Agentlik sürücüləri şantaj edir? – “Fərdi məlumatları yaymaq doğru deyil”

0
121

Müğənni Ədalət Şükürovun Bakı Nəqliyyat Agentliyini tənqid etməsi dövlət qurumunun sərt reaksiyasına səbəb olub.

Müğənninin qaldırdığı problemi şərh etmək əvəzinə agentlik onun cərimələri ilə bağlı açıqlama yayıb. Bu, BNA-nın onu tənqid edənlərlə şantaj dilində danışması haqda ilk hal deyil. Bundan əvvəl də agentlik onu tənqid edən tanınmış şəxslər – məsələn Rəşad Məcid, Xeyrəddin Qoca haqqında bu tip açıqlamalar və görüntülər yaymışdı. Sanki uşaqlar kimi tərs psixolojiya ilə işləyən BNA növbəti dəfə də qaldırılan problemdən diqqəti yayındırır, problemi qaldıran şəxsin cərimələri ilə manipulyasiya edərək hədəfi dəyişməyə cəhd göstərir. Bu isə təbii ki, dövlətin nəqliyyat sahəsini etibar etdiyi bir qurum üçün arzuolunmaz yanaşmadır, mövcud narazılıqların həll olunmasına xidmət etmir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Sabah”a açıqlamasında problemin yaranma səbəbi və BNA-Ədalət Şükürov qalmaqalından danışıb:

“Ədalət Şükürov BNA ilə bağlı sərt, pul yığmaqla bağlı ittihamlar  səsləndirmişdi. Pul yığmaq da deyəndə, yəni cərimə yazmağı nəzərdə tutur. Cərimə yalnız qayda pozanlara tətbiq olunur.

Məhz 20 Yanvar dairəsi ilə bağlı son günlər yol polisi orada xidməti gücləndirib. Həmçinin, bu ərazidə BNA əməkdaşları və onların avtomobilləri də var, iş başındadırlar. Amma görünür, onlar mülki şəxs olduğuna görə, taksi sürücüləri onları saymır, onlara qarşı hətta fiziki təzyiq də göstərirlər. Buna görə də, artıq  yol polisi  məsələyə müdaxilə etməli oldu.

Artıq iki həftədən çoxdur ki, Bakı Şəhər Dövlət Yol Polisi orada mütəmadi olaraq, nəzarət həyata keçirir. Bu mütəmadi nəzarətdə öz nəticəsini verib, 20 Yanvar və Şamaxinka dairəsində demək olar ki, tıxac olmur.

Ədalət Şükürov da yəqin ki, hansısa pik saata düşüb, hansısa bir problemlə üzləşib, bunu dərhal bu formada təqdim etmək də düzgün deyil. Ola bilər ki, BNA-nın da hansısa nöqsanları var, mən demirəm ki, onların bütün işləri mükəmməldir. Amma məhz Ə.Şükürovla bağlı məlamatların yayılması qanunsuz hərəkət deyil. Bu məlumat şəxsi məlumat deyil, biznes məlumatı deyil, bu ictimai qayda pozuntusudur. Bunun şəxsi həyata heç bir aidiyyatı yoxdur.

Bundan əvvəl yol polisi də belə addımlar atırdı. Kütləvi qayda pozuntuları olan və cərimələri ödəməyən sürücülərin siyahısını yayırdı. Burada qəbahətli bir şey yoxdur. Hər halda BNA balaca qurum deyil. Orada savadsız insanlar yoxdur ki, dərk etmədən nəsə yazsınlar.

Əgər Ə.Şükürovun maşınının nömrəsini yaymaq qəbahətdirsə, onun maşınının yox, maşınlarının kolleksiyası “Google”da var.

Belə tanınmış şəxslərin qayda pozuntusu və buna qarşı mübarizə aparılanda da belə aqressiya nümayişi düzgün deyil. Şou-biznes sahəsindən sizə elə nümunələr göstərərəm ki, 2000-3000 manat cəriməsi var, amma ödəmirlər. Bu şəxslər özlərini imtiyazlı şəxslər hesab edirlər, bəzən özlərini haqlı da sayırlar. Ona görə ki, biz dövlət tədbirlərində konsert veririk, bu sizin borcunuzdu, səngərdə də konsert verməlisiniz. Bütün gün toylarda da pul qazanırsınız. Cəmiyyətdə yaxşı həyat sürən təbəqlərdən biri də elə şou-biznes nümayəndələridir. Bir iki şou-biznes nümayəndəsi var ki, onlar təhlükəsizlik kəmərindən istifadə edir, qayda pozuntusuna yol vermir”.

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, cərimələrlə bağlı məlumatların yayılması etik deyil: “Ümumiyyətlə dövlətə məxsus olan fərdi məlumatları yaymaq doğru deyil, qanuna ziddir.

Bəzən mən özüm də BNA-nı tənqid edirəm. Gərək ki, indi onlar da tənqiddən nəticə çıxarsınlar. BNA diqqət mərkəzində olan qurumlardan biridir, buna görə diqqətli olmalıdırlar”.

Sabrina Eldarqızı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin