”Oğlumu öldürən üç nəfərdən yalnız biri həbsdədir”

0
65
Məcburi köçkün övladının qətli ilə bağlı istintaqdan şikayətçidir
“Kamranı evimizin yaxınlığında yerə yıxıb armaturla amansızcasına döyüblər. Sınıq-sınıq olmuşdu, beyninə qan sızmışdı. Xəstəxanada ikicə gün komada qaldı, öldü… Bu vəhşiliklə bağlı istintaq düzgün aparılmır. Qətli törədənlər üç nəfər olsa da, yalnız bir nəfər həbs edilib, iki nəfərsə pul verməklə yaxasını kənara çəkib”.
Ötən yay Ağdam köçkünü olan və Gəncədə məskunlaşmış Yusifovlar ailəsində faciə baş verib. Aysəba Yusifovanın 24 yaşlı oğlu Kamran yaşadıqları ünvanın yaxınlığında dəmir parçasıyla döyülüb. Ana Meydan TV-yə gənc oğlunun faciəsindən, istintaqın düzgün aparılmamasından danışır.
‘Maşınla vurub yerə yıxıblar, sonra üstünə tökülüşüb döyüblər”
“İyulun 29-da şəhərdəki çayxanalardan birində bir neçə nəfər arasında mübahisə yaranıb. Həmin vaxt Kamran da orada olub. Həbib adlı şəxs oğlumu təhqir edib, Kamran da ona bir sillə ilişdirib. Sabahı gün səhər Emin adlı şəxs oğluma zəng vurub, deyib, sən polisə gedib məni satmısan. Kamran da deyib, mən heç kimi satmamışam, gəl üzbəüz danışaq. Sonra Kamran Ceyhun və başqa bir dostuyla küçəyə çıxaraq Eminin gəlməsini gözləyib. Az sonra Həbib Əliyev, Sultan Əliyev, Elşad Əliyev eyni maşında bizim küçəyə gəliblər, maşını Kamranın yanında saxlayıblar. Həbib maşından düşərək özüylə gətirdiyi dəmir boruyla əvvəlcə Ceyhunu vurub. Ceyhun Kamrana “bunlar səni öldürməyə gəlib, qaç,” – deyib. Kamran qaçanda maşını üstünə sürüblər, maşınla vurub yerə yıxıblar, üçü də maşından düşərək Kamranı armaturlarla döyüblər. Sonra da küçənin ortasında huşsuz vəziyyətdə atıb qaçıblar,”- Aysəba Yusifova deyir.
Kamran Yusifov
“Üçü öldürüb,biri boynuna götürüb
Ana deyir, polis hadisəni törədənlərdən yalnız birini – Həbib Əliyevi həbs edib: “Əvvəl üçünü də saxlamışdılar. Sonra öz aralarında danışıb razılaşdılar ki, Həbib hər şeyi üzərinə götürsün, cinayəti təkbaşına törətdiyini desin, o birilərin də ailələri birləşib onun işini yüngülləşdirsin. Belə də oldu, oğlumu amansızcasına, qrup şəklində qətlə yetirdikləri halda Həbibə qarşı Cinayət Məcəlləsinin 126.3 maddəsilə (Qəsdən sağlamlığa zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət işi qaldırıldı”.
Ananın tələbi ondan ibarətdir ki, iddia etdiyi kimi, hadisədə iştirak edən digər şəxslər də cinayət məsuliyyətinə cəlb olunsun, maddə və cəza ağırlaşdırılsın: “Mən hər dəfə istintaqdan şikayət edəndə prokuror məni çağırıb sübut tələb edir. Deyir, sübut təqdim elə ki, digər iki nəfər də sənin oğlunu döyüb. Mən başa düşə bilmirəm, vətəndaş niyə nəyisə sübut etməlidir, cinayəti araşdırmaq istintaqın borcudur. Əgər hər şeyi mən sübut edəcəmsə, onda istintaq nəyə lazımdır? Mən niyə kiməsə nəyisə sübut etməliyəm? İstintaq azca düzgün aparılsa, maddi maraq güdülməsə, hər şey ortadır, cinayət də, törədənlər də, sübutlar da…”
 
Kamran Yusifov xəstəxanada
Zərərçəkmişin vəsatəti rədd edilib
Ötən il dekabrın 26-da mərhum Kamran Yusifovun atası Abbas Yusifov Gəncə şəhər Prokurorluğunda cinayət işinin materialları ilə tanış edilərkən narazılığını bildirib. Prokurorluq qarşısında Həbib Əliyevə qarşı irəli sürülmüş maddənin daha ağır maddəyə tövsif edilməsi və digər iki nəfərin də cinayət məsuliyyətinə cəlb olunması üçün vəsatət qaldırıb. Ancaq prokurorluq vəsatəti rədd edib.
İstintaqın qənaəti: “Xüsusi amansızlıqla döyülüb, ehtiyatsızlıqdan ölüb”
Gəncə Prokurorluğu “istintaq sirri” adlandıraraq, Meydan TV-nin suallarını cavablandırmayıb. Suallarsa ananın digər şəxslərin hadisədəki iştirtakları ilə bağlı iddialarına dair idi.
Zərərçəkmiş tərəfin bununla bağlı vəsatətinin rədd edilməsinə dair Qərarda bu sualların cavabı var. Bu cinayət işinin istintaqı Gəncə şəhər prokurorunun köməkçisi Ədülsəməd Əzizlinin icraatında olub.
Onun imzası ilə yazılmış Qərarda göstərilir ki, istintaq yoluyla müəyyən edilib ki, Gəncə sakini, 32 yaşlı Həbib Əliyev Kamran Yusifovu guya onun barəsində təhqiredici ifadələr işlətməsini səbəb gətirərək dəmir parçasıyla xüsusi amansızlıqla döyüb. Nəticədə Kamran Yusifov ağır dərəcəli bədən xəsarətləri alıb, beyninə qan sızıb, xəstəxanaya götürülüb.
Ardınca isə qeyd olunub ki, Kamran Yusifovun aldığı həmin xəsarətlər ehtiyatsızlıqdan onun ölümünə səbəb olub. Elə Kamranın valideynlərini də qəzəbləndirən budur – qəsdən dəmir parçasıyla xüsusi amansızlıqda döyülüb, beyni silkələnən, bu xəsarətlərdən dünyasını dəyişən şəxsə “bu xəsarətlərdən ehtiyatsızlıqdan ölüb” deyilməsi…
Sənəddə göstərilir ki, Kamran Yusifov avqustun 1-də xəstəxanada keçinib”.
Qərarda həmçinin digər iki nəfərin – Sultan Əliyevlə Elşad Əliyevin hadisə yerinə Həbib Əliyevlə birlikdə gəldiyi qeyd olunsa da, Kamran Yusifovun yalnız sonuncu şəxs tərəfindən döyüldüyü yazılıb. Buna görə də atanın həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verdiyi vəsatət rədd edilib.
Yusifovlar ailəsi prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova müraciət ediblər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin