Anası “mamli – matan” olan oğula hansı qeyrətli kişi qız verər ki?!

0
181
“Heç vaxt xoşbəxt olmamışam. İnanmıram ki, bundan sonra da xoşbəxt olam. Xoşbəxtliyim ancaq övladlarım, sənətim və sağlamlığımdır. Mən ömrümü körpə yaşlarından yetim qalan övladlarıma fəda etdim. Gözəlliyimi, gəncliyimi, hər şeyimi övladlarıma qurban verdim”.
Bu sözləri müğənni və meyxanaçı Samirə Yusifqızı bu günlərdə “MTV maqazin” verilişinə müsahibəsində bildirib. Samirənin sözlərinə görə, onun həyatdakı ən ağrılı anı müğənniliyinin övladının xoşbəxtliyinin qarşısını kəsməsi olub:
“Oğlum bir qız sevirdi. Qərara gəldik ki, ailəsindən istəyib, razılıq alaq. Atası biləndə ki, mən müğənniyən, deyib: “Mən müğənniyə qız vermirəm”. Onda elə bil, məni götürüb göydən yerə çırpdılar”.
Yəqin, Samirə Yusifqızı elə bilir ki, adamın haqqında ictimai rəyi onun sənəti formalaşdırır. Xeyr, elə deyil. Bəyəm, bütün xanım müğənnilərin oğluna qız vermirlər? Bəyəm, Samirənin qızı ərə getməyib? Burda gələcək qudanın həyata baxışlarından çox şey asılıdır. Amma əsas məsələ müğənninin necə insan olmasıdır. Samirə əri öləndən sonra “Səhər – səhər” verilişində açıqlama verdi ki, ikinci dəfə ailə qurmaq niyyətindədir: “Oğlumun da, qızımın da ayrı evi var. Niyə ailə qurmayım ki? Bu o demək deyil ki, qadının kişisi olmalıdır. Yox, xanımın yanında qulaq yoldaşı olmalıdır. İndi ərə gedənlər məndən artıqdır ki? Camaat 60-65 yaşında ərə gedir, mənim hələ 50 yaşım yoxdur. Niyə də ailə qurmayım?”
Farslar demişkən, xob! Bu, onun halal haqqı, hüququdur. Bir müddət daha keçəndən sonra mətbuata verdiyi müsahibədə dedikləri isə müzakirələrə səbəb oldu. Lent.az-a açıqlama verən ifaçı bildirmişdi ki, imkanı olan evli kişi ilə sevgi münasibətinə “yox” deməz: “Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı. Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki… Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki… Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun”.
Bu sətirlərin müəllifinin subyektiv qənaəti budur ki, Samirə Yusifqızının oğluna anasının müğənni olduğuna görə deyil, “mamli – matan” olduğuna görə qız verməyiblər. “Mamli-matan” sözünü isə Samirəyə duet ortağı Oktay Kamil deyib. O ifadə işlədiləndə zalda olan bütün meyxana azarkeşləri sürəkli alqışlarla Oktaya əl çalıblar. Etiraf edək ki, qeyrəti olan hər qız atası anasına deyilmiş bu sözlə barışan oğulu özünə kürəkən seçməz.
Yeri gəlmişkən, Samirə oğlunun bütün bunlara münasibətini də açıqlayıb: “Oğlum özü bütün meyxanaçılar ilə dostdur. Mən Oqtayla verilişdən-verilişə, toydan-toya görüşürəmsə, oğlum hər gün görüşür. Oğlumla məndən daha yaxın dostdur”.
Pünhan Şükür
(“Dərkənar” qəzeti)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin