3 milyonluq dələduzluq işi – insanlar necə tələyə salınıb…

0
61

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib. BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.

“Yeni Müsavat” xəbər verir ki, barəsində araşdırma aparılan qadının adı 2016-cı ildən bəri vətəndaşları aldatmaqda, onlardan işə düzəldəcəyi adı ilə külli miqdarda pul almaqda keçir. O, əvvəllər Həsənova soyadı ilə tanınsa da, sonradan Süleymanzadəyə çevirilib. Mətanət Zahir qızı Həsənovanın soyadını Süleymanzadəyə dəyişməsinin səbəbləri sırasında onun fəaliyyəti göstərilir.

Hazırda o, Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəridir. Qadın soyadını dəyişdiyi kimi şirkətlərinin adını, telefon nömrələrini də tez-tez dəyişməklə də ad çıxarıb. Hazırda o, işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır. M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib. Qeyd edək ki, M.Süleymanzadə bundan əvvəl “Topstaff” və “Macstaff” adlı şirkətlər yaradaraq dələduzluq edib. İndi isə “Mak Marin LTD” adlı şirkəti vasitəsilə insanları aldadıb, pullarını alıb. “Mak Marin LTD” şirkəti 01.05.2019 tarixində qeydiyyata alınıb. Qanuni təmsilçi olaraq Həsənova Mətanət Zahir qızı göstərilir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 36, mənzil 6 ünvanında qeydiyyata alınıb. Faktiki olaraq Əlyar Əliyev küçəsi 69 ünvanında fəaliyyət göstərirdi. “Yeni Müsavat” xəbər verir ki, hazırda soyadı Həsənovadan Süleymanzadəyə dəyişdirilən Mətanət Zahir qızı haqda 2016 və 2019-cu illərdə yazılar dərc etmişdik. “Yeni Müsavat”ın 17.04.2016-cı il tarixli sayında “Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?” sərlövhəli yazıda Mətanət Həsənovanın 1200 nəfərə yaxın vətəndaşı aldadaraq 2 milyon 800 min manata qədər pul almasından söhbət açılırdı. O vaxt Mətanət Həsənova özünü “Topstaff LTD” şirkətinin təsisçisi kimi təqdinm edirdi.

“Bakıda növbəti böyük fırıldaq – işə düzəlmək istədilər, işə düşdülər – təfərrüat” sərlövhəli yazı isə “Yeni Müsavat”ın 05.08.2019-cu il tarixli sayında dərc olunub. Həmin yazıda da Mətanət Həsənovanın eyni mahiyyətli əməllərindən söhbət açılırdı. Redaksiyamıza müraciət edən Şirvan şəhər sakini Bəxtiyar Məmmədov demişdi ki, Mətanət Həsənovanın onun kimi aldatdığı 500-ə yaxın vətəndaş var. Bu dəfə Mətanət Zahir qızı “Makstaff” şirkətinin təsisçisi olaraq adamlardan pul yığmışdı.

Əvəzində 500-ə yaxın vətəndaşı Balaxanı Maşınqayırma Zavoduna aparıb 15 günlük təlim keçmişdilər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin