Muxtar Babayev göstəriş verdi: Beyləqandakı “Talan Gölü” araşdırılır – Kimlər cəzalandırılacaq?

0
249

“RealMedia.az” olaraq oxucularımıza Azərbaycanda yol inşaat işlərini həyata keçirən “Polat Yol Yapı” türk şirkətinin Beyləqan rayonunun Binnətli kəndində işini görüb qurtarandan sonra miras qoyduğu “göl qədər dərin” problem barədə məlumat vermişdik. Yazmışdıq ki, şirkətin həndəvərdə dövlət fond torpaqlarında və əhalidən pulla alınan pay torpaqlarında yerin təkinin qanunsuz istismarı yolu ilə yol geyiminin tikintisində istifadə edilmək məqsədi ilə əldə etdiyi qırmadaşı, çınqıl və digər xammalın qazılıb çıxarıldığı yerdə yaranmış böyük bir gölün qurudulması ilə nə şirkət özü, nə də başqa heç kəs qayğılanmayıb. Onu da qeyd etmişdik ki, Beyləqan Rayon İcra Hakimiyyəti və RİH-nin nəzdindəki Fövqəladə Hallar Komissiyası, eləcə də tikintiyə nəzarəti həyata keçirən “Azəravtoyol” Dövlət Agentliyi, Avtomobil yollarının istismara qəbulu üzrə Dövlət Qəbul Komissiyası şirkətdən işi (yolun müvafiq mərhələsini, buraxılış kompleksini) təhvil almamalıydılar və şirkətin gölü qurutmasına nail olmalıydılar. Əks təqdirdə inşasına milyonlarla manat dövlət vəsaiti xərclənən yolun çökməsi labüddür. Qaydaya görə, Dövlət Qəbul Komissiyasının üzvləri sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də nümayəndəsi olmalıdır, olmuşdur da.

İndi öyrənmişik ki, yazı saytımızda (realmedia.az-red.)gedəndən sonra ETSN artıq hərəkətə keçib və sözügedən məsələlərlə bağlı araşdırmalara başlayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, araşdırma nəticəsində bir məsələ ortaya çıxıb ki, o göl hazırki sahibkarının adına qeyri qanuni olaraq sənədləşdirilib. O da məlim olub ki, “Polat Yol Yapı” şirkətinin sözügedən ərazidə qazıntı işləri aparmasına ümumiyyətlə ETSN-nin icazəsi olmayıb və həmin ərəfədə “Polat” şirkəti ümumiyyətlə işinin həmin mərhələsindən təbii sərvətlərimizi talayaraq əldə etdiyi qanunsuz gəlirə görə vergi ödəməyib.

Yeri gəlmişkən xatırladaq ki, 2016-cı ildə deyilən ərazidə şirkətə məxsus texnika ilə aparılan qazıntı işlərini, xammalın daşınaraq şirkətin iritonnajlı yük maşınlarına yüklənildiyini əks etdirən videogörüntüləri qeydə alıb izahlı yazının müşayiəti ilə saytımızda internetə yerləşdirmişdik. Nədənsə müraciətlərimizə baxnmayaraq, Hüseynqulu Bağırovun rəhbərlik etdiyi o vaxtkı ETSN bu biabırçılığa biganə qaldı. Muxtar Babayevin rəhbərlik etdiyi bugünkü ETSN-nin araşdırmasından isə bəlli olur ki, əvvəllər örüş-otlaq sahəsi olmuş həmin ərazidə qazıntı işləri aparılaraq qırmadaşı, çınqıl çıxarılması üçün RİH başşçısı sərəncam verib. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında örüş-otlaq sahələrində bu sayaq qazıntı işlərinin aparılması qadağan olunur. Əldə etdiyimiz məlumata görə, RİH şirkətin nəfinə bu sərəncamı heç də havayı verməyib və sövdələşmənin baş tutmasında RİH başçısının müavini Məhəmməd Qələndərovun “təmənnasız” xidmətləri böyük olub. Ötən yazılarımızda da M.Qələndərovun rəvac verdiyi, qol qoyduğu başqa qanunsuzluqlardan söz açmışdıq. Hərçənd, bu ayrı söhbətin mövzusudur və Hesablama Palatasına, Baş Prokurorluğa yazdığımız rəsmi məktublara cavab alandan sonra həmin digər məsələlərə qayıdacağıq.

Etibarlı mənbədən məlumat əldə etmişik ki, ETSN-nin 9 saylı Regional İdarəsinin müfəttişləri də guya həmin gölün “Polat” şirkətinin apardığı qazıntı işlərinin nəticəsi kimi yaranmadığını, əvvəllər də eyni həcmdə mövcud olduğunu sübut etmək üçün yalançı dəlillər toplamağa çalışırlar. Lakininternet resurslarında qalmaqda olan o videogörüntülər başqa cür şahidlik edir: “Polat Yol Yapı” şirkəti təbii sərvətlərimizi talamaq hesabına dövlətimizin büdcəsindən ayrılan nəhəng pulları qazanır, özündən sonra iz qoyduğu probin həlli ilə qayğılanmır.

Mənfur erməni işğalçılarının torpaqlarımızla birgə onun altındakı təbii sərvətlərimizi, üstündəki maddi və mənəvi sərvətlərimizi talan etməsi, tarixi və mədəni abidələrimizi dağıtması, yaxud, adını dəyişdirərək özününküləşdirməsi başa düşüləndir. Düşmən düşməndir və düşmənçiliyini açıq şəkildə ortaya qoyub. Amma daxilimizdə dövlətin, xalqın malını qəsb edən, yaxud qəsb olunmasına göz yuman yerli məmurlar düşməndən də bedtərdirlər. Bu gün Azərbaycanın bir çox vətəndaşı çörək pulu qazanmaq üçün ölkəmizi tərk edir, xaricə üz tutur. Hətta ailəsinə ruzi qazanmaq üçün vətəndaşlığını dəyişənlər də az deyil. Aydın məsələdir ki, sərvətlərimiz talanmasa, acgöz məmurların özbaşınalıqlarına son qoyulsa, büdcəmiz israf olunmasa, hamının dolanışığını təmin etmək olar. İstəyimiz odur ki, talançılar və onlarla mübarizə aparmalı olduqları halda cinayətkar işbirliyi quran vəzifəli şəxslər yağmaladıqlarını geri qaytarsınlar. Arxalarında kimi, hansı qüvvənin durmasında asılı olmayaraq, məsuliyyətə cəlb olunsunlar.

İnanmaq istəyirik ki, ETSN rəhbəri cənab Muxtar Babayev məsələni şəxsən özü ciddi nəzarətə götürəcək, araşdırmanın obyektivliyinin təmin olunması ilə qayğılanacaq, həmçinin, yolu (yol nahiyyəsini, iş mərhələsini) “Polat” şirkətindən təhvil almış Dövlət Qəbul Komissiyasının üzvləri sırasında yer alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsindən də cavab sorulacaq.

RealMedia.az,

Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin