Hakim partiyanın başqan yardımçısı Mehmet Yüksektepe: “Türkiyədə yeni siyasi dönəm başlayıb”
Türkiyənin hakim partiyası özünün 3-cü qurultayına hazırlaşır. AK Partiyanın 21 may tarixində keçiriləcək qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən partiyaya genəl başqan seçilməsi gözlənilir. “Yeni Müsavat”ın və müsavat.com saytının Ankaradakı müxbiri Türkiyə mediasının “Dönüş Qurultayı” adlandırdığı 3-cü qurultaya əsas məsul olan sima – AK Partinin təşkilatlanmadan sorumlu başqan müavini Mehmet Yüksektepe ilə görüşüb. Ona bütün Türkiyənin, hətta bir sıra dünya dövlətlərinin gözünü dikdiyi bu böyük siyasi hadisənin təşkilati işləri həvalə edilib. M. Yüksəktəpə ilə görüşə getmədən öncə Türkiyə mətbuatında barəsində çıxan son xəbərləri də oxumuşduq. Türk mediası onun barəsində “Mehmet Yüksektepe’ye Önemli Görev!”, “Mehmet Yüksektepe, Erdoğan’ın Ak Parti’ye döneceği kongreyi idare edecek”, – kimi başlıqlar altında xəbərlər yayıb.
Prezident Ərdoğanı AK Partiyaya döndərəcək qurultayın bütün hazırlıqlarına və idarə edilməsinə məsul olan bir şəxsin, gərgin iş atmosferinə rəğmən, “Yeni Müsavat” qəzetinin və musavat.com saytının təmsilçisi ilə söhbətə vaxt ayırması Azərbaycana olan sayğının nəticəsi idi. M. Yüksektepe söhbətə başlarkən, dedi:
– 16 aprel referendumu ilə birlikdə Türkiyədə yeni siyasi dönəm başlayıb. Bu, son 100 ilin ən mühüm siyasi hadisələrindən biri idi. Referendum nəticəsində cənab prezidentin hər hansı bir siyasi partiyanın üzvü olmasına qoyulan məhdudiyyət də aradan qalxmış oldu. Bu dəyişikliyi xalqımız da təsdiqlədi və nəticə etibarı ilə mayın 1-də partiyamızın Mərkəzi İdarə Heyətinin toplantısı keçirildi. Burada 3-cü növbədənkənar qurultayın keçirilməsi haqda qərar qəbul etdik. Bu çərçivədə eyni zamanda partiyamızın qurucu lideri, uzun müddət partiyaya rəhbərlik etmiş Rəcəb Tayyib Ərdoğanın mayın 2-də verilən qərarla yenidən partiyanın qurucu lideri və üzvü olaraq təsdiqlənməsi baş verdi. Bu hadisə partiyanın təşkilat şöbəsi olaraq bizim üçün xüsusi hadisə idi. Bu prosesdə çox ümidli və sevincliyik, inşallah bu sevincimizi mayın 21-də keçirilən qurultayda möhkəmləndirəcəyik.
“Türk Dünyası və İslam aləmindəki könül dostlarımızın mənfəətlərini nəzərə alan siyasət kursu davam etdiriləcək” |
Biz bu qurultayı bir demokratiya bayramına çevirəcəyik. Qurultayda 100 minə yaxın insanın iştirak edəcəyini gözləyirik. Artıq bununla bağlı planımızı hazırlamışıq və bu istiqamətdə fəaliyyətlərimizi qüsursuz şəkildə davam etdiririk. Partiya üzvlərimizi, tərəfdarlarımızı Ankaraya dəvət etmişik, 1500-ə yaxın avtobus hazırlanıb, Türkiyənin müxtəlif yerlərindən tərəfdarlarmızı, AK Partiya sevənləri Ankaraya gətirəcək. Bundan başqa, ictimai təşkilatların nümayəndələri, Ankarada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, siyasi partiyalardan qonaqlarımız olacaq. Təxminən 150 nəfərlik qrupumuzla bütün bu təşkilati prosesləri, günbəgün, saatbasaat görüləcək işlərin qrafikini hazırlayaraq yerinə yetirməkdəyik.
Bu heyət daha əvvəl 2-ci növbədənkənar qurultayın hazırlığını uğurla həyata keçirib. Biz partiya olaraq mitinq, tədbir, toplantılar keçirməklə bağlı ciddi təcrübəyə malikik. İnşallah, cənab prezidentin yenidən partiyamızın başqanı seçiləcəyinə ümid etdiyimiz qurultayı da uğurla təşkil edəcəyimizə inanırıq.
– Artıq xəbərlərdə də oxuduq, siz də qeyd elədiniz ki, hörmətli Rəcəb Tayyib Ərdoğanın yenidən AK Partiyanın sədri olması gözlənilir. Bu, ciddi və tarixi bir dəyişiklikdir. Bunun ardınca, partiya rəhbərliyində və hökumətdə başqa hansı dəyişikliklər gözlənilir?
“Biz bu qurultayı bir demokratiya bayramına çevirəcəyik. Qurultayda 100 minə yaxın insanın iştirak edəcəyini gözləyirik” |
– Bu suallar mənim birbaşa sahəmə aid suallar deyil. Amma partiya rəhbərliyinə daxil olan biri kimi deyə bilərəm ki, hər qurultaydan sonra partiyamızın Mərkəzi İdarə Heyətinin və İdarə Heyətinin üzvləri dəyişir. Bunun nəticəsi olaraq eyni zamanda Nazirlər Kabinetində də dəyişikliklər olur. Bu, normal və təbii bir prosesdir. Ümid edirik, eyni zamanda cəmiyyətin də gözləntisi budur ki, cənab prezidentin partiyanın rəhbərliyinə dönüşündən sonra Mərkəzi İdarə Heyəti (MYK) da yenilənəcək. Çünki qurultayda Mərkəzi Qərar və Yönətim Qurumu (MKYK) üzvləri də yenidən seçilir, tərkib dəyişir. Eyni zamanda, sədrin birbaşa seçdiyi İdarə Heyətində də dəyişiklik olur. Çünki indiki sədr Binəli Yıldırımdır, yeni sədr isə Rəcəb Tayyib Ərdoğan olacaq. Yeni sədrin İdarə Heyəti də yenilənəcək. Yeni sədrin hansı heyətlə çalışacağına özü qərar verəcək. Bu mənada, həm partiyada, həm də Nazirlər Kabinetində dəyişiklik gözlənilir.
– Mətbuatda qurultaydan sonra yeni parlament seçkilərinin ola biləcəyi haqda iddialara rast gəlinir. Bunun bir əsası varmı?
– Cənab prezidentimizin bu mövzuda açıqlaması oldu. Eləcə də bizim də təşkilat olaraq hesablamalarımız var. 16 aprel referendumunda 51.4 faiz səs aldıq və bu gün bizim qarşımızda dayanan əsas vəzifə səslərimizi necə artıra biləcəyimizdir. Vilayətlərdə, rayonlarda, bələdiyyələrdə, yerli təşkilatlarda, hökumətin fəaliyyətində hansı problemlərin olduğunu müəyyən edib, 2019-cu ilə qədər bu problemləri necə aradan qaldıra biləcəyimizin planını qurub, həyata keçirməliyik. 2019-cu ildə keçiriləcək həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərinə daha hazırlıqlı getməyə çalışacağıq. Bu mənada, 2019-cu ilə qədər bir ara seçkiləri planlaşdırmırıq.
– 2014-cü ildən bu yana Türkiyə cəmiyyəti bir siyasi gərginlik içərisindədir. Siyasi proseslər, seçkilər ard-arda keçirildi. Hətta 2015-ci ildə iki seçki keçirdiniz, 2016-cı ildə qurultay və ardınca çevriliş cəhdi ilə cəmiyyətdə ciddi bir gərginlik atmosferi yaratdı. Sizcə bu olaylar cəmiyyəti və siyasi partiyaları taqətdən salmır?
– Bu sual üçün təşəkkür edirəm. Təbii ki, təşkilatlarımız baxımından bu bir yorucu fəaliyyətlərdir. Ancaq bizim təşkilatlar liderinə və partiyasına o qədər bağlıdır ki, nə zaman bir seçki və ya çağırış olarsa, həmən toparlanır. Partiya qurultayları, seçkilər, 15 iyuldakı çevriliş olayları və digər bu tipli vəziyyətlərdə verilən bir təlimatla insanlarımız hərəkətə keçir, toparlanır. Çünki biz bu gün haradasa 160 min aktiv üzvü olan, yalnız Türkiyədə deyil, dünyada ən aktiv və güclü sayılan ictimai-siyasi təşkilatıq. Yəni bu gün bir çağırış olarsa, küçələrə çıxmağa hazır olan yüzminlərlə tərəfdarlarımız və üzvlərimiz var. AK Partiya dinamik bir təşkilatdır. Bu da bizim təşkilatın quruluşu və təcrübəmizdən qayanqlanır. Bu prosesin əsas təşkilatçısı qurucu liderimiz, hazırkı prezidentimizdir.
– Yəni, 2019-cu ilə qədər cəmiyyət siyasi istirahət dönəmi yaşayacaq?
– Bizdə dincəlmək yoxdur. Təşkilatlar dincəlməz. Təşkilat şöbələri siyasi partiyaların onurğasıdır. Onurğa isə daim canlı və hərəkətli olmalıdır. Bizim də işlərimiz dayanmır. Ramazan bayramından sonra – iyundan etibarən AK Partiyanın növbəti qurultayına hazırlıq məqsədilə təşkilat konfransları başlayacaq. Türkiyənin 81 vilayətində, 740 rayon təşkilatında konfranslar keçirəcəyik. İşimiz heç bitməz.
– Birbaşa sizin sahəniz olmasa da, AK Partiya başqanının müavini olaraq, necə düşünürsünüz, qurultaydan sonra iqtidar partiyasının xarici siyasətində hansısa dəyişiklik olacaqmı?
– Təşkilati işlərlə məşğul olan biri kimi bu sual birbaşa mənə aid olmasa da, partiya rəhbərliyinə daxil olan siyasətçi kimi bəzi məqamları deyə bilərəm. Cənab prezidentin apardığı Türk Dünyası və İslam aləmində könül dostlarımızın mənfəətlərini nəzərə alan xarici siyasət kursu davam etdiriləcək. Xüsusən də qardaş Azərbaycanla əlaqələrimizin ən yüksək səviyyədə davam etməsi, Rusiya, İran kimi qonşularla əlaqələrimizin düzəldilməsi istiqamətində fəaliyyətlər davam edəcək.
Kənan Rövşənoğlu, musavat.com
Ankara