Nazirin “fətvası” verilir: 20 milyardlıq talan, 3 ölkəyə agentlik və… – prezidentə qovluq

0
253

Azərbaycanda aprel seçkilərindən sonra ciddi kadr islahatları gözləyir. Prezidentin komandasının tərkibini yeniləyəcəyi ictimaiyyətin diqqətindədir.

Bildirilir ki, ayrı-ayrı rəsmilər, millət vəkilləri də kadr islahatlarını istisna etmirlər. Ona görə də bir neçə nazirin vəzifəsini itirəcəyi dəqiqdir.

Amma Nazirlər Kabinetinin üzvlərindən kimlər üçün 2018-ci ilin son olacağını söyləmək çətindir. Lakin bəzi versiyalar və informasiya yükü olan analizlər var.

Bəzi ekspertlər hesab edirlər ki, hakimiyyət iqtisadi blokda yer alan nazirlərdən birini dəyişəcək. Ölkə iqtisadiyyatında yalnışları olanların yola salınması gözlənilir.

Bu bloka Mərkəzi Bank sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı, maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev daxildir.

Gələn xəbərlərdə bildirilir ki, 4 məmurdan daha çox S.Şərifovun seçkilərdən sonra “fətvası”nın veriləcəyi iddia edilir.

Maliyyə naziri ötən 3 il ərzində ağır sınaqlardan çıxmağı bacarsa da, onun üzərində olan sərəncam qüvvədə qalır.

Çünki Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sədri Cahangir Hacıyev işində maliyyə naziri tutarlı faktlar qarşısında qaldı.

Bundan əlavə, Şərifov ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valyuta siyasəti yürütməsi ittihamları ilə üzbəüz qalmışdı.

Nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə qurtula bilmişdi. Amma təhlükə ötüşməyib.

S.Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü.

Bir müddət əvvəl nazir istefa vermək də istəmişdi. Ancaq qəbul olunmamışdı. Lakin apreldən sonrakı aylarda hansısa qərarlar istisna edilmir.

Bir neçə il öncə, ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub.

Bankda bütün rəhbər heyəti tələm-tələsik dəyişən maliyyə naziri daha bir cəncələ düşdü. Bu dəfə Samir Şərifovun Beynəlxalq Bankın rəhbərliyinə “Azər Türk Bank”dan cəmi bir neçə ay əvvəl sədr gətirdiyi Elmar Məmmədov gözlənilmədən istefaya göndərildi.

Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmurdu.

Bildirilirdi ki, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib.

Bu məbləğ təxminən 170 milyon manat təşkil edib. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin “qara bazar”a birbaşa rəhbərlik etməsi ilə bağlı hakimiyyət strukturlarında ciddi məlumatlar olub.

Hazırda maliyyə nazirinin üç ölkənin agenti, 2 bankda əməliyyatları, C.Hacıyevlə bağlı dosyesi, o cümlədən manatın qətli işində qeyri-rəsmi ittiham olunması onun qovluğuna tikilib.

Bu qovluq seçkidən sonra ölkə rəhbərliyinin qarşısına qoyula və maliyyə naziri postuna yenisi təyin edilə bilər.

Nazirin peşəkar fəaliyyətinə nəzər salanda görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin.

Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir.

Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı.

Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı.

O vaxtdan bütün ödənişlər məhz ikinci sistem üzərindən həyata keçirilir. Müəllifi Samir Şərifov olan birinci sistem isə istifadəsiz qalıb.

ABB-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri məhkəmə iclaslarında deyib ki, Beynəlxalq Bankın Audit Komissiyasının üzvləri Maliyyə Nazirliyinin işçiləri olub və onlar bankda oturub bütün qərarlara qol çəkiblər.

Cahangir Hacıyev: “Amma ittiham aktında Audit Komissiyası, Müşahidə Şurası, bankın İdarə Heyətində olan şəxslərlə bağlı heç nə yoxdur. Bu məsələlər mütləq araşdırılmalıdır.

Maliyyə naziri Samir Şərifov özü bu işə cəlb olunmalı və ifadə verməlidir. Hətta özü burada mənim yanımda əyləşməlidir. Bunu sübut edən faktlarım var”.

Bu çıxışlarından sonra maliyyə naziri C.Hacıyevə mətbuat vasitəsilə cavab verdi. Samir Şərifov Beynəlxalq Bankın borcları barədə danışarkən bildirirdi ki, bankın sabiq rəhbərliyi kobud səhvlərə yol verib:

“Bir çox hallarda müşahidə şurasının qərarlarına əməl edilməyib, bu qərarlar pozulub və bank barədə məlumatlar təhrif olunub.

Nəticə etibarı ilə bu bankda mənimsəmə halları müşahidə edilib. Əlaqəli şəxslərə dolayı yollarla pullar verilib, o pullar da çıxarılıb, lazım olmayan işlərə sərf olunub.

Hazırda pis işləyən müəyyən zavod, fabrikləri sağlamlaşdırmaq yoluyla satıb, sonra əldə ediləcək pulları kreditin bərpasına sərf edəcəyik…”

Hacıyev və ya başqa biri istəsəydi belə bu qədər zərəri təkbaşına yarada bilməzdi. Çünki bankın idarəetməsi əsas səhmdarı olan dövlətin əlindədir.

Proseslərin əvvəlində ABB-nin səhmlərinin 51%-nin Maliyyə Nazirliyinin timsalında dövlətə məxsus olduğu bildirilirdi.

Amma məhkəmə prosesi başa çatanda dövlətin payı artıq 80% civarında idi. Ona görə də S.Şərifov üçün ağır aprel gəlir…(fia.az)

P.S.Maliyyə Nazirliyinin bu məlumatlarla bağlı açıqlamasını dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin