Abşeronda ata-qızı qətlə yetirənə ömürlük cəza – Hökm

0
925

Abşeron rayonunda adam öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Sahib Hacıyevin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Sahib Hacıyev prokurorun çıxışı ilə razıllaşmayıb, barəsində ədalətli hökmün qəbul edilməsini istəyib.

Sahib Hacıyevin çıxışından sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Qısa müşavirədən qayıdan hakimlər hökmü elan ediblər.

Sahib Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 9-da Bakı-Şamaxı magistral yolunun 10-cu kilometrliyində, Sulutəpə dairəsində üzərlərində müxtəlif dərəcəli zorakılıq xəsarətlər olan kişi və qadın meyitləri aşkar edilməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb. Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxslərin Qaradağ rayonunun Müşfiq qəsəbə sakinləri – Allahverdi Əsədov və qızı Samirə Əsədova olmaları müəyyən edilib.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərində olan Sahib Hacıyev tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Sahib Hacıyev sentyabrın 9-da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə Allahverdi Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobili təqib etdikdən sonra Samirə Əsədovanın maşına oturmasının qarşısını almaq üçün avtomobilini Allahverdi Əsədovun avtomobilinin arxasına qəsdən vurub.

Sonra avtomobildə gəzdirdiyi mətbəx bıçağı ilə əvvəlcə Samirə Əsədovaya, sonra isə Allahverdi Əsədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk edib. Hər iki şəxs aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin