“Arvad” olmayın, xanım olun!

0
926

Aybəniz Alızadə

Ötən günlərdə “4-cü dəfə evlənən polkovnikin keçmiş arvadı elə şeylər danışdı ki…” başlıqlı xəbər oxudum. Birinci ona deyinmək istəyirəm ki, arvad sözünə oldum-olası nifrət etmişəm. Bir fikir verin, bu sözlə başlayan bütün birləşmələr söyüş, təhqir, aşağılama olaraq qəbul edilir. Məsələn, arvadağız, arvadbaz, arvadlaşma, arvadüzlü və s. Yəni fərqindəsinizmi bu sözləri birinə söylədiyinizdə arvad xitabını alan şəxs nə qədər kiçildilmiş, əhəmiyyətsiz bir insana çevrilir? Qısacası, xəbər başlığında mənim üçün arvad sözünü oxumağın özü diksindiricidir. Birincisi, qadın olduğum üçün, ikincisi, fəlsəfə-ədəbiyyat təhsili alan bir tələbə və gənc yazar kimi.

Bu söz lüğətimizdə alınma övrət sözü ilə bağlanıb, amma dilimizdə “doğmaq” mənasını verən ur feilinin həmin kəlmədən urkaçı sözü də əmələ gəlib və “dişi”, “doğan” anlamlarını əks etdirib. Bizdə urağut sözü arvad sözünün dubleti olub, “toxum” mənasını verən deməkdir. Bunu heyvana da şamil emək olar demək ki.

Bir də “ər” sözünün leksikologiyasına baxaq: Sifət və isim. Sözündə möhkəm, mərd; qəhrəman, igid, qoçaq mənasına gələn bu söz;  “Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir” (Ata. sözü). “Ər kişidə olur bir söz, bir məram” (H.Cavid, “Orxan”).  “Səndə doğrudan da bir ər ürəyi varsa, açıq söylə; Solmazı çoxmu sevirsən? (C.Cabbarlı, “Altunbay”)  Ər oğlu ər – igid, qəhrəman. “Bizimkilərdir; Qəhrəmanla Vəli ər oğlu ərdir. (S.Rüstəm, “Nəbi”)

Yəni hamısı mədh edir. Amma siz mənə bir dənə arvad sözü ilə bağlı mədh edən, indiyə kimi yazılan bir atalar sözü, ədəbi hökm, yüksəliş daşıyan tarixi cümlə göstərin. Kişi olsaydım deyərdim ki, hormonlarımı əməliyyatla dəyişib arvad olacam. O göydəki kişiyə and olsun. Bax e, o da arvad olmayıb. Nə isə. Əslində mövzu bu deyil, sadəcə xəbər başlığında “arvad” sözünü oxumaqdan coşdum belə. Yox e, “ keçmiş həyat yoldaşı” yazmaq uzun gəlirsə, “keçmiş xanımı” yaz da. Yenə əsəbləşdim, görürsüz? Nətər əsəbləşdirirlər e adamı durduq yerə. Lap kişi olub, söyməyin gəlir.

Qərəz, savadsızlığın, cəhalətin və s.-nin baş alıb getdiyi ölkələr sırasına ümumilikdə şərq ölkələrini daha çox aid etmək olar. Belə ölkələrdə cahillərin hökm sürməsi, erkən evlənmə, türklər demiş “görücü usulü” və çoxuşaqlılıq da dolayısıyla çox olur. Savadsızlıqdan dolayı qadının özünü təmin edə bilməmə, uşaqlarını sahiblənəməmə, kişidən asılılıq ehtimalı da yüksək olduğu üçün statistikada boşanma sayı da az olur. Cahillərsə bu arqumenti önə sürərək özlərini Avropadakı boşanma statistikasıyla müqaisə edib, ailə təməllərinin möhkəmliyini önə sürürlər. Şərqdə nəinki qadının boşanıb özünü təmin etməsi, hətta bir kişinin təzədən biriylə evlənib, toy etmək, qır-qızılını almaq, ev-eşik olmağı da çətindir. Avropalı kefindən də boşansa, hər iki tərəf özünü təmin edə bilir.

Yuxarıda qeyd etdiyim xəbər başlığındakı polkovnikin keçmiş, yəni üçüncü həyat yoldaşı deyir ki, onun necə bir insan olduğunu evləndikdən sonra tanıyıb. Mövzu əslində budur. Hazırda xalqın öz canını dişinə taxıb yaşadığı vaxtda mentalitetdən uzun-uzun danışıb heç kimin başını ağrıtmaq istəmirəm. Çünki artıq mentalitet heç kimin sol ayağının çeçələ barmağının sağ küncünə belə deyil. Hamı balasına bir tikə çörək apara bilmək dərdindədir. Amma o çörək apardığınız balalarınızın da cahil olmasını, eyni problemləri yaşamasını istəmirsinizsə, kiçik dövlətinizi – ailənizi quranda sağlam qurun. İmkan verin, şərait yaradın evlənəcək insanlar öncə eyni evi paylaşsın, bir müddət bir-birini tanısın, sonra bir-birinin ailələriylə ilk özləri tanış olsun, daha sonra ailələri bir-biri ilə tanışdırsınlar, onlar da anlaşsa və belə davam etmək alınarsa, demək evlənə bilərlər. Sevgi-filan böyüklərin dediyi kimi doğrudan da boş şeydi. Albert Kamyu boşuna deməyib ki, “Birini çox sevmək istəyirsənsə, az tanımağa çalış”. Deməli, evləndikdən sonra hər gün eyni evi paylaşdığınız üçün məcbur çox tanıyacaqsınız. Tanıdığınız insanla sevdiyiniz insan eyni çıxmayanda sonra başınıza-gözünüzə döyməyin ki, keşkə əvvəlcədən tanısaydım. Bunu gənclər edər, sadəcə sizin dəyərləriniz imkan vermir. Gərçi bu özünüzə də sərf edir. Nəyinizə lazımdır qızınız gələcək həyat yoldaşını evlənmədən tanısın, eyni evi paylaşsın, sonra da sizin məntiqlə başınıza qalsın. Ərə verim, başdan edim, yüküm azalsın, nəvə görüm derkən başınıza dərd, külfət alabilmə ehtimalınızı heç düşünmürsünüz. Ona görə deyirlər e, çox nişanlı saxlamaq bir şey deyil və s. Yəni böyüklü-kiçikli ailələr bu ərəfədə bir-birinin gerçək üzünü görmə, tanıma ehtimalı var və işin zayı çıxar.

Nə başınızı ağrıdım, bunu unutmayın, hər insan sevgiliykən başqa, nişanlıykən başqa, evliykən də başqa bir insana çevrilə bilir. Subaykən birini tanımaq eyib deyil, amma evləndikdən, uşaq sahibi olduqdan sonra tanımaq da eyib deyil, sadəcə özünüzə məşəqqətdir. İstər kişi, istər qadın üçün. Xüsusui ilə qadınlar, kişi həmişə “ər”dir, çalışın “arvad” olmayın, xanım olun. O “arvad-zad söhbətləri”, rəhmətlik nənəm demiş, Niqalayın vaxtında qaldı.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin