Qərb Azərbaycanı itirir – ARAŞDIRMA

0
669

Haqqın.az saytında Eynulla Fətullayev “Qərb Azərbaycanı itirir” başlıqlı yeni araşdırma yazısı ilə çıxış edib.

Yazıda deyilir ki, yeni tarix, praktiki olaraq, tarixin qanunauyğun inkişafını pozub. “Biz ağlasığmaz tarixi prosesin şahidləriyik: xalqların böyük köçü, bütün planet üzrə lokal müharibələr, Avropa demokratiyasının qalib gəldiyi ölkələrdə millətçi-vətənpərvərliyin bərpası… Nəhayət, başlıca nəticə – dünya siyasətinin ideologiyadan məhrum edilməsi. Sanki bəşəriyyət Oktyabr inqilabı dövrünə qayıdıb. Müasir dünya Birinci dünya müharibəsinə gətirib çıxarmış istehlak bazarları uğrunda vəhşi savaşı xatırladır. O zaman dövlətləri və xalqları formasiya, yaxud sivil davranışlar deyil, elementar işğalçı psixologiya, işğalçı siyasət, zəbt etmək yanğısı idarə edirdi”, – müəllif yazır.

E.Fətullayev qeyd edir ki, iki dünya müharibəsindən sonrakı proseslər 1991-ci ildə liberalizmin mütləq qələbəsi ilə yekunlaşdı. O vaxt kim düşünə bilərdi ki, dünyanın bütün paytaxtlarında – Praqada, Moskvada, Santyaqoda və hətta Cənubi Afrika şəhərlərində dəyərlərin təntənəsi uğrunda insanlar özlərini tankların altına atırdılarsa, bir müddət sonra dünya yenidən müstəmləkəçilik və nifrət dolu heyvani instinktlərə qədər tənəzzül edəcək.

“Burjua demokratiyası dövrünün ideologiyaları məhv olub və dağılıb. Nə liberalizmə, nə sosializmə, nə də kommunizmə inam qalmayıb. Smartfon erasının insanları parovoz dövrünün dəyərlərinə qayıdıblar ki, bu da müstəmləkəçiliyə yol açır. Hər şeyi özünə ram edən bazar qalibdir. İnam? O qalıb. Lakin insan düşüncəsinə deyil, sadəcə, fövqəlşüura olan eklektik inam qalmaqdadır”, – müəllif bildirir.

Nə parovoz dövrü? Bəşəriyyət sanki ölkələri və bu ölkələrdə yaşayan xalqları dövlət sərhədləri əvəzinə (bu məfhum qloballaşmanın qurbanı olub!) kilsənin və məscidlərin bölüşdürdüyü tampliyerlər dövrünə qayıdıb. Bəli, insanlar yenə də tankların altına atılırlar. Lakin bu, liberal azadlıqlar, demokratiyanın və ya kommunizmin qələbəsi naminə deyil, ali şüurun timsalı olan liderlər naminə edilir…

Türkiyə Rusiyaya yan alır

Beləcə, iyulun 15-i gecəsi tarixin özü qədər qədim neoosman İstanbulunda insanlar tankların altına atılırdılar. Milyonlarla insanın etirazına tuş gəlmiş hərbi xunta Türkiyə ilə Qərbin münasibətlərində suayrıcı rolunu oynadı. Qiyam baş tutmadı. Qalib gəlmiş vətəndaş hakimiyyəti Qərbi və Vaşinqtonu açıq şəkildə dövlət çevrilişinin təşkilində suçladı.

Eynulla Fətullayev yazır ki, Ərdoğan Türkiyəsi, ölkənin siyasi səhnəsini gülənçi və amerikayönlü generallardan təmizləyərək, özünün tarixi müttəfiqini – Vaşinqtonu günahlandırdı. Ərdoğan terrorçuluqda ittiham etdiyi islamçı fanatik Fətullah Gülənin təhvil verilməsini tələb etdi. Qərb isə nəinki Ərdoğanı dəstəkləmədi, nəinki vətənində dayaqlarını itirmiş və artıq heç kimə lazım olmayan Güləni təhvil vermədi, əksinə, diktatorluğa meyldə günahlandırdığı Ərdoğana qarşı genişmiqyaslı kampaniyaya başladı.

Vaşinqton və onun avropalı müttəfiqləri təəssüf edirlər ki, qiyam acı məğlubiyyətə uğradı. 15 iyul yeni başlanğıc nöqtəsidir. Qərblə Türkiyə arasında uçurum dərinləşəcək. Bunu dərk edən Ərdoğan fürsəti fövtə verməyərək, Rusiya ilə münasibətləri bərpa edir. Və Türkiyənin ifasında bu kəskin geosiyasi fənd regionun simasını xeyli dəyişib.

Azərbaycan nə etsin?

Müəllif qeyd edir ki, regionda yenidən çox mürəkkəb və gərgin geosiyasi vəziyyət bərqərar olub. Əlbəttə ki, aparıcı regional dövlətlərin daxilində baş verən istənilən siyasi kəskinləşmə dövlətimizin taleyində öz əksini tapır. Azərbaycan hökuməti özünü necə aparacaq? Bu sual durmadan okeanın o tayındakı, Rusiyadakı və təbii ki, Türkiyədəki ekspertlərin dilindən düşmür.

Aydındır ki, buna bənzər tarixi sınaqlar zamanı olduğu kimi, Azərbaycan Türkiyəni dəstəklədi və Bakıda hələ 2013-cü ildə dayaqları sarsıdılmış və Azərbaycanda güclü kök salmağa macal tapmamış gülənçilik yuvalarına ildırımsürətli hücum başladı. Ölkənin kütləvi informasiya vasitələri hər gün gülənçi institutlarla əhatəli sistemli mübarizənin gedişatı ilə bağlı yeni xəbərlər yayımlayırlar. Nurçuların təmizlənməsi prosesi bütün sahələri və institutları əhatə edib.

Qərb Azərbaycanı itirir

Asanlıqla güman etmək olar ki, amerikan strateqlərinin düşüncələrinə görə, etnosiyasi şiəliyin təsir dairəsini sıxışdırıb çıxarmalı olan siyasi gülənçiliyin genişlənməsinə ümid bəsləyən Vaşinqton buna kifayət qədər qeyri-adekvat reaksiya verəcək. Lakin Azərbaycan gülənçiliyi atəşə verdi. O yoxdur, o aradan çıxır. Amerikalı strateqlərin narazılığı onların simasından asanca oxunur.

Qərb Azərbaycanı itirir

İlham Əliyev Salberinini qəbul edir

Türkiyə Qərblə son əlaqələri kəsməkdədir. Azərbaycanla Qərb arasında isə vur-tut sərin meh əsib. Azərbaycanın xarici siyasətində, ölkə hakimiyyətinin yürütdüyü siyasətin fəlsəfəsində olduğu kimi, izafi sentimentallığa yer yoxdur. Dövlət maraqlarından irəli gələn dəmir, əyilməz praqmatizm – nə az, nə çox. Ola bilsin ki, Qərb bu qədər maddi vəsait və güc sərf etdiyi gülənçilik platformasının Bakıdakı süqutundan narazıdır, lakin Azərbaycan hakimiyyəti bu gizli narazılığı sanki görməməyə çalışır.

Avqustun 11-də prezident İlham Əliyevlə Avropa Birliyinin xüsusi nümayəndəsi Herbert Salberini arasında çox vacib görüş keçirilib.

Qərb Azərbaycanı itirir

Görüşün gündəliyində yenidən “Köhnə dünya”ya alternativ qaz dəhlizi strateji layihəsi idi – TANAP-ın tikintisi sona çatmaq üzrədir. Şübhəsiz ki, Heydər Əliyevin rəhbərliyi və onun energetik doktrinasının həyata keçirildiyi dövrdən başlayaraq, Azərbaycan Qərblə münasibətlərinə böyük diqqətlə yanaşıb. Lakin Qərb Azərbaycanla sona kimi səmimi deyildi. Sual vermək olar – böyük siyasətdə səmimilik nədir?

Qərb Azərbaycanı özünün strateji müttəfiqi elan edir, Azərbaycan isə, öz növbəsində, geosiyasi riskləri nəzərə almadan – ABŞ-la qlobal münaqişəyə girişmiş üç superdövlətin əhatəsində – Qərbun müttəfiqi rolunu öz üzərinə götürür, energetika və kommunikasiya sahələrində həyati vacib qlobal layihələri həyata keçirir. Başqa sözlə desək, Azərbaycan şüurlu şəkildə özünü qanunauyğun siyasi zərbələr altında qoyur. Bəs Qərb bu cür fədakarlığa nə ilə cavab verir? Kifayət qədər özünəməxsus tərzdə: ən radikal gücləri hər cür dəstəkləyərək və özünün ən ümdə arzusunu – mövcud hakimiyyəti devirmək arzusunu gizlətmədən!

Soruşan gərək, hakimiyyətin dəyişikliyinə istiqamətlənmiş layihələrin maliyyələşdirilməsini Qərb necə izah edir? Bir tərəfdən, Qərb liderləri Azərbaycanın dayanıqlı inkişafında maraqlı olduqlarını durmadan təkrarlayırlar. Energetika və təhlükəsizliklə bir arada stabillik – Qərbin Azərbaycana yönəlik yürütdüyü siyasətin ən çox dilə gətirilən amillərindəndir.

Qərb Azərbaycanı itirir

Bəs Qərbə Azərbaycanda nə lazımdır?

Bu cür vəziyyətdə inqilablara, güzəştsiz və qeyri-legitim mübarizəyə, prezidenti devirməyə səsləyən dağıdıcı siyasi institutların açıq-aşkar gücləndirilməsi arzusunu necə izah edəsən? Əgər Qərb stabillikdə maraqlıdırsa, hazırkı hakimiyyəti ölkədə sistemli stabilliyin qarantı kimi dəstəkləməyə borcludur. Hakimiyyət bunu əsrin dörddə biri ərzində sübut edib. Məhz stabillik imkan verib ki, regionda Qərbin iqtisadi maraqlarını təşkil edən meqaenergetik və meqanəqliyyat layihələri fəaliyyət göstərsin.

Güclə sezilən və Qərb tərəfindən maliyyələşən etirazçı elektoratı mütəmadi olaraq güclü hakimiyyətlə müharibəyə ruhlandıran qüvvələr nə təklif edirlər? Ən yaxşı halda, onlar ölkəyə Ukrayna ssenarisini, ən pis halda isə Suriya ssenarisini təklif edirlər. Hətta Ukrayna ssenarisi həyata keçirilsə belə, Azərbaycanın başına nələr gələcək? Əgər Qərb Rusiyanın hərbi armadasının Bakı ətrafında hərəkətini izləmək arzusundadırsa, sual etmək yerinə düşür – Qərb bu ölkəyə xoş niyyətləmi yanaşır?

Əgər arzu edirsə, nəyə görə bir kabinetdə prezident İlham Əliyevin əlini sıxaraq ona hərtərəfli dəstəyini bildirir, digər kabinetlərdə isə gözəl Bakını Dəməşq uçqunlarına çevirməyə səsləyən MeydanTV-ni maliyyələşdirir? Axı bu TV hökumət, yaxud hökumət yönümlü Qərb fondları tərəfindən maliyyələşdirilir və biz bu barədə araşdırmalarımızda dəfələrlə qeyd etmişik. Məgər USAID, NED, EED və digər institutlar “inqilabi yalan” orqanlarını maliyyələşdirmirlər? Belə olan halda Qərbə Azərbaycanda nə lazımdır – stabillik, yoxsa Dəməşqin qaynar qazanı?

Qərb Azərbaycanı itirir

Göründüyü kimi, Qərbə Azərbaycanda Dəməşq qazanı lazımdır, stabil ölkədə stabil hakimiyyətin dayaqlarını laxlatmaq niyyətlərini gizlətməyən inqilabi yönümlü təşkilatlara yeni-yeni maliyyə dəstəklərini başqa nə cür izah edəsən? Budur, lap yeni bir nümunə.

2015-ci ildə elə həmin NED fondu – ABŞ-ın hakim Demokrat partiyasının rəsmi donor institutu Azərbaycanın müxalif QHT-lərinə 1 milyon dollardan artıq vəsait ayırıb. Yaxşı, tutaq ki, amerikalılar yenə də utancverici demokratiyanı xatırladan sevimli və ehtirtaslı “əncir yarpağı” ilə qapanmaq istəyiblər. Bəli-bəli, söhbət dəyərlərdən və liberalizmdən və əlbəttə ki, ağıla gələn və gəlməyən insan hüquqlarından gedir. Bəs nəyə görə, belə olan halda, Amerika fondu qrant yardımı almış QHT-lərin siyahısını təqdim etməkdən imtina edir? Nəyə görə Ermənistan və Gürcüstan hökumətlərinə belə məlumatlar verilir, Azərbaycan hökumətinə isə imtina edilərək, okeanın o tayından maliyyələşən təşkilatların adları gizlədilir? Əgər hər şey belə təmiz, ədalətli və qərəzsizdirsə, nə və niyə gizlədilir?

Bəs təmiz müttəfiq münasibətləri barədə bəyanatlar harda qaldı? Yenə boş sözlərdən başqa bir şey deyil? Yoxsa söhbət yeni xəyanətdən gedir? Axı aydın məsələdir ki, bu pullar da Azərbaycan hökumətinin əleyhinə yeni təşviqat kampaniyalarına xərclənəcək. Belə bir acı təcrübəmiz var – Qərblə müttəfiq hökumətin nüfuzdan salınması üzrə əvvəlki layihələri yada salaq – Sing for Democracy, Sing for Rights, Civic Solidarity Platform və Vaşinqtonda hazırlanmış bir çox başqa açıq-aşkar düşmən əməliyyatları.

Qərb Azərbaycanı itirir

Digər tərəfdən, Qərb tez-tez Azərbaycan hökuməti ilə gəldiyi centlmensayağı razılaşmaları pozur. Bu da sizə konkret bir misal. Törətdiyi cinayət əməllərinə baxmayaraq, rəsmi Bakı bir Qərb hökumətinin çoxsaylı xahişlərindən sonra müxalifətçi Emin Hüseynovu ölkədən buraxmağa razılıq verdi. Bəs cavabı nə oldu? E.Hüseynov Azərbaycan əleyhinə işləməkdə davam edir. İndi də İsveçrədə, Qərbin pullarına!

Qərb Azərbaycanı itirir

Qərb üçün mövcud status-kvodan qaynaqlanan stabillik belə qiymətlidirsə, okeanın o tayından təməli qoyulmuş REAL-ın lideri İlqar Məmmədov kimi nüfuz agentlərininin əli ilə vəziyyəti daxildən laxlatmaq nəyə lazımdır? Onu Qalifaksdakı hərbi bazaya kim dəvət etmişdi? İnqilabi işin uğuruna onu kim inandırmışdı? Vaşinqtonun məkrli məmurlarının kabinetlərində onu kim təlimatlandırmışdı? Doğrudanmı, Vaşinqtondakılar belə sadəlövhdürlər və güman etmirlər ki, Bakıda ən radikal və son dərəcə ümidsiz təşkilat olan REAL-ın maliyyələşmə mexanizmi çoxdan ifşa olunub? Axı rəsmi Bakıya məlumdur ki, İlqar Məmədovun müavinləri – Natiq Cəfərlinin və Azər Qasımlının hesablarına pullar haradan daxil olub. Məgər Dövlət Departamentinin məmurlarının Cəfərlinin sosial şəbəkələrdəki çağırışlarından xəbərləri yoxdur?

Qərb Azərbaycanı itirir

Məlumdursa, pullar niyə göndərilirdi? Bu çağırışları həyata keçirmək üçünmü? Axı REAL-ın kassasının doldurulması üçün böyük subsidiyalar məhz həmin NED fondundan daxil olub. Bu vəsaitlər hansı məqsədi güdürdü? Bu barədə çox tezliklə Azərbaycan ictimaiyyətinə məlumat verəcəyik!

Qərb Azərbaycanı itirir

Vaşinqtonu Bakıdan nə ayırır?

Müəllif məqalədə Vaşinqtonla Bakını ayıran məqamlara diqqəti cəlb edir. Yazır ki, Vaşinqtonun inandığına görə, əgər geosiyasi maraqlar və dəmir praqmatizm Amerika ilə Azərbaycanı birləşdirirsə, dəyərlər və demokratiyaya münasibət, əksinə, hökumətlər arasında dərin uçurum yaradır.

“Ola bilsin, bu belədir. Lakin Timoti Rassel, Malissa Uilyams, Qreqori Lava, Erik Qarner və bir çox digər afroamerikalıların ağdərili amerikalı mülkədarlar tərəfindən ancaq dərilərinin rənginə görə güllələnməsi demokratiyadırsa, o zaman bizi doğrudan da dərin uçurum ayırır. Əgər qiyam qaldırmış Fergüsonda axıdılan qanlar demokratiyanın təntənəsidirsə, qoy bizim aramızdakı bu uçurum qalsın. Quantanamoda və Mərkəzi Kəşfiyyat İdarəsinin digər məxfi həbsxanalarında işgəncələr, telefonların kütləvi dinləninlməsinin leqallaşdırılması, sosial şəbəkə istiadəçilərinin izlənilməsi, Snoudenin, Assanjın açıqladıqları və bir çox digərləri söz azadlığının qələbəsidirsə, bizi təbii ki, dərin uçurum ayırmalıdır”, – E.Fətullayev yazır.

Qərb Azərbaycanı itirir
Qərb Azərbaycanı itirir

Məqalədə Amerikanın demokratiya illüziyalarına uyan dövlətlərin indiki aqibəti qabardılır. Bunlar ərazilərinin bir hissəsini itirən Ukrayna, acınacaqlı vəziyyətə düşən Moldova, bir vaxtlar siyasi vesternizmin hökm sürdüyü, indi isə Qərb sivilizasiyanın hüdudlarından kənarda öz xilas yolunu axtarmağa çalışan Gürcüstan və Türkiyədir.

“Ərəb baharı niyə qanda boğuldu? Və Misir generalları Qahirədə silahsız kütləni güllələdəndə amerikalılar demokratiyanı niyə yada salmadılar? Vaşinqtonun bir vaxtlar strateji tərəfdaşları hesab olunan Hüsnü Mübarəkin, Pərviz Müşərrəfin, Mixail Saakaşvilinin axırı necə oldu? Bəs legitim seçilmiş prezident Mursinin müdafiəsinə çağıran səslər hanı?”, – müəllif Amerika siyasətinin ikiüzlülüyünə dair sualları davam etdirir.

Qərb Azərbaycanı itirir

Məqalədə deyilir ki, Vaşinqton Azərbaycanın üzünə nə qədər gülümsəsə də, onu öz niyyətinin səmimiliyinə nə qədər inandırmağa çalışsa da, bu təbəssümdə ikiüzlülüyü, hiyləni görməmək mümkün deyil. Dillə bir şey deyirlər, gözlərlə başqa şey, düşüncələrində isə tam ayrı niyyətdədirlər… Əsl şeytansayağı!

“Sual olunur, nəyə görə artıq keçmişdə qalmış 2013-cü ildə İsmayıllı rayonunda bir qrup etirazçı ilə polis arasında kiçikmiqyaslı, lokal toqquşmadan sonra Vaşinqtonun eyhamlarından ruhlanan Qərb institutları Azərbaycan hökumətinə qarşı misli görünməmiş yalan kampaniyasına başladılar? Ancaq Yerevanın mərkəzindəki vətəndaş müharibəsinə, bütün Ermənistanı bürüyən total repressiyalara göz yumdular? Axı “Sasna Tsrer” qrupunun qiyamına görə erməni polisi misli görünməmiş əcinnə ovuna çıxdı və həbsxanaları hakimiyyətdən fərqli düşünənlərlə doldurdu”, – müəllif yazır.

Qərb Azərbaycanı itirir

Qərbin ikiüzlülüyü haqda misalları davam etdirən E.Fətullayev xatırladır ki, Yerevanda müxalif “İrs” partiyasının az qala bütün liderlərini dəmir barmaqlıqlar arxasına atdılar, Bakıda isə təkcə İlqar Məmmədov həbsdədir. Ancaq Ermənistanı nə sanksiyalarla hədələyən var, nə ultimatum verən, nə xəbərdarlıq edən.

Müəllifə görə, əgər əvvəllər bu ikili yanaşmanı anlaşılmazlıq, müəyyən lobbi qruplarının fəaliyyəti ilə izah etmək mümkün idisə, indi artıq insanların deyil, bütöv xalqların hüquqlarının total şəkildə tapdalanmasına, Ermənistandakı və Yaxın Şərqdəki qanlı psixoza azadlıqsevər Vaşinqtonun neytral qalması rəsmi Bakıya qarşı hansısa epizodik eksseslərə görə açıq-aşkar hücumların fonunda, hansı ki, bu eksseslər suveren dövlətin amerikalıların sözdə önəm verdiyi stabilliyi müdafiə etməsinə görə baş vermişdi, yeganə qənaəti ortaya qoyur: Azərbaycana qarşı düşmənçilik ABŞ hökumətinin düşünülmüş siyasətidir. Əks halda, oxşar problemlərə fərqli yanaşmaları necə və nə ilə izah edəsən?

Qərb Azərbaycanı itirir

Ərdoğanın məsləhəti

Məqalədə deyildiyinə görə, olduqca mötəbər mənbələr bildiriblər ki, Qərbin, xüsusən Vaşinqtonun Fətullah Gülənə açıq dəstək verən məkrli siyasətindən sonra Türkiyə hökuməti rəsmi Bakıya ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə yenidən baxmağı tövsiyə edib.

“Bəs Azərbaycan hökuməti necə hərəkət edəcək? Hakimiyyətin sonrakı addımlarının necə olacağını proqnozlaşdırmaq çətindir. Lakin belə görünür ki, prezident İlham Əliyev Qərblə strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir. Ancaq görünən odur ki, Qərb yenə də stabilliyi pozmağı hədəfləyən antihökumət qüvvələrini maliyyələşdirməkdə və möhkəmləndirməkdə davam edəcəksə, hakimiyyətin Qərblə münasibətlərə yenidən baxmaqdan başqa yolu qalmayacaq”, – məqalədə deyilir.

Qərb Azərbaycanı itirir

Müəllifə görə, 25 ildə ilk dəfə Qərb hər şey etdi ki, Azərbaycanı itirsin. Özü də prezident İlham Əliyevin Vaşinqtona son uğurlu səfərindən, vitse-prezident Cozef Baydenlə və dövlət katibi Con Kerri ilə strateji danışıqlarından sonra. Hansı ki, həmin səfər zamanı tərəfdaşlığın inkişafı və geosiyasi əhəmiyyət daşıyan yeni iqtisadi layihələr üçün möhkəm təməl qoyulmuşdu.

“Şübhəsiz ki, ABŞ kimi qüdrətli dövlət Azərbaycan üçün yüksək əhəmiyyət kəsb edir. Lakin ABŞ da Azərbaycanla qiymətli tərəfdaşlığa dırnaqarası baxmalı deyil. Regionda baş verən son hadisələr, regional təhlükəsizlik sisteminin yenidən formatlanması, yeni geosiyasi ittifaqların və blokların meydana çıxması regionda qüvvələr nisbətini ciddi dəyişə bilər. Və əgər Qərb Azərbaycanı küncə sıxmaqda davam etsə, görünən budur ki, Bakının regional qüvvələrlə və bloklarla inteqrasiyaya getməkdən başqa yolu olmayacaq”, – məqalədə vurğulanır.

Müəllif Azərbaycanın Rusiya və İranla üçlü ittifaqının yeni real cizgilər qazandığını, Rusiya-Türkiyə yeni geosiyasi oxunun möhkəmləndiyini qeyd edir. Və bildirir ki, bu geosiyasi inqilab özündə Rusiya, İran, Türkiyə, Gürcüstan və Qazaxıstanı birləşdirən yeni müttəfiqlik blokunun formalaşması ilə yekunlaşa bilər.

“Bu geosiyasi inqilabın baş verməsindən sonra kim daha çox ziyan çəkəcək? Dəqiqdir ki, Azərbaycan deyil! Doğrudanmı Qərb başa düşmür ki, Azərbaycanı itirə bilər?” – müəllif məqaləsini bu sualla yekunlaşdırır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin