Əliyev və Putin anlaşdılar, Paşinyana imza atdırdılar: Qərb “Böyük geopolitik oyunu” uduzdu

0
542

Maraqlar fərqli olsa da, həm rəsmi Bakı, həm də Kreml bu prosesin tezliklə yekun sülh sazişi ilə nəticələnməsində ortaq mövqeyə malikdirlər;  Prezident İlham Əliyev yekun sülh sazişi ilə Azərbaycanı 30 illik münaqişə vəziyyətindən tamamilə çıxartmağı hədəfləyir, Prezident Vladimir Putin isə həmin sənədi Qərbin regiona giriş imkanlarını bloklayan əsas faktora çevirmək niyyətindədir…

Ermənistan son aylarda törətdiyi hərbi-siyasi təxribatların real nəticələri ilə qarşı-qarşıya buraxıldı. Bu nəticələr rəsmi İrəvanın savaş meydanının ardınca danışıqlar masası arxasında da məğlubiyyətini əks etdirir. Yəni, Ermənistan növbəti dəfə kapitulyasiya aktına imza atdı.

Soçidə 26 noyabrda keçirilən üçtərəfli görüşün yekun nəticələrinə qısa şəkildə belə izah vermək mümkündür. Ancaq bu görüşdə diqqəti çəkən bir çox məqamlar da var idi. Və həmin məqamlar baş verənlərin əsas səbəbləri barədə fikir yürütməyə imkan verir.

Məsələn, Rusiya prezidenti Vladimir Putin ilk olaraq, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdü. Onların səmimi görüntüləri Rusiya və Azərbaycanın maraqlarının böyük ölçüdə uzlaşmasından xəbər verirdi. Hətta iddia etmək olar ki, Azərbaycan və Rusiya prezidentləri bu görüşə bir çox prinsipial məsələlər ətrafında əvvəlcədən anlayaraq, başlamışdılar.

resize-putin-eliyev.jpg (27 KB)

Digər önəmli məqam Kreml sahibinin Ermənistan baş naziri Nikol Paşinyan ilə təkbətək görüşü ən sona saxlaması ilə bağlıdır. Belə ehtimal etmək olar ki, bu, məqsədyönlü şəkildə edilmişdi. Çünki bu, üçtərəfli görüşdən öncə erməni baş nazirin gündəliyə aid olmayan məsələləri səsləndirilməsinin qarşısını almış oldu. Yəni, erməni baş nazir üçtərəfli görüşdən sonra artıq imza atdığı məsələlər barədə danışmaq məcburiyyətində buraxıldı.

Eyni zamanda, prezident V.Putinin Azərbaycan və Ermənistan liderlərinə simvolik zeytun budağı hədiyyə etməsi də əvvəlcədən düşünülmüş addımlardan biri idi. Bununla Qərbə mesaj vermək niyyətinin güdüldüyü qətiyyən istisna deyil. Ehtimal etmək olar ki, Kreml sahibi Brüssel görüşünə vasitəçilik edən Qərb siyasi dairələrinə “Sizə ehtiyac yoxdur. Biz həll edirik, siz qarışayın” mesajını verdi. Yekun nəticələr də əslində, Brüssel görüşünə ehtiyac qalmadığını, onun formal xarakter daşıyacağını təsdiqlədi.

Maraqlıdır ki, prezident Vladimir Putin Brüssel görüşündən məmnun olmadığını da əslində, gizlətmədi: “Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik. Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”.

Belə anlaşılır ki, Kremldə Brüssel görüşü Rusiyanı oyundankənar vəziyyətə salmaq cəhdi kimi dəyərləndirilir. Ona görə də, Soçi görüşünün nəticələri ilə Brüsseldə müzakirəyə hər hansı məsələ buraxmaq istəmədiyini göstərdi. Kreml öz istəyinə nail olduğundan indi artıq əhəmiyyətini böyük ölçüdə itirmiş Brüssel görüşündə hansı məsələlərin müzakirəsinə ehtiyac duyulacağı da maraq doğurur. Yəni belə bir məsələ artıq qalmamış kimi görünür.

5b51e5a073e51b45b90c12e4a2753c78.jpg (101 KB)

Kreml sahibi Rusiyanın Azərbaycan və Ermənistan ilə tarixi bağlarının olduğunu da xüsusi olaraq, vurğuladı. Ancaq bu mesajın ABŞ və Qərb ilə “səhnəarxasında rəqs edən” erməni baş nazirə ünvanlandığını anlamaq o qədər də çətin deyildi. Rusiya prezidenti Vladimir Putin Ermənistanı Qərbə doğru dartan baş nazir Nikol Paşinyana xəbərdarlıq etmiş oldu: “Bizim dərin tarixi bağlarımız var, onların dağılmasını istəməzdim, onları dəstəkləmək və inkişaf etdirmək lazımdır”.

Təbii ki, bütün bunlar üçtərəfli görüşdən sonra elan edilən ortaq bəyanata da öz təsirini göstərməmiş deyil. Çünki həmin bəyanatda demək olar ki, bütün əsas mövzular ətrafında anlaşma əldə olunduğu bildirilir. Və erməni baş nazirin Qərb siyasi dairələrini sülhyaratma prosesinə şərik etmək cəhdləri bloklanmış kimi görünür.

Yeni üçtərəfli bəyanatda yer alan ən önəmli məqamlardan biri məhz bu ilin sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin hazırlanması ilə bağlı öhdəlikdir. Yəni bu ilin sonuna qədər delimitasiya və demarkasiya prosesinə başlayacaq işçi qrupun tərkibi müəyyən edilməlidir. Gələn ilin əvvəllərindən isə bu işçi qrup sərhədlərin müəyyən olunması prosesinə başlamalıdır.

Təbii ki, bu, ən ağrıllı prosesin işə düşməsi və sürətləndirilməsi anlamı daşıyır. Halbuki, rəsmi İrəvan məhz bu prosesdən yayınaraq, onu mümkün qədər uzatmağa, gecikdirməyə çalışırdı. Halbuki indi artıq Paşinyan hakimiyyətinin bu prosesdən yayınmaq cəhdləri o qədər də asan olmayacaq.

vxUXE8zADv9czFrgIyC3AeK2HJmrZYN7.jpg (964 KB)

Bu, o deməkdir ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar. Eyni zamanda, bundan sonra iki qonşu ölkə arasında yekun sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl gündəmdən çıxacaq. Yalnız yekun sülh sazişinin imzalanması regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına imkan verə bilər.

Üçtərəfli bəyanatda yer alan olduqca maraqlı məqamlardan biri də elə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə yaradılacaq komissiyanın ikitərəfli xarakter daşımasıdır. Yəni, belə anlaşılır ki, Kreml Rusiyanı bu prosesdən nisbətən kənarda tutmağa çalışır. Yaranacaq mübahisələrdə tərəfə çevrilmək ehtimalından özünü sığortalamağa üstünlük verir. Böyük ehtimalla bu, Paşinyan hakimiyyətinin hər uğursuzluqda günahı Rusiyanın üzərinə yükləmək vərdişlərini əvvəlcədən bloklamaq məqsədi daşıyır.

Təbii ki, Rusiya bu prosesdən tamamilə kənarda qalmayacaq. Çünki üçtərəfli bəyanatda o da qeyd edilir ki, Rusiya tərəflərin müraciəti əsasında prosesə kömək edəcək. Belə bir müraciətin edilməsi isə qaçılmazdır. Hər halda, delimitasiya və demarkasiya üçün həlledici xarakter daşıyan sovet xəritələri Rusiyanın əlindədir. Və Kreml prosesdə hüquqi-siyasi məsuliyyəti özündən uzaqlaşdırsa da, texniki dəstək bəhanəsi ilə müzakirələrdə birbaşa iştirak etmiş olacaq.

Əslində, prezident Vladimir Putinin üçtərəfli görüşdən sonra dedikləri də bu məsələ ilə bağlı bir çox məqamlara aydınlıq gətirir. Kreml sahibi israrla vurğulayır ki, gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır: “Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir”.

0507b421-f15a-314f-9774-37aead6fff44_850.jpg (82 KB)

Eyni zamanda, Kreml sahibi prosesin məhz Rusiyanın nəzarətində olacağını da gizlətmir: “Demarkasiya məsələsini hələ Sovet İttifaqı dövründəki xəritələr ilə həll etməliyik. Hər iki tərəf də yaxın vaxtlarda sərhədlərin demarkasiyası ilə bağlı işin qurulması barədə razılığa gəliblər. Bu işdə onlara Rusiya xəritələrlə kömək edəcək”.

Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyində də oxşar tezislərə üstünlük verilir. Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamağa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev rəsmi İrəvana da açıq mesajlar ünvanlayıb: “Biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.

Göründüyü kimi, Azərbaycan və Rusiya prezidentlərinin mövqelərində hər hansı ziddiyyət faktoru yer almır Əksinə, bir çox məsələlərdə mövqelər üst-üstə düşür. Maraqlar fərqli olsa da, həm rəsmi Bakı, həm də Kreml bu prosesin tezliklə yekun sülh sazişi ilə nəticələnməsində ortaq mövqeyə malikdirlər. Prezident İlham Əliyev yekun sülh sazişi ilə Azərbaycanı 30 illik münaqişə vəziyyətindən tamamilə çıxartmağı hədəfləyir. Prezident Vladimir Putinin isə əsas hədəfi Azərbaycan-Ermənistan sülh sazişini Qərbin regiona giriş imkanlarını bloklayan əsas faktora çevirməkdir. Çünki yekun sülh sazişinin imzalanmasından sonra ABŞ və Qərbin regionda vasitəçilik edəcəyi heç bir önəmli məsələ qalmayacaq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Rusiya prezidentləri Soçi görüşündən öncə imzalanacaq sənədin məzmunu ilə bağlı əvvəlcədən anlaşa biliblər. Soçidə isə həmin sənədi Ermənistan baş naziri Nikol Paşinyana imzalatmağa nail olublar. Nəticədə isə erməni baş nazir üzərindən Cənubi Qafqazda yeni “Böyük geopolitik oyuna” başlamağa cəhd edən ABŞ və Qərb elə əvvəlcədən sarsıdıcı məğlubiyyət ilə üzləşib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin