gətirilmiş ərzaqları satan dükan sahibi bizimlə söhbətində dedi ki, hamı özünü qorumağa çalışır: “Mal bura gəlmir. Dükanda nə varsa, koronavirus İranda yayılmamışdan qabaq almışıq. Özü də qidadan, yeməkdən bu epidemiya keçmir. Amma yenə də camaat ehtiyat edir. Ona görə neçə gündür ki, alverimiz ölüb”.

Qeyd edək ki, fevralın 26-na olan məlumatda İranda 19 nəfərin koronavirusdan öldüyü açıqlanıb. İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpurun sözlərinə görə, 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb.

K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində 1 383 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir.

“Yeni Müsavat”ın Reportyor Qrupu
Astara

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin