NARAHATLIQ: Borc üstünə borc yığılır… – “Əslində hökumətin bu məsələni həll etməməsi…”

0
332

Manatın iki kəskin devalvasiyasından sonra problemli kreditlər daha sürətlə artmağa başladı. Xüsusilə də dollar kreditlərində yaranan problemlər həm vətəndaşları, həm də bankları çətin duruma salıb. Hazırda demək olar ki, bütün banklar məhz problemli kreditlərin həcminin yüksək olmasına görə iflas həddindədir. Ekspertlər hesab edir ki, banklarda yaranan vəziyyət həm də ölkədə iqtisadi aktivliyə mənfi təsir göstərir. Bu problemin aradan qaldırılması üçün dəfələrlə təkliflər verilib. İqtisadçılar əsasən problemli kreditlərin həllini məsuliyyət bölgüsündə, yəni, borcun dövlət, bank və vətəndaş arasında bərabər şəkildə paylanmasında görürdülər. Bu istiqamətdə müxtəlif təkliflər verilsə də, bu günə qədər heç bir addım atılmyıb.

Digər tərəfdən, bankların sağlamlaşdırılması prosesi də ləngidiyi üçün bu sektorda vəziyyət günü-gündən ağırlaşır. Bu gün bir çox banklar valyutadəyişmə məntəqəsi kimi fəaliyyət göstərir. Məlumatlara görə məhkəmələrdə olan işlərin 70 faizi məhz bank-vətəndaş qarşıdurmasıdır. Ekspertlər hesab edir ki, bütün bu problemlərin kökündə problemli kreditlərin həcminin yüksək olması dayanır. Əslində görünən odur ki, bu problemin həll olunması üçün istər banklar, istərsə də vətəndaş dövlətdən dəstək gözləyir. Bu günlərdə Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib ki, dollarla verilən kreditlər məsələsinə hökumət strukturlarında baxılır.

Maraqlıdır, ümid etmək olar ki, bu problem həll olunacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində problemli kreditlər məsələsinin həlli üçün maliyyə qaynağının olmadığını deyib: “Əslində hökumətin bu məsələni həll etməməsi, getdikcə daha böyük problemlər yaradır. Həm bankların yükü, həm də vətəndaşların ödəməli olduğu vəsaitlərin həcmi artır. Bu da bankların işləməsinə problem yaradır. Problem 2 il öncə həll olunsaydı, daha ucuz başa gələcəkdi. Amma bütün hallarda gec də olsa, əgər bu problem həll olunacaqsa, bank sektoruna ciddi dəstək olacaq. Ancaq burada digər bir problem ondan ibarətdir ki, problemin həlli üçün lazım olan maliyyənin mənbəyi haqqında heç bir söz deyilmir. Yəni, bu ziyanın kimin üzərində qalacağı məlum deyil.

Büdcədən ödənəcək, banklara hansı güzəştlər olacaq, Neft Fondundan ayrıca vəsait ayrılacaq, hələ ki, bu haqda heç bir məlumat yoxdur. Əsas problem də məhz bundan ibarətdir. İlkin hesablamalara görə bu gün problemli kreditlərin həcmi ümumi kredit portfelinin 15-16 faizidir. Qeyri-rəsmi hesablamalara görə isə bu rəqəm 30 faizə yaxındır. Bu isə o deməkdir ki, problemin həlli üçün təxminən 4-5 milyard manat vəsait lazımdır. Bu vəsaitin mənbəyi isə məlum deyil, nə büdcədə, nə də Neft Fondunda bu növ üzrə xərcləmə nəzərdə tutulmayıb. Ona görə də əsas problem məhz bu vəsaitin mənbəyinin tapılmasıdır”.

Natiq Cəfərli hesab edir ki, may ayında büdcəyə yenidən baxılarsa, problemli kreditlərin həlli üçün vəsait ayrıla bilər: “May ayında büdcəyə yenidən baxılacağı haqqında məlumatlar var. Ola bilər ki, may ayında büdcəyə yenidən baxılan zaman müəyyən düzəlişlər edilsin və bu istiqamətdə vəsaitlər ayrılsın. Bu may ayında baş verməsə, o deməkdir ki, ortaq məxrəcə gəlinməyib və hökumət bununla bağlı heç bir addım atmaq istəmir”.

N.Cəfərli ehtimal edir ki, problemli kreditlər bağışlana bilər. Onun sözlərinə görə bunun üçün özəl banklara kompensasiya ödənilməlidir: “Problemi kreditlər bağışlana da bilər. Məsələn, hökumət Beynəlxalq Bankla bağlı çox ciddi addımlar atdı və xeyli borcunu sildi. Amma problemli kreditlərin böyük həcmi dövlətin yox, özəl bankların payına düşür. Əgər dövlət bunu bağışlayırsa, əvəzində özəl banklara nəsə verməlidir. Bu kompensassiyanın isə mənbəyi bilinmir. Ya dövlət büdcəsindən, ya da Neft Fondundan ödənilməlidir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin