Əli Nağıyev Türkiyə DİN-nin Təhlükəsizlik Baş İdarəsinin rəisini qəbul edib – Nələr müzakirə olunub?

0
30
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
RealMedia.az xəbər verir ki, türkiyəli qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini də ziyarət ediblər.
Sonra keçirilmiş ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev qonaqları səmimi salamlayaraq Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Xidmət rəisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
General-leytenant Əli Nağıyev respublikamızın hüquq mühafizə orqanlarının birgə səyləri nəticəsində beynəlxalq terrorçu təşkilatlarla sıx əlaqələri olan mütəşəkkil transmilli cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri, eləcə də antiterror koalisiyasının fəal üzvlərindən biri kimi Azərbaycanın dönməz və ardıcıl mövqeyini qeyd edib. Eyni zamanda mövcud əməliyyat şəraiti, ona təsir göstərən amillər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və nəzarət olunmayan ərazilərin doğurduğu fəsadlar, ekstremizm, qanunsuz miqrasiya, narkotrafik və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə geniş məlumat verib. Xidmət rəisi Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında informasiya və təcrübə mübadiləsinin, ümumən təhlükəsizlik sahəsində əməkdaşlığın yüksələn xətlə inkişafının ölkələrimizin milli mənafelərinin etibarlı qorunmasında mühüm amil olduğunu vurğulayıb.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq qardaş Azərbaycana səfərindən xoş təəs­sürat aldığını qeyd edib. Mehmet Aktaş bu cür görüşlərin transmilli cinayətkarlıqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə üzrə görülən işlərə dair məlumat verib. O, ölkələrimizin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət etdiyini vurğulayıb.
Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin