ABŞ – İran “döyüşü” başladı –Ruhani: “Düşmənsənsə, bıçaqla vurursan…”

0
2103

Avqustun 7-də gecəyarısından Birləşmiş Ştatların İrana sərt sanksiyalarının birinci hissəsi qüvvəyə minib. Bu arada Vaşinqtonla Tehran bir-birinə təhdidlər səsləndirməkdədir.

Sanksiyaların məqsədi İranın ABŞ dolları əldə etməsini dayandırmaq, İranın əsas sənaye sahələri üzrə ticarəti boğmaqdır.

Vaşinqton iranlıların artıq sanksiyalar nəticəsində iqtisadi problemlərlə üzləşdiyini iddia edir. ABŞ prezidenti Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndən sonra riyal dəyərinin yarıya qədərini itirib.

Nüvə sazişini “dəhşətli və birtərəfli” adlandıran, onun İranın nüvə bombası hazırlamasına aparan bütün yolları qapatmadığını deyən Tramp bir daha təklif edib ki, Tehran liderləri ilə daha yaxşı saziş üzrə birbaşa danışıqlar aparılsın.

“Rejimin məkrli fəaliyyətini, ballistik nüvə proqramını və terrorçuluğa dəstəyini əhatələyən məsələlər üzrə daha hərtərəfli saziş əldə olunmasına açığam”, – Tramp deyib.

Ancaq iranlı həmkarı Həsən Ruhani təklifi dərhal rədd edib, dövlət televiziyasında deyib ki, “bunun mənası yoxdur”.

“Düşmənsənsə, başqa birisini bıçaqla vurursan və daha sonra danışıqlar istədiyini deyirsənsə, birinci etməli olduğun şey bıçağı çıxarmaqdır”, – İran prezidenti bəyan edib.

Birləşmiş Ştatların nüvə sazişindən çıxmasına baxmayaraq, Ruhani İranın ona əməl edəcəyini bildirib. Nüvə sazişi Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona Avropa İttifaqı, Rusiya, Çin və digər böyük ticarət tərəfdaşlarının sanksiyaları yüngülləşdirməsini nəzərdə tuturdu.

“Sanksiyalara rəğmən sübut edəcəyik ki, sözümüzü tuturuq, beynəlxalq razılaşmalara sayqı göstəririk”, – o deyib.

İranın bu vədini Aİ alqışlayıb. Birlik Avropa şirkətlərini ABŞ sanksiyalarından qoruyacaq bloklayıcı qərar qəbul edib.

“İranla qanuni biznes quran avropalı iqtisadi operatorları qorumaqda qərarlıyıq”, – Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini deyib. Ancaq Avropa və Asiyanın yüzlərlə şirkəti artıq İran bazarından çıxdıqlarını açıqlayıblar.

Sanksiyaların bərpası bir müddətdir İranda gərginlik yaradıb. Son günlər milli valyutanın çöküşü, su çatışmazlığı, bahalanma, siyasi sistemdə korrupsiyaya etiraz olaraq müxtəlif şəhərlərdə aksiyaları başlanıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Trampın addımına qlobal reaksiya Tehranın deyil, Vaşinqtonun diplomatik baxımdan “təcrid” olunduğunu göstərib. Ancaq o, eyni zamanda sanksiyaların İran iqtisadiyyatında müəyyən pozuntu yarada biləcəyini də etiraf edib.

Sanksiyalar İranın qrafit, alüminium, polad, kömür, bəzi proqramlar idxalına da təsirini göstərir. İranın bəzi təyyarələr almasına da qadağa qoyulacaq.

Noyabrın 5-də qüvvəyə minəcək ikinci sanksiya dalğası isə İrandan neft satışını bloklayacaq. İranın neftinin əsas alıcıları olan Çin, Hindistan və Türkiyə Tehrandan neft alışını dayandırmaq istəmədiklərini açıqlayıblar.

(Azadlıq radiosu)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin