SARAY ÇEVRİLİŞİNDƏN QORXUB ƏTRAFINI QORUYAN, XALQI İSƏ UNUDAN PUTİN… –Yoxsullaşan ruslar daha onun vədlərinə inanmır – TƏHLİL

0
58

Nina Xruşşova 

“Project Syndicate”, 04.01.2019

Keçən ay geniş yayımlanan illik mətbuat konfransında Rusiyanın dövlət başçısı Vladimir Putin Qara dənizdə baş verən atışmalara görə Ukraynanı tənqid edərkən və ya Rusiyanın davranışları ilə əlaqədar Qərbin “haqsız” şikayətlərinə cavab verərkən özünə əmin idi. O, iddia edirdi ki, 1987-ci ildə ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çıxması Rusiyadan yeni silahlar hazırlamağı tələb edir; sonra kinayə ilə dedi ki, “Bundan sonra biz üstünlük qazandıqda, bəziləri zingildəməməlidir”.

Putinin personajı “Doktor Qəribə Sevgi” filmində Qərbi Qiyamət günündən uzaqlaşdırmaq istəyən sovet səfirini və insanların problemlərini möcüzəvi şəkildə həll edən Şaxta Babanı xatırladır. Bu, son 18 ildə millətin qayğıkeş atası, cüdoçu və Ceyms Bond rollarını oynamış Putin üçün yeni repertuardır. Daha vacib olan budur ki, onun ifası inandırıcı deyil.

Doğrudur, Putin Rusiya cəmiyyəti ilə birbaşa əlaqə qurmağı bacarıb. Prezidentliyi dövründə o, Rusiyanın bütün 11 saat zonasını boydan-boya qət edib və hər bir bölgədə real gəlir artımı, daha yaxşı infrastruktur və milli yenilənmə vədi verib. Əslində sonuncu mətbuat konfransı – sayca 14-cü – Putinin təkrarlanan ictimai çıxışlarından birinə bənzəyirdi: “Birbaşa xətt”, (ssenari üzrə) rusiyalıların bütün suallarına cavabların səsləndiyi canlı yayım.

Yəqin ki, ssenaridə yazılana uyğun olaraq, mətbuat konfranslarında sual verən qondarma jurnalistlər də olur; sonradan dil-ağıza qoymadan deyirlər ki, onlar korrupsiyalaşan məmurların başına corab hörmüş sıravi vətəndaşlardır. Belə bir zərərçəkmiş şəxsin şikayətlərinə cavab olaraq Putin deyib ki, “problemi şəxsən araşdıracaq”.

Lakin həyat standartlarının aşağı düşməsi və artan qlobal düşmənçilik şəraitində, Putinin televiziya vasitəsilə verdiyi vədlərə artıq heç kim aldanmır. Həm də təkcə TV xəbərlərinə inamın azalmasına (son on ildə 79%-dən 49%-ə) görə deyil. Ruslar Putin rəhbərliyinin özü haqqında şübhəyə düşüblər, çünki etimad reytinqində kəskin azalma son altı ayda 76%-dən 66%-ə qədərdir. Rusiyalıların yalnız 56%-i sabah seçkilər keçirildikdə, ona səs verəcəklərini söyləyirlər.

Əlbəttə, seçiciləri öz tərəfinə çəkmək üçün taktikasını dəyişdirməyə cəhd edən Kreml bundan xəbərdardır. Putinin şəxsi vədləri və çıxışlarını əks etdirmək əvəzinə, hakimiyyət Rusiyanın inkişafının texnokratik göstəricilərinə diqqət yetirir və Qərbin yaratdığı təhlükəni gözə soxur.

ABŞ Kremlin nəzarətində olan mediaya xəbərdarlıq edir ki, Rusiya nüvə silahı razılaşmalarından geri çəkilir. İkinci Dünya müharibəsi dəhşətlərinə dair hekayətləri və dolanışıq şikayətlərini bura əlavə edin, Kremlin ümidləri ilə müqayisədə onlar çox güclüdür.

Lakin Putin üzləşdiyi çətinlikləri kifayət qədər ciddi qəbul edə bilmir. Üçüncü prezidentlik dövründə – indi dördüncü dönəmdir – o, sadə rusları xoşbəxt etmək əvəzinə, korrupsiya və ya laqeydlikdə ittiham olunan çevrəsini müdafiə etməyə daha çox diqqət yetirib. Əsl sovet üslubunda o, xalq üsyanından yox, daha çox saray çevrilişindən qorxur. Ötənilki prezident seçkilərində onun sürüşkən qələbəsi uzunmüddətli avtokratiyanın klassik fərziyyəsinə söykəndiyi üçün bu meyli gücləndirib; fikirləşir ki, nə olursa-olsun, cəmiyyət onu sevəcək.

Putin kimi yarıavtoritar rejiminin problemi budur ki, insanların davranışı tam şəkildə liderin nəzarətində deyil. Bu, Rusiyada artıq daha çox cəsarətlə sosial problemləri işıqlandıran və etirazlardan xəbər verən mətbuat orqanlarına da şamildir.

Rusiya dövləti əslində heç bir zaman sosial məsələlərin işıqlandırılmasını təşviq etməyib. Yəni söhbət bu cür məsələlərdən getdikdə, söz azadlığı səviyyəsi 1980-ci illərin “qlasnost”una (aşkarlığına) uyğun gəlir. Müxalifət lideri Aleksey Navalnının rəhbərlik etdiyi xalq etirazları və Ukraynaya, Qərbə aid mövzularda rəsmi xətti qorusa da, KİV-lər hələ də insanların maaş, pensiya, mənzil və parklama qaydaları, habelə vergilərlə bağlı narazılıqlarını işıqlandırır.

Rusiyanın xəbər biznesi, həqiqətən, yaşamaq üçün müştərilərə ehtiyaclıdır. KİV anti-Qərb təbliğatından və tarixi keçmişi izzətləndirən hekayətlərindən uzaqlaşdıqda, Kremldən fərqli olaraq, sadəcə, oxuculara sosial məsələlər barədə hesabat verir; həm də “Qiyamət günü”nə dair sensasiyalı, cazibədar başlıqlar tərtib edirlər. Vətənpərvərlik mövcud ola bilər, ancaq həyəcan siqnalı davam edir.

Bu mənada Rusiya mətbuatı “qlasnost”un potensial çevrilmə gücünü xatırladır. 1980-ci illərdə ictimai və tarixi ədalətsizliklərin işıqlandırılması gücləndi və bu, dövləti qoruyanlar (mövcud Kremlə xatırladır) və yenidənqurma tələb edənlər arasında parçalanma yaratdı. 1991-ci ildə baş vermiş çevriliş Sovet İttifaqının dağılmasını sürətləndirdi.

Sovet İttifaqı sıravi insanların əsas ehtiyacları ilə dövlətin superqüdrət gündəmi arasındakı toqquşmadan çökdü və bu da əhalini daha yoxsul hala gətirdi. Vətənini müdafiə etmək istəyərkən öz xalqına əhəmiyyət verməyən Putinin buna bənzər bir səhv etmə riski var. 

“Vedomosti” qəzeti heç də liberal KİV deyil, amma bu yaxınlarda yazıb ki, ruslar “artıq sağ qalmaq naminə yaşamaq yox, qanunun müdafiəsi, hörmət-ehtiram və sülhsevər xarici siyasət” istəyirlər.

Bu xəbər Putinin gözündən yayınıb, çünki o, yalnız mətbuata təlimat verir, amma onu oxumur.

Tərcümə Strateq.az-ındır

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin