“Qırmızı Körpü”də asan keçid: Nə zaman reallaşacaq? – GƏLİŞMƏ

0
77

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Gürcüstanla sərhəddə vətəndaşların sürətli keçidinin təmin olunması barədə tapşırıq verib.

Ötən gün Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olan Səfər Mehdiyev “Mazımçay” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Həmçinin bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

Səfər Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanla Gürcüstan arasında hərəkət digər ölkələrlə müqayisədə çoxdur:

“Ümumiyyətlə, uzun illərdir ki, Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində, eləcə də digər məntəqələrdə problemlər var. Sərhəddi keçən insanlar hər iki gömrükdən necə keçmələrini əks etdirən faktlar göstərirlər. Azərbaycanın sərhəd-keçid məntəqəsində böyük kütlə yığını, xaotik durum biabırçı vəziyyəti göz önünə sərir. Onu da qeyd edim ki, bu yaxınlarda “Qırmızı Körpü” gömrük postunun rəisi tutduğu vəzifəsindən azad olundu. Ümid edirəm ki, Səfər Mehdiyevin verdiyi tapşırıqlar icra olunacaq”.

Ekspertin qənaətincə, keçid məntəqələrində vəziyyəti düzəltmək çox asandır:

“Əgər vəziyyəti indiyə qədər düzəlməyiblərsə, sadəcə, keçib Gürcüstan tərəfdən işin necə təşkil olunmasına baxmaq lazımdır. Onların məntəqələrində neçə nəfərin xidmət göstərdiyi, malların necə yoxlanması, hansı sənədlərin tələb olunması və.s haqda məlumatları götürüb Azərbaycan tərəfdə tətbiq etmək olar. Ümumiyyətlə, ölkəmizin sərhəd-keçid məntəqələrində bürokratik əngəllər həddən artıq çoxdur. Sənədləşmə proseduru çox ləng aparılır, xidmət göstərən pəncərələr çox azdır. Bir ölkənin imici sərhəddən başlayır. İstər ölkə vətəndaşları olsun, istərsə də xaricilər Azərbaycana gələndə sərhəddəki vəziyyətdən narazı qalırlar. İnsanların vaxtı gedir, əsəbləri korlanır, bəzən ölkəyə müxtəlif mallar idxal etmək istəyən sahibkarları günlərlə sərhəddə saxlayırlar ki, bu da həmin mal və məhsulların xarab olması ilə nəticələnir. Bunların qarşısı alınmalıdır. Əks halda, bu biabırçı mənzərə ölkənin imicinə zərbə vuracaq.

Hesab edirəm ki, burada problem tək gömrük orqanı ilə bağlı deyil, eyni zamanda sərhədçilər də bu vəziyyətdən məsuldur. Təqribən 10-15 gün ərzində keçid məntəqələrində intizamı bərpa etmək olar. Bunun üçün nə külli miqdarda vəsait tələb olunur, nə də genişmiqyaslı işlər aparılmalıdır. Əgər xidmət göstərənlər öhdəsinə düşən işi görə bilmirsə, xidmət səviyyəsinin artırılması məqsədilə işçi sayını artırmaq lazımdır. Ümumiyyətlə, verilən tapşırıqlar icra olunarsa, acınacaqlı vəziyyət qismən həllini tapar”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin