“Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” – qatilin şok etirafları

0
565

21 il əvvəl törədilən dəhşətli qətlin mübhəmlərini onun icraçısı anladır; akademik Ziya Bünyadovun qatili həbsxanada “Yeni Müsavat”a danışdı

1997-ci ilin bu günü – fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Əvvəli burada

***

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik, sayıqlığı 1 saniyə belə əldən vermək olmaz…

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkcənin qolları arasından qandal parıldayır…

Bu odur – ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır…

“Qalib 7-ci şöbənin əməkdaşı idi”

– Həmin vaxt artıq imkanlarınız da böyümüşdü?

– O vaxt artıq özümə “06″ almışdım, həyətimdəki tövlədə Qala cinsindən olan 100 baş qoyun vardı, parnikdə xiyar-pomidor əkirdim. Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otlağa aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul gəlirdi. Məndən başqa Tariyeldə də ”06″, Cavanşirdə “09″ vardı.

– İş materiallarında var ki, izləmə zamanı qara rəngli “Qaz-24″-dən istifadə edilib. Həmin maşın kimin idi?

– Qalib həmin maşını haradan gətirmişdi, bilmirəm.

– Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?

– Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə qoşmuşdu.

ziya 1.jpg (321 KB)

Nizami Nağıyev atası Adil Nağıyevlə

– Qətlin üstü açılandan sonra xəbər vardı ki,  Qalib hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər idi?

– Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətaidə işləyəndə bilmişdim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə Tariyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox məxfi aparılırdı. Mənim onlardan, onların məndən xəbərləri olmurdu.

“Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik”

– Dəstədə neçə nəfər idiz?

– 5 nəfər idik. Tariyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək. Hərəmizin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra məhkəmədə bildim ki, Cavanşir  Lənkərandan Xanları, Maarif Əliyevi cəlb eləyib. Tariyel bizim hamımızı kənar saxlayırdı. Ağlımıza belə gəlməzdi ki, biz kimisə öldürəcəyik.

– O günlərdə nə düşünürdüz?

– Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar, böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bilirdim ki, Qalib polisdədir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İşə çıxanda ona vəsiqəni verirdilər. İşdən çıxanda vəsiqəni təhvil verirdi. 1-2 dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən gəlib-gedənlər var. O da mənə vəsiqəsini açıb göstərmişdi, bilmişdim ki, 7-ci şöbənin əməkdaşıdır, həm də oxuyurdu. Deyirdi ki, bizə “naloq” nə edəcək, vəsiqəni gözünə soxaram. O vaxtlar proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi düşünürdük. Tariyelin planları belə idi.

“Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb”

– Tariyel Ramazanov həmin günlərdə Milli Elmlər Akademiyasındakı işinə gedib gəlirdi?

– Yox. Ticarətə başlayandan sonra işdən çıxmışdı. Sırf ticarətlə məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt idi ki, yox idi. Bəlkə Tariyellə əlaqəsi vardı, bunu biz bilmirdik. “20 Yanvar” metrosunun yanında ev tutmuşduq, orada yığışdıq. Cavanşir, Qalib, Mahir, Tariyel və mən o evə getdik. Nəsrullah ilə Tariyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah Tariyelə danışıb, o da bizə onun fikirlərini çatdırır. Tariyel dedi ki, bir Aydın adlı şəxs var, yoldaşı da yəhudidir. Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.

– Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı nədir, kitabda konkret olaraq nə yazılıb?

– Yox, kim idi sual verən? Tariyelə özümüz kimi inanırdıq. Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydının yoldaşı yəhudidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər edir, “KQB” agentidir. Fikirləşirdim ki, yəqin Tariyel adamı elə-belə tanımır, yəqin dədəsi də evdə nəsə danışıb. Tariyel Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir, Massonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu, dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha toplaşdıq, bu dəfə plan cızıldı.

“Dedi ki, bıçaqla Aydını vuracaqsan”

ziya 2.jpg (212 KB)

– Nəsrullah harada yaşayırdı, harada işləyirdi?

– Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.

– İş yerinizə gəlirdi?

– 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə deyirdilər, “urra” deyib hücum edirdik.

– Həmin gün plan nədən ibarət oldu?

– Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını öyrənməli idi. Tariyel ona məlumatlar verməli idi. Cavanşirə tapşırıldı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon, peycerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırdılar ki, 1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi ki, bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur evində, şəhərə tərəf gəlmə. Səni çağırsaq gələrsən. Mən də çıxıb getdim Ramanaya.

“Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı”

– Evdə soruşan olmurdu ki, günlərlə harada olursan?

Həbsxana ile ilgili görsel sonucu

– Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim. Tonlarla un vurub gətirmişdik, atam Xırdalanda “Aqroprom”un sədri ilə danışmışdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə məşğuluq. Günlərin birində çağırdılar ki, Rusiyaya getməlisən, adam tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı tapmağımı da tapşırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir oğlanı tanıyırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla danışaram. Belə də elədim. Aydın razılaşdı, dedi ki, gedək Çelyabinskdən taxta-şalban vuraq, adam tanıyıram. Tariyel də öz qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da buxalteriya işlərini görməli idi… Qətldən sonra başa düşdüm ki, bütün bunlar mənim Rusiyada olmağımla bağlı fikir formalaşdırmağa yönələn addımlar olub. Tariyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma. Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat, turşular, makaron, vermeşel, şokalad nümunələri göstərib belə məhsullar satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskdə taxta-şalban məsələsini detallı danışdıq, Tolyattidə bank tapdıq, şəmkirlilər işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə bilirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra Tariyelə dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Tariyelin sözünü dedi. Aydın da məni kənddə harada görürdü, deyirdi ki, nə oldu, taxta-şalban üçün nə vaxt gedirik?  Deyirdim ki, hələ pul yoxdur. 1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı. Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı. Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.

ziya bünyadov ile ilgili görsel sonucu

“Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq”

–  Ora başqa kim getmişdi?

-Cavanşir, Tariyel, Nəsrullah və mən getmişdik. Cavanşir maşından düşməmişdi.  Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə qaçacağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər. İndiyə qədər yadımdadır, orada binanın yanında “ploşadka” vardı, dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə, çağıracağıq. Bir gün çağırdılar. Dedilər ki, gedirik. Qalib, Cavanşir, Tariyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək aldırmışdıq. Qaliblə mən bir maşında, Tariyellə Cavanşir bir maşında getdik. Tariyelin “06″da biz getdik, ”09″la da onlar gəldilər.

– Silahlı idiz?

– Cavanşir bıçaq almışdı. Bıçağı Tariyel Nəsrullaha göstərdi. Nəsrullah bıçağa əlini vurmadı. Tariyel ona dedi ki, qorxursan əlinin izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada qovmalı idik. Qovmadıq. Yəni sən qorxundan əlini bıçağa vurmursan, bizi də gör hara göndərirsən?

– Başqa söz deyən olmadı ona?

– Yox, Tariyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri bıçaq idi. Peycerlər, telefonlar da hazır idi. Peycerlər əvvəldən var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı ki, bu gün Aydınla məşğul olacağıq.

(ardı var)

E.MƏMMƏDƏLİYEV, musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin