5 hektar bazar ərazisinin 2 hektarı yanıb – VİDEO (YENİLƏNİB)

0
276

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, yağın söndürülüb:

“Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir”.

* * *

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə təyyarə cəlb olunub.

Bu barədə “Report”un ərazidə olan əməkdaşı məlumat verib.

* * *

Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əlavə məlumat veriləcək.

***

“Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb edilib, “Çağırış 3” elan olunub”.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

* * *

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Səhiyyə Nazirliyi də yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakıda səhər saatlarında ticarət obyektlərindən birində yanğın başlayıb.

APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Xırdalan dairəsinə yaxın ərazidə yerləşən “Eurohome” Ticarət Mərkəzində qeydə alınıb.

Qeyd edək ki, sözügedən ticarət mərkəzində əsasən inşaat materialları satılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin