“Şarik”in məhv etdiyi azərbaycanlı və iki qurbanı – Rusiyanın danışdığı qəzanın şok təfərrüatı, FOTOLAR

0
73

Fevralın 23-də Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib. “BMW X6” səkiyə çıxaraq piyadaları vurub, nəticədə, iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Musavat.com fontanka.ru saytına istinadən 30 yaşlı azərbaycanlı Murad Qasımovun törətdiyi dəhşətli qəzanın geniş təfərrüatını əldə edib.

Məlum olub ki, 2010-cu ildən Sank-Peterburqda yaşayan M.Qasımov Rusiya vətəndaşıdır. Evin yeganə oğlu olan M.Qasımovun atası adi iş adamıdır. Qəzanı törədən Murad isə internetdə dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Qəzadan sonrakı araşdırmada məlum olub ki, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Ötən ilin 14 noyabrında isə onun sürücülük vəsiqəsi alınıbmış.

M.Qasımovun qeydiyyatda olduğu Con Rida küçəsində üçotaqlı mənzildə onun düz 21 qohumu da qeydiyyatdadır. Elə qəza yerinə ilk olaraq onlar da gəliblər. Amma xüsusi gərginlik yaranmayıb. Ağır qəza nəticəsində həlak olanlardan biri 40 yaşlı ABŞ vətəndaşı Todd Kroyeldir. 2015-ci ildən Neva sahilindəki şəhərdə yaşayırmış. Onun Facebook səhifəsindən məlum olub ki, Rusiyanın bir çox vilayətlərdə olub, bu ölkəyə xüsusi sevgisi varmış. O, Sankt-Petrburqda frilanser(azad işçi) kimi pul qazanırmış.

İkinci qurban Yevgeniya Korneyenkodur. Onun da 38 yaşı var.  “Daha üç nəfər hazırda Маrinskiy xəstəxanasındadır, onlardan birinin vəziyyəti çox ağırdır, ən yaxşı halda ömürlük əlil ola bilər”, – deyə sayt yazır.

Saytın əməkdaşı qəzanı araşdırarkən hadisə yerində olan polisdən Muradın sərxoş olub-olmamasını soruşub. Polis deyib ki, əvvəl onlar da belə hesab ediblər ki, azərbaycanlı sərxoşdur. Amma sonra məlum olub ki, qəzanı törədən indi Rusiyada çox populyar olan “şarik”dən istifadə edib.

Bildirilir ki, “şarik” deyilən hamının bildiyi doldurulmuş şardır. Amma bu şarı nəfəslə deyil, azon qazı ilə doldururlar. Bu qazı “iyləmək” indi Rusiya gəncləri arasında çox geniş yayılıb. Onu məsələn, qəzanın baş verdiyi Sankt-Peterburqda hər tindən qəpik-quruşa almaq mümkündür.

Bu qaz ölkədə qanunla qadağan edilməyib və bu səbəbdən də son vaxtlar “şarik”lə bağlı hadisələr artıb. Bu şarikdən istifadə edənlər çox hallarda hərəkətlərinə nəzarət edə bilmirlər. Məsələn, saytın müxbiri  bir nəfərin “şarik” dən sonra soyunduğunu müşahidə edib.

Qeyd edək ki, M.Qasımovun  ya bu gün, ya da sabah məhkəmə qarşısına çıxarılacaq və həbs ediləcəyi şübhə doğurmur. Rusiya telekanalları azərbaycanlının törətdiyi qəzanı dərhal günün hadisələri sırasına daxil ediblər.

Orxan,
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin