Amerikalı general: “Çin Avropadakı dəniz limanlarının 10 faizinə nəzarət edir, bu, qorxulu gəlişmədir”

0
470

ABŞ Silahlı qüvvələrinin Avropadakı komandanı Qoca qitənin idarəçilərini Çinin dəniz limanlarına qoyduğu milyardlarla investisiyalara və Rusiya sualtı qayıqlarının yüksək aktivliyinə görə xəbərdarlıq edib.

RealMedia.az “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, ABŞ Hərb-hava qüvvələrinin generalı, Birləşmiş Ştatların Avropadakı qoşunlarının, həmçinin NATO-nun Birləşmiş silahlı qüvvələrinin Avropadakı komandanı Tod Uolters Senatdakı çıxışında vəziyyətin olduqca ciddi olduğunu deyib.

“Çinin Avropanın gəmi nəqliyyatının 10 faizinə giriş və çıxışına nəzarət hüququ var. Bu, olduqca təşvişdoğurucu mənzərədir. Əgər siz hər hansı bir yerdə resursları qəbul etmək və nizamlamaq imkanına maliksinizsə, həmin qitədə sülh və təhlükəsizliyin təmin olunması baxımından real mühitə də təsir rıçaqlarını əlinizə keçirmiş olursunuz,-deyə amerikalı general söyləyib.

Tod Uolters senatorlara rəsmi Pekinin bütün Avropada limanların əksəriyyətində “iqtisadi çoxluğa malik olmaq üçün” investiya qoyduğunu bildirib. Buraya əsasən NATO-nun Belçika, İtaliya, Fransa və Yunanıstan kimi dövlətləri daxildir.

Generalın sözlərinə görə, avropalı müttəfiqlər Çinin iştirakının həcmindən və dərəcəsindən olduqca təəccüblənib, hətta narahatlığa düşüblər. “Bu, xüsusilə hərbi təlimlər zamanı özünü lap çox büruzə verir”,-deyə o qeyd edib.

Hərbi komandan Çinin “Huawei” şirkətinin yaymaq istədiyi “5G” kabelsiz texnologiyası ilə bağlı narahatlığını dilə gətirib. O, bu məsələni ötən həftə Münhendə keçirilən Beynəlxalq təhlükəsizlik konfransında müdafiə naziri Mark Esper, dövlət katibi Maykl Pompeo və NATO-nun baş katibi Yens Stoltenberqlə müzakirə etdiyini bildirib.

Tod Uolters “Huawei”in “5G” texnologiyalarının ABŞ-ın Avropadakı hərbçilərinin kəşfiyyat fəaliyyəti üçün təhdid törətdiyini vurğulayıb. “Şəbəkələrin müvafiq şəkildə müdafiəsi olmadan texniki və personal məlumatların yayılması təhlükəsi olduqca böyükdür”,-deyə o söyləyib.

Bundan başqa, general Uolters Rusiyanın sualtı qayıqlarının aktivliyindən irəli gələn təhdidlərin real olduğunu ifadə edib. O, məhz bu səbəbdən ABŞ Hərbi-dəniz qüvvələrinin Şimali Atlantikanın müdafiəsi üçün 2018-ci ildə İkinci donanma birləşməsini yaratdığını deyib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin