Seçki qovğası: kitabı yandırılan yazıçı Anar İsa Qəmbərə “od püskürdü” – Qalmaqal

0
352

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və ziyalıların seçkidə prezident İlham Əliyevə dəstək bəyanatı cəmiyyətdə mübahisələrə səbəb olub.
Müxalif düşərgə yazıçı Anarı və ümumən tanınmış incəsənət, elm, mədəniyyət adamlarının bəyanatını tənqid ediblər.

Hətta Anarın kitabı yandırılıb və böyük ajiotaj doğurub. Bundan sonra AYB sədri müxalifətlə bağlı “od püskürüb” və sükutu pozub.

“Demirlər ki, kitab yandırmaq yaxşı şey deyil?! Niyə demirlər ki, 80 yaşlı, ağır əməliyyat keçirmiş yazıçını, bu xalq üçün nə isə eləmiş bir adamı zəhərləmək yaxşı deyil?

Niyə səslərini qaldırmırlar? Əgər belədirsə, nə haqla tələb edirlər ki, biz bunları dəstəkləyək, deyək ki, yox, İlham Əliyevi yox, bunları seçin?! Burada bir məntiq var?”.

Anar müsahibəsində belə deyib. O, qeyd edib ki, bəzi adamlar tolerantlıqdan, dözümlülükdən danışırlar, amma Cəmil Həsənli onun haqqında bir xoş söz deyən kimi, onun üstünə düşüblər.

“Mən demirəm ki, ziyalılar mələkdir” deyən AYB sədri hər kəsin bir nöqsanının olduğunu vurğulayıb.

“Yəqin mənim də həmçinin, mən bunu demirəm. Amma indi konkret bizi nədə günahlandırırlar: niyə biz İlham Əliyevi müdafiə edirik?

Bəs, kimi müdafiə edək, desinlər də! Mən ad çəkmək istəmirəm ki, o birilərə xələl gəlməsin, belə çıxmasın ki, mən onları pisləyirəm.

Amma namizədliyini verənlərin hansı biri İlham Əliyevdən önə keçəcəyinə, seçiləcəyinə inanırlar?

Bütün dünyanın müşahidəçiləri gəlsin, ən demokratik seçkidə mütləq İlham Əliyev qalib gələcək. İndi neçə səslə, bilmirəm, amma mütləq birinci turda qalib gələcək. Yaxşı, indi biz də bunu deyəndə niyə üstümüzə düşürlər?”.

Müsavat, Milli Şura seçkini boykot etdiyi halda AYB-nin də oxşar addım atmasını gözləmək absurddur.

Bu, ədəbi qurumdur, seçkidə istədiyi namizədə dəstək verə bilər. Müxalifətin boykot və ya iştirak qərarının seçki prosesinə və onun nəticəsinə təsir imkanı yoxdur.

Strateji qələbə çalmağın mümkünsüz olduğu bir mühitdə taktiki gediş üzərində baş sındırmaq müxalifətin strateji səviyyədə heç bir planlarının olmamasından xəbər verir.

Seçkidə iştirak və ya boykotmu sualını bünövrəsi yanlış götürülmüş binanın bir otağının necə təmir olunması ilə bağlı müzakirəyə bənzətmək olar.

Müxalifət seçkidə iştirak edəcəyi təqdirdə, “nəticə daha legitim” olacaq. Boykot olacağı təqdirdə isə alternativ müxalifət boş qalan namizədlərin yerini dolduracaq.

Seçkini boykot edərək kənara çəkilməklə müxalifət cəmiyyəti alternativ fikir eşitməkdən məhrum edir.

Zaman-zaman “müxalifətin uğur formulu” mövzusu ətrafında müxtəlif fikirlər səsləndirilib.

Bütün zamanlardan uğura gedən yolun müxalifətin birləşməsindən keçdiyi qənaətinə gəlinib. Ancaq nəticə dəyişməyib.

Dağıdıcı qüvvələr bütün zamanlarda öz çirkin oyunlarını qurub birləşmək ərəfəsində olan real müxalifəti parçalamağı bacarıblar.

Bu gün də Milli Şura rəhbərlərinin göstərdiyi fəaliyyət əvvəlki illərdən heç nə ilə fərqlənmir.Yenə də müxalifət düşərgəsində ikitirəlik yaranıb.

Ənənəvi müxalifət qüvvələri parçalayır və seçkiyə getməkdən imtina edir.Səbəb olaraq isə növbədənkənar seçkilərin təyin olunması göstərilir.(fia.az)

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin