119 saylı marşurut sürücüləri haqlarını tələb edir: Faiq Seyidovdan Prezidentə və anti-korrupsiya idarəsinə şikayət olundu – əmək haqları mənimsənilib…

0
205
RealMedia.az xəbər verir ki, 119 saylı marşrut xətti üzrə çalışan bir qrup sürücülər illərlə əmək haqqlarını ala bilmədikləri üçün Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokurlruluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət məktubu ünvanlayıblar. Həmin şəxslər müraciətin bir nüsxəsini də saytımızın elektron poçt ünvanına göndərilib.
“RealMedia.az” olaraq həmin şikayət ərizəsini olduğu kimi dərc edirik:
 
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova
“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin 119 saylı marşrut xətti üzrə çalışan bir qrup əməkdaşı: Həsənov Aqil Əlifağa oğlu (070 636 52 52), Quliyev Yunis Vaqif oğlu (055 990 58 25), Səfərov Elşən Rafiq oğlu (050 585 88 68, Şəmilov Elnur Namiq oğlu (055 207 58 14) tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
“Hörmətli cənab Prezident!
Biz Quliyev Yunis Vaqif oğlu 2013-cü ildən, Həsənov Aqil Əlifağa oğlu 2018-ci ildən, Səfərov Elşən Rafiq oğlu 2017-ci ildən, Şəmilov Elnur Namiq oğlu 2015-ci ildən əmək müqaviləsi əsasında “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin 119 saylı xətt marşrutunda işləyirik. Lakin 2018-ci ildən sonra hər birimizlə əmək müqaviləsi bağlanılmış, müvafiq olaraq əmək haqqı kartı açılmış, 269 manat əmək haqqı təyin edilmişdir. Lakin həmin vaxtdan bizə nə əmək haqqı, nə də əmək haqqı kartı verilməmişdir. Bizlərin bəziləri bu yaxında bu vəziyyətdən xəbər tutmuşdur və bu halın qanunsuz olduğunu bilmişik. Bununla əlaqədar biz müvafiq olaraq şirkətə müraciət etdik, lakin bizə bildiridi ki, sizə hansısa bir əmək haqqı verə bilmərik, hara istəyirsiniz şikayət edin.
Bildirək ki, bizim çalışdığımız marşrut xətti Abşeron rayonu Xırdalan şəhəri daxilindən Memar Əcəmi metrostansiyasına qədər sərnişinlərin daşınması ilə məşğuldur. Gündəlik iş rejimimiz səhər saat 6-nın yarısından başlayır və gecə saat 11-12-nin yarısınadək davam edir. Ölkəmizdə tətbiq olunan pandemiya ilə əlaqədar hal-hazırda şənbə və bazar günləri marşrut xətləri işləmir. Bundan başqa hər birimiz indiyədək gündəlik qazanca işləmişik, bəzilərimiz rəsmi maaş verilməsindən xəbərsiz olmuşdur. Nəzərə alsaq ki, yanacağın qiyməti artmışdır və bu da bu şərtlərlə işləməyimizdə çox çətinlik yaradır, cünki gündəlik qazancımızdan ən azı 70 manat yanacağa sərf edirik, 140 manat gündəlik plan veririk. Yaranan bu problemin aradan qaldırılması barədə müvafiq olaraq “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməyə məcbur olduq.
Mən Şəmilov Elnur şirkətin rəhbəri Faiq müəllimlə görüşdüm, məsələni ona bildirdim, həm plan, həm də əmək haqqı məsələsində yaranan problemləri izah etdim. Faiq müəllim çox kobud və qəzəbli şəkildə bildirdi ki, “get hara istəyirsən şikayət et, mənim heç kimdən qorxum yoxdur, mənimlə problem yaradana mən problem yaradaram”.
Bizlərin hüquqi savadı yoxdur. İndiyədək hüquqlarımızı tələb etməmişik ona görə ki, işlədiyimiz şirkət bizə əmək haqqı kartlarını təqdim etməyib. Amma bu kartlara indiyədək maaş da yüklənməyib. Sual olunur: “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti indiyədək vergi hesabatı verməyibmi? Bəs bu hesabat verilibsə, hansı səbəbdən müəyyən olunmayıb ki, 45 nəfərə yaxın sürücünün əmək haqqı karta köçürülməyib? Hətta pandemiya dövründə dövlət tərəfindən işçilərə verilən yardımlar da şirkət tərəfindən bizə ödənilmədi. Görünür ki, burada çox ciddi korrupsiya halları müşahidə olunur və vergidən yayınma halları da var.
Cənab Prezident, bildirək ki, bizlərin hər biri ailə başçısıdır. Pandemiya vəziyyəti ilə əlaqədar dolanışığımız çox çətindir. Növbə əsasında bir gündən bir işə çıxırıq və qazancımız maksimum 15-20 manatdır. Bununla ailə dolandırmaq çox çətindir. Ona görə də ciddi qanun pozuntusu ilə müşahidə olunan bu halların aradan qaldırılması üçün Sizə müraciət etməli olduq. Çünki Siz hər zaman yüksək vəzifəli məmurlara tapşırıqlar verirsiniz ki, əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunsun, işçilərin qanunla müəyyən olunmuş hüquqları təmin edilsin. Amma bu gün Bakı şəhərində çoxsaylı marşrut xətlərinə nəzarət edən “Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətində işçilərin əmək hüquqları kobud şəkildə pozulur, bütün məsuliyyət çiyinlərində olan, gecə-gündüz çalışan, 8 saatlıq iş rejimindən də artıq işləyən (16-18 saat) sürücülərin haqları tapdanır. Biz həm avtobusların sazlığına nəzarət etməli, həm gündəlik 140 manat plan ödəməli, 70 manat yanacağa sərf etməliyik. Biz sadə sürücülər nə qədər qazanc əldə etməliyik ki, bu qədər problemləri həll edə bilək?
Cənab Prezident!
119 saylı xətt marşrutunun çoxsaylı sürücüləri adından Sizdən xahiş edirik ki, bu qanun pozuntuları araşdırmaq üçün həm Baş Prokuror yanında Korrupsiyaya
qarşı Mübarizə İdarəsində, həm Dövlət Vergi Xidmətində və digər aidiyyəti orqanlarda komissiya təşkil edilsin, bizimlə əmək müqaviləsi bağlanan gündən əmək haqqlarımız hesablanaraq birdəfəlik ödənilsin. Çünki hüquqlarımız kobud şəkildə pozulduğu üçün biz artıq bu xəttə çalışmaq istəmirik və əmək haqlarımızı alaraq öz işimizə xitam vermək niyyətindəyik.
Təcili və ciddi tədbirlər görülməsini xahiş edirik!
Həsənov Aqil Əlifağa oğlu
Quliyev Yunis Vaqif oğlu
Səfərov Elşən Rafiq oğlu
Şəmilov Elnur Namiq oğlu”
RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin