Əliyev-Putin danışığının ardınca Bayramov-Lavrov görüşü – əsas hədəf

0
283

Aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. Telefon zəngi iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Sergey Lavrov arasında Moskva görüşü ərəfəsində baş tutub. Görünən odur ki, müharibə başa çatıb, müharibə sonrası proseslər – kommunikasiyaların açılması, noyabr və yanvar bəyanatlarının icrası ləngiyir. Ekspertlər hesab edirlər ki, belə danışıqlar təsadüfi deyil və icrası ləngiyən problemlərin həllinə yönəlib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bunları dedi: “Müharibədən sonra bir sıra məsələlər həllini tapmalıdır. Ermənistan müqavimət göstərir, Dağlıq Qarabağda mövcudluğunu hansısa formada saxlamağa çalışır. Bunun üçün Rusiyanın dəstəyini almaq istəyir. Azərbaycan isə bütün ərazilərdə hakimiyyətini tam bərqərar etməkdə israrlıdır. Bu məsələlərin həlli bir çox cəhətlərinə görə Rusiyadan asılıdır. Azərbaycan və Rusiya prezidentlərinin son telefon danışığı, iki ölkənin xarici işlər nazirlərinin Moskva görüşü bu məsələlərin həllinə yönəlib. Danışıq və görüşlərin nəticələrinə dair mətbuatda qısa məlumatlar verilib. Bu məlumatlarda nəqliyyat və kommunikasiyaların barpası ilə bağlı müzakirələrin getdiyi bildirilir, amma daha geniş məsələlərin müzakirə olunduğu şübhə doğurmur.

Azərbaycan prezidenti öz mövqeyində israrlıdır, ona görə də narahatçılığa əsas görmürük. Bizi narahat edən vaxt məsələsidir. Ermənilərə imkan vermək olmaz ki, vaxtı uzatsınlar. Azərbaycan və Rusiya rəhbərlərinin təmasları, Türkiyənin məsələni diqqətdə saxlaması məsələlərin tezliklə həll olunacağına ümidləri artırır. Ən vacibi isə odur ki, nəqliyyat və kommunukasiyaların açılması digər məsələləri, birinci növbədə Xankəndi və digər ərazilərdə Azərbaycan hakimiyyəti bərpa olunmalı, köçkünlər həmin ərazilərə qaytarılmalıdır. Diplomatiyamız bütün danışıqlarda bu məsələni öndə tutmağı bacarmalıdır”.

Siyasi şərhçi Yeganə Hacıyeva: “Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinin icrasında obyektiv və subyektiv ləngimələr mövcuddur. Xüsusilə dəhlizlərin açılması istiqamətində müharibəni uduzmuş, amma qalib kimi şərt diktə etmək hikkəsində olan Ermənistan dəhlizlərin açılması prosesini bütün mümkün imkanlarla ləngitməklə məşğuldur. Son məlumatlar belədir ki, Ermənistanın baş naziri Paşinyanın Rusiyadan ölkəsində elan etdiyi seçkidən sonraya kimi möhlət istəyib. Burda bir haşiyə açmaq istəyirəm ki, Ermənistan və ən əsası onun patronajı Rusiyanın davranışları elə təəssürat yaradır ki, 10 noyabr bəyanatının şərtləri olan xətləri və bu xətlərin açılması ilə regionda dəyişən reallıqlar həcmi haqqında istər Ermənistan, istərsə də Rusiya yetərincə dəyərləndirmə aparmayıblar. İndi artıq xəritələr masa üstündə olanda və bu xətlərin regionun imkanları ilə, regionun keçid rolunu oynadığı qlobal kommunikasiyalardakı əhəmiyyətini anlamağa başlayıblar. Hər iki koridorun imkanları ilə bölgədə yeni reallıqlar formalaşır. Bu yeni reallıqlarda mövqelərini möhkəmlədən Azərbaycan yeni şərtlər irəli sürməklə regiona yeni iqtisadi tərəfdaşlar cəlb edir və bununla da bölgəyə nəzarət imkanlarını genişləndirir və möhkəmlədir. Bu isə əlbəttə Ermənistan və havadarların narahat edir. Xüsusilə Rusiya bu reallıqları indi anlayıb. Azərbaycanın beynəlxalq tərəfdaşları təmsil olunan təşkilatlarda məhz Rusiya özünə siyasi, iqtisadi qruplar, casus şəbəkələri və s. kimi təsir alətləri ilə Azərbaycanı bu reallıqda bir az sıxışdırmağa çalışır. Keçmiş sovetlər birliyinin təsir dairəsinə aid Avropa ölkələrdə Azərbaycana qarşı hücumun arxasında da məhz bu niyyət durur. Ermənistanın müxtəlif siyasi düşərgələrinə (hakim siyasi qrup, Avropa və ABŞ -dakı lobbi qrupu və s.) mənsub hökumət rəsmiləri siyasi qrupların sifarişlərinə əsasən mesajlar verməklə prosesi pozmağa çalışır.

Amma 10 noyabr üçtərəfli razılaşmasının imzalanması günündən başlayaraq Ermənistanda bu və ya digər rəsmilərin dilindən razılaşmanın detallarını şübhə altına alacaq mesajlar səslənməsinə baxmayaraq, bu proses planlaşdırıldığı kimi davam edəcək. Məsələ ilə bağlı istər Azərbaycan, istərsə də Rusiya rəsmiləri Ermənistana, İrəvanda nə baş verməsindən asılı olmayaraq, Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə əməl edəcəyi haqqında mesajları çatdırıb. Azərbaycan Prezidenti istər Azərbaycanın təşkilatçı və iştirakçı olduğu bütün beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərində, istərsə də yerli və xarici media nümayəndələri ilə təmaslarında bunu qətiyyətlə qeyd edib. Rusiya prezidenti və Federasiya Şurasının rəhbəri səviyyəsində Ermənistana qəti mesaj çatdırılıb. Bir neçə gün öncə Rusiya Ermənistan rəhbərlərinin məsuliyyət hissinə çox ümidvar olduğunu, hadisələr necə inkişaf edirsə-etsin, ardıcıllığa riayət olunacağı və razılaşmaya zidd olan bütün addımların, hərəkətlərin böyük faciəyə gətirib çıxaracağı haqqında xəbərdarlığını edib.

Digər tərəfdən, “Zəngəzur keçidi”ndən Ermənistanın qanunsuz daşımalar, terrorçuların hərəkəti və narkotik tranziti üçün istifadə etməsi də heç kimə sirr deyil. Ermənistanda siyasiləşmiş kriminal dairələr keçidi itirməmək üçün addımlar atırlar. Ermənistan əməkdaşlıqdan boyun qaçıracağı halda Zəngəzur dəhlizinin icrasına əngəl törədəcəyi təqdirdə razılaşmanın digər üzvü Rusiyanın bu məsələyə qarışacağı mütləqdir. Bizim güc resurslarından istifadədən kənarda Rusiyanın bu məsələni həll etməsi vacibdir, çünki Ermənistan tərəfinin razılaşmalara əməl etməsinin qarantı Rusiyadır. Əgər Ermənistan razılaşmalara əməl etmirsə, demək ki, Rusiya buna imkan yaradır. İstənilən halda isə, “dəmir yumruq” həmişə hazırdır”.
“Yeni Müsavat”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin