Əli Kərimli ilə “Qusqa”nı bağlayan tellər

0
1119

AXCP sədri Hüseyn Abdullayevin paralarından yararlanmaq üçün onunla əməkdaşlığa can atır; Tural Abbaslı: “Özünə, təşkilatına və minlərlə fədakar üzvünə hörmət edən heç kim ona dəstək verməz”

Azərbaycanda törətdiyi cinayətlərdən yayınmaq üçün Almaniyaya sığınan və gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edən “Qusqa” ləqəbli sabiq deputat Hüseyn Abdullayevə AXCP sədri Əli Kərimli qucaq açıb. Bir ay öncəyə qədər sosial şəbəkələrdə söydüyü, tənqid etdiyi bir düşərgə ilə nədənsə “Qusqa” qısa zamanda barışdı…

Artıq H.Abdullayev Milli Şuranın mitinqlərinə açıq dəstək verir, hər kəsi o aksiyalarda iştiraka çağırır. Əks tərəfin də keçmiş deputatla yaxınlaşmaqda maraqlı olduğu açıq şəkildə görünür. Belə ki, “Qusqa”nın facebook səhifəsində paylaşdığı aqressiv və söyüş dolu statusları Ə.Kərimlinin nəzarətində olan azadlıq.info saytı həvəslə tirajlayır.

Siyasətlə maraqlanan hər kəs “Qusqa”nın kim olduğunu yaxşı bilir. Onun kimliyini sübut etmək üçün iki-üç cümlə kifayət edir. Bu insan 10 il öncəyə qədər başında durduğu “qoçu” dəstəsi ilə müxalifətə qan uddurub. Demokratik düşərgənin mitinqlərində “Qusqa” başındakı zorakı dəstə ilə müxalifətin aksiyalarında təxribat yaradır, müxalifətçilərə qarşı amansız rəftar edirdi. Hətta H.Abdullayev o qədər azğınlaşmışdı ki, küçədə müxalif fəalları ya vəhşicəsinə döydürür, ya da oğurlatdırıb müxtəlif yerlərə apartdıraraq, onlara işgəncələr tətbiq edirdi. Elə ki, 10 il öncə Milli Məclisdə məlum olay yaşandı, “Qusqa”nın deputatlıq mandatına xitam verildi və özü də həbsə atıldı, ondan sonra bu şəxs müxalifətçi oldu. Bəzi müxalifətçilər də onun əlində 5-10 manat pul olduğun görə “Qusqa”nın vaxtilə etdiyi yaramazlıqları “unutdu” və onu öz tərəfinə çəkmək üçün düşərgə daxilində ənənəvi savaş başladı.

Hazırda görünən odur ki, zamanında sabiq deputatın zorakılığı ilə az üzləşməmiş Kərimli və çevrəsi ona daha yaxındır.

Belə iddialar var ki, AXCP lideri hər seçkidə qurban axtarışına çıxdığı kimi, indi də bu cür taktikadan yararlanmaq istəyir. Sonunda H.Abdullayevin timsalında bunu tapıb. İddialara görə, Əli Kərimli 2018-ci il seçkilərində də “Qusqa”nı qabağa verib, onun Milli Şuranın namizədi olmasını hədəfləyib.

İndiyə qədər keçirilən prezident seçkilərinin yalnız birində, 2003-cü ildə namizəd kimi iştirak edən və sonda AMİP lideri Etibar Məmmədovun xeyrinə iddiasından geri çəkilən Ə.Kərimli Milli Şurada əsas söz sahibidir və seçkilərdə necə iştirakla bağlı veriləcək qərarı birbaşa o, müəyyən edəcək. Digər tərəfdən də Kərimli olduqca maliyyə mənbələri əldə etməyə meylli bir siyasətçidir. Almaniyada lüks həyat yaşayan “Qusqa”nın isə imkanları kifayət qədər yüksəkdir. Bir növ bu şəxs Milli Şura üçün əsas maliyyə mənbəyi ola bilər…

Çoxları bu yaxınlığın uzun çəkməyəcəyini düşünür. Ən yaxşı halda prezident seçkilərinə qədər sürəcəyini deyirlər. Hər iki tərəfin bu yaxınlıqda şəxslərinə yönəlik maraqlarının olduğu vurğulanır.

Image result for AĞ Partiya başqanı Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı “Qusqa”nın iddiasının qeyri-ciddi olduğunu qeyd etdi: “Hüseyn Abdullayevin namizədlik məsələsinə ciddi yanaşmıram. Çünki bunun üçün onun siyasi potensialının, sadiq komandasının və namizədlik üçün əsas amillərdən olan təmiz keçmişinin olduğuna inanmıram. Bundan başqa, siyasi təcrübə göstərir ki, ölkədən xaricdə qiyabi şəkildə namizədlik vermək və hansısa proses başlatmaq qeyri-mümkündür. H.Abdullayev nə vaxtsa vətənə dönər və namizədlik barədə danışarsa, o zaman bu məsələni nisbətən ciddi qəbul edə bilərəm. Bu gün sirr deyil ki, bəzi qüvvələr özlərinin cılız qrup maraqları üçün bu şəxsə dəstək verməyə çalışırlar. Ancaq Azərbaycan siyasətindən azacıq da olsa məlumatı olan insanlara məlumdur ki, belə ”dəstəklər” quyunun haram və oğurluqla doldurulmuş suyu quruyana qədərdir. Məşhur deyimdə deyildiyi kimi, “Bağda ərik var idi, salam əleyk var idi, bağda ərik qurtardı salam əleyk qurtardı”. Yəni məsələ bu qədər sadə və bəsitdir. Bu gün hansısa maddi maraqlara görə daha dünənə kimi hakimiyyətin cinayətkar dəstə başçısına dəstək vermək nəticəsiz ötüşməyəcək. İllərdir həyatlarını müxalif yolda qurban verən, bu mübarizəyə görə hər şeyini itirən minlərlə cəfakeş səmimi tərəfdarlar belə partiya və qüvvələrə öz yerlərini göstərəcək. Mən məsələni konkret hansısa partiya və quruluşların üzərinə gətirib cılızlaşdırmaq və intriqa predmetinə çevirmək istəmirəm.

Həm də Azərbaycan xalqı çox ayıq xalqdır, kimin nə etdiyini, nə oyun oynadığını, hansı manevrlər etmək istədiyini çox gözəl anlayır. İnanmıram ki, hansısa partiya, siyasi təşkilat və ya Milli Şura yüzlərlə müxalifətçinin döyülməsinə, işgəncəyə məruz qalmasına birbaşa rəhbərlik etmiş bir insanı özünün namizədi elan etsin. Dünənə qədər demokratiyanın, azad sözün, plüralizmin və ümumiyyətlə, demokratik cəmiyyətin qurulmasının önündə cəza dəyənəyi rolunu oynayan bir şəxsin bu gün gəlib daha demokratik Azərbaycan uğurunda “fədakar mübariz”ə çevrilməsi qəti inandırıcı deyil. Özünə, təşkilatına və minlərlə fədakar üzvünə hörmət edən heç kim Hüseyn Abdullayevə dəstək verə bilməz və verməməlidir. Bu məsələ hüquqi məsələdən daha çox mənəvi və vicdani bir məsələdir. Bəzi dostlarımız Hüseyn Abdullayevin zamanında haram yollarla xalqdan oğurladığı pullara çıxış əldə etmək üçün onu siyasi reabilitasiyasına çalışır. Bunu o qədər açıq və kobud şəkildə edirlər ki, insan buna münasibət bildirməyə söz belə tapmır. Buradan belə bir nəticə çıxır ki, sabah bu və ya digər səbəbdən hakim komandadan qovulan istənilən korrupsioner oğurladığı pullar vasitəsilə süni şəkildə müxalif liderə çevrilə bilər. Əgər özlərinə demokratiya carçıları deyən bəzi siyasi qüvvələr və mətbuat orqanları 5-10 manat pulla görə belələrinin müdafiəçisinə və təbliğatçısına çevrilirlərsə, o zaman onların məqsədi azad Azərbaycan yox, şəxsi cibləridir. Bəs haqq-ədalət, bəs vicdan, bəs həya? Mən belə cinayətkarları reabilitasiya  etməyə çalışan siyasilərə çağırış edirəm ki, belə avantüralara alət olub olan-qalan etimadlarını və hörmətlərini də itirməsinlər”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin