“5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy!” – deputatdan çağırış

0
153

Elman Məmmədov: “Çox təəssüf ki, Allah bizə belə qonşular qismət edib…”

“Azərbaycanda Qayıdış prosesi ilk deyil. Bu proses hələ 1994-95-ci illərdə oldu. Füzulinin Horadiz qəsəbəsi və xeyli kəndi işğaldan azad olundu və qayıdış prosesi reallaşdı. İkinci dəfə 2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya qayıdış məsələsi oldu. Yəni Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var”.

Deputat, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsini Milli Məclisdə təmsil edən Elman Məmmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, indi də hər şey dövlət başçısının nəzarəti altında, dövlət problemi səviyyəsində, xüsusi ciddi qrafiklə, rejimlə, xüsusi göstərişlərlə həyata keçirilməyə başlayıb: “Əslində xeyli müddətdir başlayıb, hələ müharibə getdiyi bir vaxtda bu proses başlamışdı. Müəyyən istiqamətdə yolların bərpasına, rabitə qurğularının istifadəyə verilməsinə, enerji təminatı və s. işlərə başlanmışdı. Ancaq bu işlər gərgin, müharibə dövrünə məxsus idi. İndi bu işlər daha sürətlə həyata keçirilir və keçiriləcək”.

Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı olmuş, həmçinin birinci Qarabağ müharibəsində iştirak etmiş E.Məmmədov qeyd etdi ki, qayıdış üçün ilk şərtlər məlumdur: “Düşmən məkrlidir, hiyləgərdir, çox murdardır. Məsələn, məlumatlar var ki, 28 illik işğal dövrü ərzində düşmən ölkəyə məxsus Atom Elektrik Stansiyasının radioaktiv tullantılarının Azərbaycanın müxtəlif ərazilərində basdırılıb. Çox təəssüf ki, Allah bizə belə qonşular qismət edib. Bizim istifadə etdiyimiz irili-xırdalı çayların, su mənbələrinin əksəriyyəti Ermənistan ərazisindən götürür. Yəni onlar su hövzələrinin başına nə oyunlar açıblar, işğal altında olmuş ərazilərimizdə olan bulaqlarımızı, kəhrizlərimizi, su quyularımızı, müxtəlif su mənbələrini necə çirkləndiriblər, zəhərləyiblər, hələ bilmək olmur. Həmçinin torpağın başına nə oyun açılıb, təbii ki, bunların hamısı araşdırılmalıdır. Bunlardan da əvvəlki ilkin şərt təhlükəsizliyin təmin olunmasıdır”.

Millət vəkili fikirlərini bir az da konkretləşdirdi: “Görürsünüz, bu günlərdə bizim Xocalı rayonunun yol idarəsinin işçisi minaya düşdü. Tez-tez mina partlayışları baş verir, hərbçilərimiz şəhid olur, yaralanır, müxtəlif ziyanlar dəyir. O məsələ mənim səlahiyyətimdə deyil, bəlkə də bu istiqamətdə işlər görülür. Düşməni məcbur etmək lazımdır ki, minalanmış ərazilərin xəritəsini təqdim etsin. Deyək ki, bizə vermək istəmirlərsə, heç olmasa dostları Rüstəm Muradova təqdim etsinlər. Ancaq bu da yoxdur.

Ona görə də ilk növbədə təhlükəsizlik məsələləri çox ciddidir. Hələlik müəyyən səbəblər ucbatından, xüsusilə də ərazimizdə vasitəçi rolunu oynayan sülhməramlıların dövləti bunu etməlidir. Burada onların üzərinə böyük məsuliyyət düşür. Hələ ki, təkcə Dağlıq Qarabağda olan cinayətkar separatçı rejim yox, hələ onların yalançı “Dağlıq Qarabağ ordusu”nun tör-töküntüləri, quldur dəstələri də ərazimizdə qalmaqdadır. Üstəgəl, hələ ki, keçmiş Ağdərə rayonu ərazisində, Xocavənd rayonunun bir hissəsində, Xocalı rayonunun ərazisində Ermənistan Müdafiə Nazirliyinin silahlı birləşmələrinin müəyyən hissəsi qalmaqda davam edir. Bunu gizlətmək lazım deyil. Çünki bunu sülhməramlılar da bilir, biz də bilirik ki, orda mövcuddurlar. Onların mövcudluğuna son qoymaq lazımdır. Onların zərərsizləşdirilməsi, ərazilərin onlardan təmizlənməsi, həmin qanunsuz dəstələrin, tör-töküntülərin silahsızlaşdırılması təhlükəsizliyin təminatı üçün çox vacib şərtlərdəndir”.
E.Məmmədov erməni terrorçularının bir ay-ay yarım ərzində neçə dəfə təxribatlar törətdiklərini də xatırlatdır: “Təbii ki, onlar məhv edildilər, ancaq biz də bunun müqabilində itki verdik. İndi ora dinc əhalinin qayıtmasının şərtlərindən biri də odur ki, əhalinin təhlükəsizliyi təmin olunsun, həmin bölgədəki silahlı quldur dəstələrinin, birləşmələrinin qalması əlavə problemlər, təhlükələr yaradır. Təbii ki, bu proseslərdən sonra bütün infrostruktur yaradılacaq. İcra orqanları gedib orda yerləşəcək, əhalinin qayıdışı başlayacaq. Şərait yaratmaq tez başa gələn bir şey deyil. Bunların hamısı xeyli vaxt aparan bir prosesdir. Yolların çəkilməsi, evlərin tikilməsi, elektrik enerjisi, qaz, rabitə təminatı məsələləri uzun zaman tələb edir. İlk növbədə isə söhbət təhlükəsizlik tədbirlərindən gedir. Bax, bunlar həyata keçiriləndən sonra əhalinin mütəşəkkil, kütləvi qayıdışı başlanacaq. Biz məcburi köçkünlər də 28 ildən artıq bir müddətdə çox həsrətlə gözləyirik ki, nə vaxt yurd-yuvamıza qayıdacağıq. Bu proses baş verəcək, olacaq, lakin bir az zamana ehtiyac var”.

E.Məmmədovun sözlərinə görə, üçtərəfli Moskva görüşü də bunu sübut etdi ki, irəliləyiş, inkişaf yavaş-yavaş gedir, sürətlənir: “Mən hesab edirəm ki, hələlik müəyyən məsələlərdə Azərbaycan haqlı olaraq çox kəskin hərəkət etmək istəmir. Deyək ki, düşmən tərəfə xəbərdarlıqlar edir, məsuliyyətli olmağa çağırış edir. Bir də vasitəçilik, sülhməramlılıq missiyasını öz üzərinə götürən dövlətdən hələlik gözləyirik ki, bunları etməlisən, et! 5 km-lik Laçın dəhlizi ilə bu cinayətkarlara ərzaq, silah-sursat daşınmasına son qoy! Yəni Azərbaycan ərazisində qalan o silahlı quldur dəstələrinin yeganə təminat yolu bu gün Laçın dəhlizi ilə həyata keçirilir. Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhəd hissəsinə də biz nəzarət etməliyik. Azərbaycanın sərhəd buraxılış məntəqəsi olmalıdır orda. Azərbaycan sərhədçisi, gömrüyü olmalıdır. Hələlik yoxdur. Hələlik yoxdursa, ordan kimin gəlib-getməsinə nəzarət etmək sülməramlıların vəzifəsidir. O gün məğlub olmuş dövlətin xarici işlər naziri Xankəndiyə gəlmişdi, ardınca da hərbi prokuroru gəldi. Hələ gəlib sülhməramlıları təltif də edib ki, sağ olun, bu quldur dəstələrinə yaxşı şərait yaradırsınız. Əgər bu qış günündə o təminat ordan kəsilsə, onların ərzaq təminatı, silah-sursat, ya tibbi təminat olmasa, orda necə qalıb fəaliyyət göstərə bilərlər? Heç cür, məhv olmalıdırlar o halda. Bu təminatı kəsmək üçün tədbirlər görülməlidir. Çox təəssüf ki, hələ ki, nə məqsədləsə sülhməramlılar bunu etmirlər. Yəqin ki, belə olan halda Azərbaycan özü bu işi görməyə məcbur olacaq. Necə ki, 27-28 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri yerinə yetirilmirdi, Azərbaycan ordusu 44 gündə o qətnamələri icra etdi. Eləcə də Azərbaycan bunu da edəcək. Çünki Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın bir gün səbri tükənəcək və razı olmayacaq ki, onun ərazisində hələ də terror, quldur dəstələri, başqa dövlətin silahlı qüvvələri yerləşsin. Buna son qoymaq üçün hesab edirəm ki, tədbirlərini görəcək”.

E.Paşasoy,
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin