Özünəməşğulluq proqramı – Bu proqram aztəminatlı ailələrin ehtiyacını təmin edir?

0
298

Sahil Babyevin “özünəməşğulluq proqramı” yardıma ehtiyacı olan insanların problemlərini həll edir, yoxsa həmin insanların problemlərini artırır?…

Kənd təsərrüfatı üzrə mütəxəssis: “İmkansız ailələr üçün örüş sahəsi ayrılmayıb, yem istehsalı üçün müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Həmçinin də imkansız ailələrə çoxlu sayda yararsız heyvanlar verilib”.

“Kənddə yaşayan əhalinin əksəriyyətinin torpaq sahəsi, heyvanı var idi. Onlar müəyyən səbəblərdən həmin heyvanları saxlaya bilmədilər. Pay edilmiş torpaq sahəsini də satmağa məcbur oldular və yaxud da həmin torpaqdan istifadə edə bilmədilər”.

Bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Sosial Müdafiə Nazirliyi trəfindən aztəminatlı əhalinin məşğulluğunu təmin etmək üçün həyata keçirilən proqramı PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Bu istiqamətdə bir çox addımlar atılır, dövlət başçısı səviyəsində fərman və sərəncamlar imzalanır.

Həmin sənədlərdən biri də 7 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamdır. Sözügedən Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Aztəminatlı əhalinin məşğulluğunu təmin etmək üçün proqramı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi həyata keçirir. Xüsusən kəndlərdə yaşayan imkansız ailələrə heyvan-qara və kiçik bizneslə məşğul olmaq üçün digər vasitələr verilir.

Qeyd edək ki, mətbuatda vaxtaşırı olaraq özünəməşğulluq proqramına cəlb edilən yardıma möhtac ailələrə xəstə, ya da yaşlı heyvanlar verilməsi ilə bağlı məlumatlar yayılır.

Rayonlarda kəndlərimizdə bu proqramın effektivliyi varmı və bu proqram aztəminatlı ailələrin məşğulluğunu təmin etmək üçün yetərlidirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmlininfikirlərini öyrənib.

Vahid Məhərrəmli: “O insalar məcburiyyət qarşısında qalıb bu fəaliyyətlə məşğul olurlar, amma gəlir əldə edə bilməyəcəklər. Çünki bu sahədə problemlər ciddidir”.

Azərbaycanda kənd təsərrüfatının ziyanla başa gəldiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, imkansız ailələri ziyanla işləyən sahədə bizneslə məşğul olmağa cəlb edirlər . Bu absuddur. Aztəminatlı ailələri elə sahəyə cəlb etmək lazım idi ki, onlar gəlirlərini artıra bilsinlər. Vahid Məhərrəmli digər ölkələrdən misal gətirərək bildirib ki, həmin ölkələrdə imkansız ailələr, işləyə bilməyən adamlar üçün sosial yardımlar verirlər. Və yaxud da hökumət onlara aşağı faizlə kredit resursu təklif edir. Azərbaycanda da belə ola bilərdi:

“Bu məsələ hələ təklif kimi irəli sürüləndə mən bu təklifin prespektivinin olmadığı haqda müsahibə verib öz fikrimi bildirmişdim. Azərbaycanda heyvanların baş sayı mövcud olan örüş sahlərinə, təbii biçənək ərzilərinə və yem bazasına adekvat deyil. Heyvanların sayı çoxdur, amma örüş sahələri azdır və ölkədə heyvanlar üçün kifayət qədər yem istehsal olunmur. Əslində istehsal olunan ot və yem yalnız hevyanların fiziki durumunu təmin edə biləcək qədərdir.

Mən bir neçə il əvvəl demişdim ki, yaxşı ki, bu heyvanlar süd, ət verir. Bu sahədə problem çox ciddidir. İndi də imkansız ailələr üçün örüş sahəsi ayrılmayıb, yem istehsalı üçün müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmayıb. Həmçinin də imkansız ailələrə çoxlu sayda yararsız heyvanlar verilib. Heyvanları saxlamaq üçün normal şərait olmadığı üçün həmin heyvanlardan nə normal ət, nə də süd ala bilməyəcəklər. Aztəminatlı ailələr üçün yalnız problem yaradıblar.

Vahid Məhərrəmli: “Azərbaycanda heyvanların sayı çoxdur, amma örüş sahələri azdır və ölkədə heyvanlar üçün kifayət qədər yem istehsal olunmur”.

Onu da qeyd edim ki, kənddə yaşayan əhalinin əksəriyyətinin torpaq sahəsi, heyvanı var idi. Onlar müəyyən səbəblərdən həmin heyvanları saxlaya bilmədilər. Pay edilmiş torpaq sahəsini də satmağa məcbur oldular və yaxud da həmin torpaqdan istifadə edə bilmədilər. Kəndlilər torpaqlardan ona görə istifadə edə bilmədilər ki, kəndlərdə maliyyə problemi kifayət qədər ciddidir. Həmçinin də həm suvarma sularına olan tələbat ödənilmir, hm də texnika ilə bağlı problem var. Bu problemləri də kəndlilər həll edə biləcək imkanda deyillər.

Digər ölkələrdə imkansız ailələr, işləyə bilməyən adamlar üçün sosial yardımlar verirlər. Və yaxud da hökumət onlara aşağı faizlə kredit resursu təklif edirlər. Azərbaycanda da belə ola bilərdi. O adamlar da biznes fəaliyyətlərini və həmin vəsaitdən necə istifadə edəcəklərini özləri seçərdi. Yəni adamlara imkan vermək lazımdır ki, özləri bacardıqları işlərlə məşğul olsunlar.

Vahid Məhərrəmli: “İmkansız ailələrə çoxlu sayda yararsız heyvanlar verilib. Heyvanları saxlamaq üçün normal şərait olmadığı üçün həmin heyvanlardan nə normal ət, nə də süd ala bilməyəcəklər”.

Əgər adamın təcrübəsi yoxdursa və kənddə kifayət qədər ciddi problemlər varsa, onlara mal-qara vermək düzgün yanaşma deyil. O insalar məcburiyyət qarşısında qalıb bu fəaliyyətlə məşğul olurlar, amma gəlir əldə edə bilməyəcəklər. Çünki bu sahədə problem ciddidir. Bizim apardığımız monitorinq də onu deməyə əsas verir ki, o işə cəlb olunanların çoxlu sayda şikayətləri var.

Ümumiyyətlə Azərbaycanda kənd təsərrüfatı ziyanla başa gəlir.Təsəvvür edin ki, ziyanla başa gələn bir sahəyə imkansız ailələri cəlb edirlər ki, o sahədə bizneslə məşğul olsunlar. Bu absurtdur, ağılsızlıqdır. Aztəminatlı ailələri elə sahəyə cəlb etmək lazım idi ki, onlar gəlirlərini artıra bilsinlər. O da fərdi qaydada olmalıdır. Yəni hansı kənddə, hansı qəsəbədə onların özləri hansı işlə məşğul olmaq istəyir. Ona uyğun da tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulardı”.

Nərminə UMUDLU
pia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin