Sahil Babayev gözdən əlilə zülüm edir… – İDDİA

0
52

“Dövlət mənə pay torpağı verib deyə, aldığımız ünvanlı sosial yardımı kəsiblər. Gözdən əlil olduğum üçün də həmin torpağı əkib-becərə, aidiyyatı üzrə istifadə edə bilmirəm. Belə çıxır ki, azyaşlı övladımla birgə acından ölməyə məhkum edilmişik. Çünki başqa gəlir mənbəyimiz yoxdur”.

Ucarın Qazyan kəndinin sakini Rafiq Qədirov belə deyir. O, birinci qrup gözdən əlildir. Evlidir, bir övladı var. Əmək qabiliyyəti olmadığından illərdir dövlətdən ünvanlı sosial yardım almaqla, dolanırmış. Bir neçə ildir ki, aldığı yardım kəsilib. Səbəb kimi də adına pay torpağının olduğu göstərilib.

R.Qədirov deyir ki, yardımın bərpa edilməsi üçün ona torpağı qohumlarının adına keçirməyi və ya bağışlamağı məsləhət görürlər. Ancaq bunun üçün tələb olunan dövlət rüsumu çoxdur, imkanı çatmır:

“Deyirlər, “get torpağa kupça al”. Bu da edir 270 manat. Sonra da adımdan çıxarıb başqasının adına keçirməmi tövsiyə edirlər. Bunun da rüsumu 170 manatdır. Hamısı birlikdə 440 manat. Mən bu qədər pulu haradan alım? Hələ bunun yolpulu, əlavə xərcləri var”.

R.Qədirov deyir ki, onun 440 manatı olsaydı, ünvanlı sosial yardıma ehtiyacı olmazdı:

“Mənim bu qədər pulum varsa, neyləyirəm sosial yardımı? 150 manat alırdım. 4 nəfər idik. Övladımın biri rəhmətə getdi deyə, yardımın 20 manatını kəsdilər. Qaldı 130 manatı. Sonradan onu da kəsdilər ki, guya pay toprağım var, əkib-becərib, dolanım. Mənim də gözlərim görmür. Əmək qabiliyyətli biri deyiləm. Ona görə çətindir, təsərrüfat işi mənlik deyil”.

R.Qədirov problemi ilə bağlı ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Deyir, nazirlikdən ona gözdən əlil olduğu üçün yardımın bərpa edilə biləcəyini söyləyiblər, amma faydası olmayıb. Yerli qurumlar şikayətinə baxmayıblar:

“Əvvəla, mən pay torpağından istifadə edə bilmirəm. İkincisi də, yeni qanuna görə pay torpağının yardım almağa heç bir aidiyyatı yoxdur. Mənim yardımımı niyə kəsiblər, bilmirəm. Hara da müraciət edirik, ya deyirlər, “bizlik deyil”, ya da içindən çıxa bilmədiyim yol göstərirlər. Belə də şey olar?”

R.Qədirov deyir ki, nə torpağa “kupça” almaq, nə də onu başqasının adına keçirmək üçün göstərilən xidmətlərin heç biri pulsuz deyil. Onun gücü çatmayacaq məbləğdir – 440 manatdır:

“Mən axırıncı dəfə nə vaxt 400 manatı bir yerdə əlimdə tutduğumu xatırlamıram. Bilirsiz, dərd bir-iki deyil. Gec ailə qurmuşam. Övladım kiçikdir, məktəblidir. İnanın əynini-başını, kitab-dəftərini çatdıra bilmirik. Uşağın yanında da üzüqarayıq. Dəfələrlə Ucara getmişəm. Axırıncı dəfə icra hakimiyyətinə getdim. Dedim, uşağımı məktəbə göndərə bilmirəm, geyimi yoxdur. Sonradan uşağa paltar göndərmişdilər. Biz uşağa 50-60 manat verib pal-paltar ala bilmirik. Deyirlər 440 manat ver torpaq işini həll et”.

R.Qədirov deyir ki, illərdir yardımını kəsiblər. Heç maraqlanmayıblar da ki, onlar necə dolanır, nə yeyib, nə içirlər:

“Özü də, mən bilirəm, 440 manatla canımızı qurtaran deyilik. İdarə qapılarında sürünəcəyik. Get-gələ də nə qədər xərcimiz çıxacaq. Üstəlik, gözüm görmür, heç yerə tək gedə bilmirəm. Yoldaşımla getməli olacağam. Getmək üçün də taksi tutmalıyıq. Bu torpaq işini həll etmək bizə 500 manata başa gələcək. Onu da hardan alırıq axı? Borc almağa bir insanımız da yoxdur. Hamının vəziyyəti ağırdır. İndiki zəmanədə heç kimə ağız açmalı deyil”.

R.Qədirov deyir, kənd yeri elədir ki, gərək əkib-becərəsən, mal-heyvan saxlayasan. Buna da onun vəziyyəti əl vermir. Bir tövləsi var, o da sınıq-salxaqdır. Bir-iki heyvanı var, ona da çətinliklə baxır, yeri yoxdur:

“İnanın kənd yeridir, ancaq dolana bilmirik. Çətindir. Mənim əlilliyim var, necə əkim-becərim. Kənddə başqa cür də mümkün deyil axı”.

Sahil Babayev gözdən əlilə necə zülüm edir...
Sahil Babayev gözdən əlilə necə zülüm edir...

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin