Hakim Şahmar İbadovun adam öldürən oğluna bəraət verdi

0
158

Sumqayıt Apellyasiya Məhkəməsi Bakının Nərimanov rayon icra başçısı müavini, odioz fiqur kimi tanınan Şahmar İbadovun oğlu Elmar İbadovun ölümlə nəticələnən törətdiyi yol qəzası ilə bağlı ona bəraət verib.

Hakim Məhəmmədəli Rzayev bununla da məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atmış olub.

Yəqin ki, tarix, gələcək nəsillər onu xatırlayacaq, dərsliklərdə belə hakimlərin barəsində gerçəklərdən bəhs olunacaq.

M.Rzayev prezidentin məhkəmə-hüquq sistemində islahatlara başlamasını deyəsən, tərsinə başa düşərək cinayət törətmiş şəxsin cəzasını nəinki yumşaldır, hətta bəraət verir.

Bəraət o deməkdir ki, Ş.İbadovun oğlu Elmarın günahı olmayıb, ona ilkin məhkəmə instansiyasının verdiyi hökm ədalətsiz olub, məmur oğlu avtoqəzada heç kəsi öldürməyib, günah öləndədir.

Əvvəla M.Rzayev Abşeron Rayon Məhkəməsinin qərarını yerə vurub, bu instansiyanın E.İbadov barəsində çıxardığı 5 il müddətinə azadlıqdan məhrum olunma hökmünü heçə sayıb, məhkəmənin haqsız qərar verdiyini göstərmək istəyib. Əks halda Elmara bəraət verilməzdi.

İkincisi, ölüm işində məmur oğlunun günahı sübuta yetirilib, özü də məhkəmədə peşman olduğunu söyləyib. Bu halda bəraətin izahı nədir?

Ən yaxşı halda onun cəzası yüngülləşdirilə bilərdi. Odur ki, sual yaranır – görəsən, bu işdə Ş.İbadovun nə qədər xərci çıxıb, neçə yüz min “tərləyib”?
Əgər fikirləşirsiniz ki, Sumqayıtın hakimi M.Rzayev könüllü bu qərarı verib, ürəyindən keçib, onda buna “bişmiş toyuğun gülməyi” gələr, heç uşaq da inanmaz.

E.İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.

Hökmdən narazı qalan E.İbadov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib

Lakin işin əsas faciəvi mahiyyəti cəzasızlıq mühiti formalaşdırılması, icra başçısı müavininin oğlun əməlinə görə axırda bəraət almasıdır.

Bir şilləyə görə general Novruzəli Orucovun oğlu həbsdədir, Elmar İbadov isə maşınla adam vurub öldürüb, bəraət alır. Hansı məhkəmə, hansı ədalətdən danışmaq olar? Sanki femidanı zorlayıblar…

Ölkədə neçə-neçə adamlara ağır cəzalar, hökmlər verilib, halbuki onlara yüngül cəza kəsilə bilərdi, amma Elmar Şahmar İbadovun oğludur deyə ona bəraət qazandırılır.

Şahmar İbadov həmin məmurdur ki, özünün adı gözdən əlillər üçün tikilən mənzillərin sağlam vətəndaşlara satıması ilə bağlı 12 milyonluq korrupsiya işində və məhkəməsində keçir. Hətta hüquq şöbəsi müdiri məhkəmədə bəyan edib ki, bütün işlərin arxasında Ş.İbadov dayanır.

Ş.İbadovun adı müxtəlif qalmaqallarda, biznes imperiyası qurmaqda hallanıb. Bu günlərdə isə Nərimanov rayonunda yaşanan növbəti vandalizm icra hakimiyyətinin və Ş.İbadovun əməllərinin növbəti təsdiqidir. Bu barədə video kadrları da təqdim edəcəyik.

Öhdəliyində xəstə, əlil övlad olan qadın qardaşının yas mərasimindən qayıdarkən görüb ki, evini onun xəbəri olmadan, vəziyyətdən sui-istifadə edərək söküblər.

Hansısa tikinti şirkəti bu özbaşınalığa qol qoyub və Nərimanov RİH də tamaşa edib. Ayrı vaxt isə söküntü aparanın gözünü çıxarırlar. Görünür, razılıq alınıb və qanunlar tapdalanaraq yasa gedən adamın evini başına uçurublar. Bu, nə Sudanda, nə Suriyada olub. Çünki həmin ölkələrdə Şahmar İbadov kimi məmurlar yoxdur.

Özü dövlətin gözdən əlillər üçün tikdiyi evləri sağlam adamlara satır, oğlu bahalı maşınla adam vurub öldürür, nə ata məsuliyyətə cəlb olunur, hüquq şöbəsini “günah keçisi” kimi qurban verirlər, nə də oğul cəza alır, əksinə, bəraət alır. İndi hansı ədalətdən danışmaq olar, cənablar?

Ş.İbadov məsuliyyətdən yayınmaq üçün bütün günahları icra başçısının və hüquq şöbəsinin üstünə atmağa başlayıb.

Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söyləyib.

Bu cinayət işi üzrə üç nəfər cinayət məsuliyyətinə cəlb olunub – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, bu qurumun əməkdaşı Hikmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik etmiş Yoməddin Şıxəliyev.

Onlar CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunurlar. Onların ümumilikdə 6.5 milyon manatdan çox ziyan vurduğu iddia edilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin