Onun üçün dövlətə, dövlətçiliyə xidmət anlayışı yalnız mənsub olduğu klana sədaqət deməkdir

0
332
Asif Ağayev İcra başçılarının “yarpaq tökümündən” necə kənarda qalıb?
Sadiq oxucularımız bilirlər, Asif Ağayevin başçılıq etdiyi iki il yarım ərzində Beyləqan rayonunda baş alıb gedən korrupsiya, dövlətin ayırdığı külli miqdarda maliyyə vəsaitinin Beyləqan şəhərində abadlıq-quruculuq işləri adı altında silinərək mənimsənilməsi, idarəçilikdə səriştəsizlik, vəzifədən sui-istifadə halları, uğursuz kadr siyasəti barədə RealMedia.az saytında xeyli sayda silsilə xarakterli tənqidi məqalələr təqdim olunmuşdur. Bəri başdan qeyd edək ki, biz həmin məqalələrin qayəsini təşkil edən səhih məlumatları heç də bölüb hissə-hissə dərc etməmişik, sadəcə olaraq hər dəfə bu mövzuda yazımız işıq üzü görəndən sonra oxucularımız sırasından Beyləqan vətəndaşları rayonda baş verən və get-gedə artmaqda olan neqativ hallar barədə redaksiyamıza yeni-yeni məlumatlar veriblər. Əməkdaşlarımızın müşahidələri, araşdırmaları da öz yerində.
Xatırladaq ki, redaksiya olaraq təkcə materialı dərc etməklə kifayətlənməmişik, həmçinin vətəndaş mövqeyimizin ifadəsi olaraq həmin məqalələrdə ehtiva olunan məsələlərin araşdırılması xahişi ilə Prezident Administrasiyasına teleqram və məktublarla müraciətlər etmişik. Çifayda, müraciətlərimiz baxılması üçün “aidiyyəti” üzrə Beyləqan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. RİH – nin dəhlizlərindən bizə çatan məlumata görə, həmin yönləndirilmiş məktublar elə başçının aparatındaca “dəfn olunur”, baxılmasının nəticəsi barədə göndərən şəxsə məlumat belə verilmir. Ümumiyyətlə, Asif Ağayev başçılıq etdiyi müddət ərzində yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etməmiş, öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə almamışdır. İcra Hakimiyyətinin internet saytında dərc olunan hesabatlar isə əsl gerçəkliyi əks etdirməmişdir.
Asif Ağayev İcra başçılarının “yarpaq tökümündən” necə kənarda qalıb?
İctimaiyyətə ARDNŞ rəhbəri Rövnəq Abdullayevin kadrı kimi tanınan Asif Ağayev Şamaxıda rayon rəhbəri kimi işlədiyi dövrdə də torpaq alverçisi kimi ad çıxarmışdır. Onun üçün dövlətə, dövlətçiliyə xidmət anlayışı yalnız mənsub olduğu klana sədaqət deməkdir. Elə daha böyük və potensial imkanı daha geniş olan Beyləqan rayonuna rəhbər vəzifəyə keçid alması da, son illərdə bir növ tendensiyaya çevrilən korrupsioner icra başçılarının “yarpaq tökümündən” kənarda qalması da himayədarı R.Abdullayevin sayəsində mümkün olmuşdur.
Rayon rəhbərliyinin gənclər siyasəti də bərbad vəziyyətdədir. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin özündə, dövlət qulluğu sayılan vəzifələrdə boş yerlər olduğu halda Asif Ağayev ali təhsilli beyləqanlə gəncləri işlə təmin etmir, onların müraciətləri Məşğulluq Mərkəzinə yönəldilir. Orada isə müraciət müəlliflərinə haqqı ödənilən ictimai işlər təklif olunur ki, buna da savadlı gənclər getmək istəmirlər. Görünür, başçı boş vəzifə kürsülərini başqa umacağını ödəyə biləcək potensial namizədlər üçün saxlayıb. Əgər Asif Ağayev ali təhsilli gəncləri ictimai işlərə – küçə süpürməyi onlara məsləhət görürsə bunun üçün ilk öncə özü həmin gənclərə nümunə olmalıdır.
İcra başçısının vampir şəbəkəsi…
Asif Ağayevin vampir şəbəkəsinin qan sorduğu bir sistem də RİH-nin tabeliyində olan uşaq müəssisələridir. Uşaq bağçalarının əsaslı və cari təmirinə, inventarlarla təmininə ayrılan ayrı ayrılıqda illik 40-50 min AZN civarında pul da heç bir iş görülmədən, heç bir avadanlıq alınmadan kağız üzərində silinərək “həzm-rabedən” keçirilir. Xatırlatmağa dəyər ki, bu kimi maxinasiyalarda, eləcə də hər il şəhərin mərkəzi küçələrinin asfaltlanmasına ayrılan yarım milyon manat civarında vəsaitin mənimsənilməsində Beyləqan RİH başçısının əsas ortağı “Veteks-2017” firması olmuşdur. İşbazların bu cür şərikliyinin mənfi nəticələri barədə hüquq-mühafizə orqanlarına edilən şikayətlər artandan, cinayət təqibi orqanları araşdırmalara başlayandan sonra adı çəkilən firmanın fəaliyyəti vergi orqanının sanksiyaları səbəbindən dayandırıldı. İlginc məqam isi budur ki, dəfə firmanın rəhbəri Vüqal Aslanov “İnşaatServis-2” MMC yaradaraq Asif Ağayevlə şərikli işdəycələrini davam etdirir.
Asif Ağayev uşaq bağçalarının kadrla təchizat məsələsində də ehtikarlıq edir. Elə bu məsələdə möhtəkirliyə görədir ki, məsələn, bağçanın qazanxanaçısı uşaq tərbiyəçisi funksiyasını yerinə yetirir, gözətçi vəzifəsi qadın xeylağına verildiyinə görə, bağçanın istilik sistemi oğurlanır…
Bütün günü kabinetindən bayıra çıxmayan Asif Ağayev yəqin hələ də Operativ Qərargahın pandemiyanın səngidiyi barədə məlumatlarına, peyvəndin təsir gücünə inanmır. İstisna olaraq hərdən Beyləqan Şəhidlər Xiyabanına gedib yanındakılara şəklini çəkdirməklə işini bitirmiş hesab edir. Onun işini bitirmək lazımdır.
Ramin Məhəmmədoğlu,
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin