“Türkiyədə yeni dönəm başlayır”: Politoloqlar seçki nəticələrindən razıdır – EKSPERT RƏYİ

0
65
Təkrar səsvermənin keçirilməsi və Əkrəm İmamoğlunun 800 min fərqlə yenidən qalib gəlməsi əslində gözlənilən idi. Hakim partiyanın qərarı və strategiyası ilə bu seçim təkrarlandı. 31 martda 13 min səslə İmamoğlu qalib gəlmişdi, təkrar seçkiyə ehtiyac yox idi. Bundan sonra Türkiyədə heç nə əvvəlki kimi olmayacaq.
Bu fikirləri politoloq, “Şahlanış Hərəkatı”nın rəhbəri Murad Altın bildirib.
23 iyun İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi vəzifəsinə təkrar seçkinin keçirilməsini dəyərləndirən politoloqun fikrincə, ilkin nəticələr əsasında CHP-nin namizədi Əkrəm İmamoğlunun qələbə qazanmasının səbəblərindən biri kimi onun yumşaq davranışlarıyla yanaşı, son bir həftədə siyasi arenada gözlənilməyən hadisələrin baş verməsi də rol oynayıb: “Çox açıq ifadə etmək lazımdır ki, terrorçuların başçısı Abdullah Öcalanın məktubunun yayılması, Ordu valisinin iqtidar tərəfindən müdafiəsi və bəzi xoşagəlməzliklər vəziyyəti dəyişdirdi. İstanbula və Türkiyəmizə xeyirli olsun”.
Milliyyətçi Hərəkat Partiyasının 21-ci dönəm millət vəkili olan Nail Çələbinin fikrincə, 23 iyun 2019-cu il seçkilərinin nəticələri iqtidar tərəfindən gözlənilən olmasa da, buraxılmış səhvlərin fonunda indiki nəticə ehtimal olunurdu: “Çünki YSK 31 mart seçkilərinin nəticələrini etirazla ləğv etməklə seçicinin iradəsi əleyhinə çıxdı. Bununla da seçkidən qələbəylə çıxan tərəf  zərərçəkmiş kimi xalqın gözündə ucaldı. Nəzərə alınmadı ki, xalqımız hər zaman çarəsiz vəziyyətdə qalanın tərəfində olur. Bu ölkə üçün zərərli qüvvə olan Apodan mədət umulması isə vəziyyəti daha da mürəkkəbləşdirdi”.
Nail Çələbi bundan sonra Türkiyədə nələrin olması arzusunu da ifadə edib: “Əsas olan qruplaşmanın yaradılmaması idi. Hədəf İstanbula xidmət olmalıdır. Bundan başqa ölkəmizdə baş verən problemləri qısa müddətə aradan qaldırmaq üçün hakimiyyət siyasi partiyalarla əlaqələri və prezidentin ətrafındakı kadr heyətini yenidən gözdən keçirməlidir. İşszilik, ölkəyə sərmayələr cəlb etmək uğrunda təcili işlər görülməlidir.   Güman edirik ki, hörmətli prezidentimizin də, hörmətli Binəli Yıdlrımın da təbriki səmimidir. Amma YSK-nın son qərarını açıqlaması da önəmlidir”.
İç Anadolu Birliyinin (İÇAN) rəhbəri İsmət Taş bildirib ki, bu seçkidə qazanan tərəf xalqdır. İÇAN rəhbərinin dediklərinə görə, Türkiyə bu seçkidən də üzüağ çıxıb: “O partiya, ya bu partiyanın qazanması önəmli deyil, millət qazanıb, demokratiya qazanıb. Özəlliklə seçki hazırlıqlarının mükəmməl bir şəraitdə keçirilməsi çox önəmlidir. Türkiyə baxımından sevindiricidir. Millətin iradəsi seçki qutusunda özünü büruzə verdi.  Hər kəs demək olar ki, seçki qutularından çıxan nəticələrlə razıdır”.
İsmət Taş hesab edir ki, Ə.İmamoğlunun qələbəsi Türkiyənin daxili və xarici siyasətinə mənfi təsir etməyəcək: “İstər S-400-lərlə bağlı qərarvermə, istər PKK əleyhinə aparılan mübarizə, istərsə də Şərqi Aralıq dənizi ilə bağlı siyasi mövqemizin dəyişməyəcəyini güman edirəm. Xalq seçim stresini üzərindən atıb rahat nəfəs almaq istəyir”.
Türkiyənin on illərdir coğrafi və buna bağlı olaraq qlobal problemlərlə üz-üzə olduğunu düşünən beynəlxalq  məsələlər üzrə ekspert Mehmet Çağatay Abuşoğlunun fikrincə, ölkəsinin Avropa, Asiya, Orta Şərq, Şərqi Aralıq dənizi məsələlərində mübahisə və münaqişə predmetinə çevrilməsi cəhdləri davam etməkdədir. Ekspertin fikrincə, xüsusilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və prezident Rəcəb Tayyib Ərdoğanın çox dövlətlər arasında nüfuzunun olması və müsəlman toplumlara müsbət təsiri qərbliləri narahat edir: “Türkiyədə Ərdoğan hakimiyyətinin mütləq hakim olduğu və seçkilərin də obyektiv olmaması kimi qeyri-əxlaqi, həqiqətə uyğun olmayan ittihamlar beynəlxalq aləmdə məqsədli şəkildə çox yayılmaqdadır. Ancaq İstanbul seçimləri bu ədalətsiz ittihamları alt-üst etdi. Türk millətinin İstanbuldakı səsverməsi bundan bir il öncə 24 iyunda keçirilən prezident seçkilərində olduğu kimi obyektivdir”.
AKP-nin seçki məğlubiyyətini isə ekspert belə dəyərləndirib: “Taktiki xətalara yol verilməsi seçki məğlubiyyətinə səbəb oldu, bununla yanaşı qarşı tərəfin düzgün taktika yürütməsinin nəticələrə bu şəkildə təsir etməsinə də şərait yarandı. Burada mühüm olan Türkiyənin suverenlik riskini aradan qaldırması və konstitusiya, hüquqi normaları qoruduğunu dünyaya sübut etmiş olmasıdır”.
“Gazete 2023”-ün rəhbəri Müjdat Öztürkün fikrincə isə, 31 mart seçkilərində Ə.İmamoğlu qazandığı halda, mandatının əlindən alınmasını “İstanbul əhalisi qəbul etməyib”: “İmamoğlu sadəcə İstanbulda deyil, 39 rayonun 28-də də yüksək nəticə əldə edib. Amma tək AKP deyil, CHP üçün də görüləcək işlər çoxdur. Bu nəticələr Türkiyə üçün yeni səhifələr açacaq”.
Siyasi yazar İsmayıl Təkpınar isə nəticələri sürpriz hesab etməyib. Bildirib ki, nəticələr millətin iradəsinin bu istiqamətə yönəldiyini sübut edir. İsmayıl Təkpınarın fikrincə, AKP özünü xüsusilə gənc seçicilərinə anlada bilməyib: “Artıq sağçı ve solçu ideoloji anlayışların bitdiyini gördük bu seçimdə. Təkrar seçkini Ə.İmamoğlu qazandı, İstanbul, Türkiyə qalib gəldi. Seçki qanunsuzluqlarına yol verənlərə İstanbul seçkiləri lazım olanı anlatdı”.(apa)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin