ANS-in 2013-cü ildə koronavirusla bağlı həyacan təbili – REPORTAJ

0
157

“O virusla yeni növ koronavirusun fərqi yoluxma qabiliyyətinin indi daha çox olmasındadır”

Hazırda dünyanı qorxu və təşviş içində saxlayan koronavirusla bağlı Azərbaycan tamaşaçısına hələ 2013-cü ildə məlumat verilib. Fəaliyyəti dayandırılmış ANS TV-nin “Xəbərçi” proqramında jurnalist Afət Telmanqızının hələ 2013-cü ildə koronavirusla bağlı təqdim etdiyi süjetdə bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır.

Belə ki, insandan-insana keçə bilən koronavirus o  zaman  onlarla insanın həyatına son qoyub. Jurnalist əlavə edir ki, bu virusu daha çox 60 yaşdan yuxarı kişilərdə  ağır fəsad yaradır. Qeyd edilir ki, virus Yaxın Şərqdə və Fars körfəzi ölkələrində yayılıb.  Bu virusun da əsas əlamətləri qızdırma, öskürək, boğulma və tənəffüs çatışmazlığı olub.

Mütəxəssislər qeyd edir ki, süjetdə söhbət yeni koronavirus növü olan COVİD-19-dan yox, koronavirusun Mers növündən və iki nəfərə yoluxduğundan söhbət gedirdi.

Son altı ayda yüz minlərlə insanı öldürən, on milyona yaxın insana yoluxan virus isə koronavirusun mutasiya etmiş yeni versiyası COVİD-19-dur.  Onu da qeyd edək ki, alimlər tez-tez mutasiyaya uğradığı üçün koronavirusla mübarizə aparmağın mümkün olmadığını bildirirlər.

Cəlal İsayev: "Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq ...

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan baş infeksionist Cəlal İsayev vurğuladı ki, ANS həmin reportajı  Yaxın Şərq respirator sindiromlu koronavirusu, yəni Mers haqqında hazırlayıb: “Bu virusun COVİD-19-dan fərqi odur ki, Mers dəvələrdən keçirdi. Səudiyyə Ərəbistanında meydana gəldi, sonradan isə epidemiya kimi bir neçə ölkəyə keçdi. Ancaq hazırkı virus kimi dünyanı geniş əhatə eləmədi. Sonradan virus yoxa çıxdı. İndi isə tək-tək hallarda müşahidə olunur. O vaxtın məlumatına görə, ABŞ-da buna qarşı bir peyvənd də işləyib hazırladılar”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı ...

Tanınmış həkim Zülfüqar Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu viruslar təxminən mənşəcə eynidir, hamısı beta koronavirus ailəsinə aiddir: “Sadəcə, o virusla yeni növ koronavirusun fərqi yoluxma qabiliyyətinin indi daha çox olmasındadır.  O zamankı virusun öldürücülük qabiliyyəti yüksək idi. Sars və Mersin öldürücülük qabiliyyəti 11-35 faiz arasında dəyişib. İndiki koronavirusda isə təxminən 1-3 faiz arasındadır. Ancaq xoşbəxtlikdən həmin virusun yoluxma imkanları, yayılma arealı az olub. Ona görə də, təxminən 7-8 min nəfərə yoluxub və dayanıb”.

Z.Yusifov ehtimal edir ki, COVİD-19 Sars virusunun mutasiyaya uğramış forması da  ola bilər: “Maraqlısı odur ki, bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində Sars virusunun nə zamansa daha çox yoluxma qabiliyyətinə malik olmasını nəzərə alaraq, onun vaksinini tapmağa çalışıblar. O zaman Sarsı laboratoriya şəraitində mutasiyaya uğradıblar, ancaq saxlaya bilməyiblər və yayılıb. Yeni koronavirusun öncəkilərdən fərqi çox yayılmasında və az öldürücü olmasındadır”.

COVİD-19-un Sars və Mers kimi bir neçə aya yoxa çıxması ehtimalına gəlincə, Z. Yusifov bunu çox da mümkün hesab etmir: “Yoluxma miqyasının genişliyi bu ehtimalları azaldır. Yoluxma o qədər çoxdur ki, bir qrup insanda bitir  və digərlərinə keçir. Bu minvalla virus uzun müddət davam edə bilər. Yoluxma tezliyinin intensiv olması, bu virusun uzun müddət davam edə biləcəyini düşünməyə əsas verir”.

Nərgiz LİFTİYEVA

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin