“Əli Kərimli yox, “Müxalifət Əli” deyək” – Sərdar Cəlaloğludan ilginc açıqlama

0
889
2018-ci il prezident seçkiləri ilidir. Seçkiyə 10 ay qalmasına baxmayaraq siyasət meydanında sakitlik hökm sürür.
Qarşıdan gələn prezident seçkiləri və müxalifətin necə davranacağı ilə bağlı Azərbacan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Ölkə.Az”-a açıqlama verib:
“Qarşıdan gələn seçkilərlə bağlı bir şey demək mümkün deyil. Çünki qeyri-müəyyənlik var, bölgədə maraqlı proseslər gedir, hökumət daxilindən də növbədən kənar seçkilərə getmək fikirləri səsləndirilir. Azərbaycanda seçkilər o qədər formal keçirilir ki, müxalifət də seçkilərə formal yanaşır. Düşünürəm ki, müxalifət tam bir araya gəlməsə də, bir neçə müxalif partiya bir namizədlə seçkilərdə iştirak edə bilər. Bizim partiyamızda bununla bağlı hər hansısa bir qərar yoxdur. Hadisələrin bir qədər aydınlaşmasını gözləyirik. Bəzi partiyalar öz namizədlərini elan ediblər. Əgər partiyalar öz namizədlərini elan ediblərsə, demək ki, hər partiya öz namizədi ilə seçkiyə qatılacaq”.
Sərdar Cəlaloğlu özünün prezidentliyə namizədliyini verəcəyi məsələsinə gəldikdə isə bildirdi ki, bu barədə qərar verməyib:
“İnsanlar seçkilərdə iki səbədən iştirak edirlər – seçkidə iştirak etmək xətirinə və nəyin bahasına olursa olsun qalib gələcəm, deyə. “Nəyin bahasına olursa olsun” deyib, seçkiyə qatılanlar təkcə seçki yox, digər vasitələrdən də istifadə edərək hakimiyyətə gəlmək istəyirlər. “Seçkidə iştirak etmək xətirinə”, seçkiyə qatılanlar isə təkcə hakimiyyətə gəlmək yox, xalqı maarifləndirmək, təbliğat aparmağı da nəzərdə tuturlar. Prezident seçkilərinə qatılsam xalqı maarifləndirmək, təbliğat aparmaq məqsədi ilə qatılacam. Əgər mənim hakimiyyətə gəlməyim Azərbaycan dövlətinə, xalqına ziyan vura bilərsə, o hakimiyyətdən imtina edərəm. Hakimiyyətə gəlmək əsas qarşıya qoyduğum məqsəddir, ancaq bu “nəyin bahasına olursa olsun” prinsipi ilə olmayacaq.
Əgər nəyin bahasına olursa olsun deyib seçkidə iştirak etmiriksə, müəyyən namizədi də müdafiə edə bilərik”.
“Ötən seçkilərdə müxalifətin vahid namizədi Cəmil Həsənli göstərilirdi” fikirinə isə ADP sədri belə cavab verdi:
“Cəmil Həsənli vahid namizəd deyildi. Mən də, İqbal Ağazadə də prezident seçkilərində iştirak edirdik. Cəmil Həsənli müxalifətin bir kəsiminin vahid namizədi idi”. 
Cəmil Həsənlinin prezident seçkilərində namizədliyini irəli sürəcəyi təqdirdə ADP-nin onu dəstəkləyib, dəstəkləməyəcəyinə gəldikdə isə Sərdar Cəlaloğlu qeyd etdi ki, Cəmil Həsənli ötən seçkilərdə bir maşa kimi istifadə edildi:
“Cəmil Həsənli siyasi lider kimi heç bir kriteriyaya uymur. Onun nə siyasi partiyası var, nə də bir təşkilatı. Adam gərək müxalifətdə özünü dorğulda ki, sonradan hakimiyyətə iddia edə bilsin. Cəmil Həsənli vicdanlı bir alimdir. Müəyyən mənada o qədər də radikal siyasi əhval-ruhiyyəli adam deyil. Bu baxımdan müsbət keyfiyyətləri var. Ancaq bu keyfiyyətlər dövləti idarə etmək üçün və yaxud müxalifətin ümumi namizədi olmaq üçün kifayət etmir.
Ötən prezident seçkilərində alternativ olaraq Rafiq Əliyevi göstərmişdim. Rafiq Əliyev ən azından Vəzirovun vaxtında dövlət katibi olmuşdu. Onun dövlət təcrübəsi var, idarəçilik üzrə akademikdir. O, Xudu Məmmədovun xalası oğludur, bölgədə kifayət qədər elektoratı var. Ziyalı seçəndə də belə bir adamı seçməliyik. O zaman Müsavat partiyasına təklif etdim ki, Rafiq Əliyevi müdafə edib, namizədliyini irəli sürək, onlarsa Rüstəm İbrahimbəyovun arxasınca düşdülər. İlk namizəd Rüstəm İbrahimbəyov idi. Rüstəm İbrahimbəyov gələ bilmədiyi üçün, Yusif Sərrac kimi Cəmil Həsənlinin namizədliyini irəli sürdülər. Əgər Cəmil Həsənli parlaq nazmizəd idisə, niyə onu burada qoyub, Moskavada Rüstəm İbrahimbəyovun arxasınca düşürdülər?”.
Əli Kərimlinin müxalifət bizik iddiası barədə Sərdar Cəlaloğlu deyib ki, kasıb itinin adını briliyant qoyar:
“Tutaq ki, müxalifət sənsən. Gəl sənin adını qoyaq “Müxalifət”. Əli Kərimli yox, Müxalifət Əli deyək. Müxalifəti daraldıb, müxalifət bərabərdir mən demək, iqtidarın çörəyinə yağ sürtməkdir. Bu o deməkdir ki, müxalifət 3-4 nəfərdən ibarətdir. Halbuki bu belə deyil. Hakimiyyətə xalq gətirir, müxalifət özü-özünü hakimiyyətə gətirə bilməz. Şəxsən mən “müxalifət mənəm” adı uğrunda mübarizə aparmıram. Azərbaycan xalqının və dövlətinin əleyhinə olan məsələlərdə müxalifətdə dururam, lehinə olan məsələlərdə dəstək verirəm. Heç kəs anadan müxalifətçi doğulmur. Müxalifətçilik bir isim deyil, sifətdir. Sabah Əli Kərimli hakimiyyətə gəlsə yenə müxalifət olacaq? Əli Kərimli özünü o qədər müxalifətəm deməyə alışdırıb ki, prezident olsa yenə müxalifətəm deyəcək.
Müxalifətçiliyə sənət kimi baxırlar. Müxalifətçilik hakimiyyətə qarşı mövqe tutmaqdır. Hakimiyyətin daxilində elə müxalifətçilər var ki, iqtidara yüz Əli Kərimlidən çox təhlükə törədir. Bir deputat hakimiyyətin ümumi mövqeyindən kənara çıxıb danışsa iqtidar laxlayar, ancaq Əli Kərimli min söz desin, hakimiyyət ciddiyə almır”.
Hüseyn Abdullayevin prezidentliyə namizdəliyini verəcəyi bağlı Sərdar Cəlaloğlu bildirib ki, o, qeyri-ciddi bir adamdır:
“Azərbaycan xalqı öz taleyinin həllində ona görə iştirak etmir ki, xalqı yalnış maarifləndiriblər. Xalq elə bilir ki, müxalifət adlı ordu var, o ordu gəlib onları xilas edəcək”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin