Moskva 20 Yanvar qırğınını Bakıdakı nüvə başlıqlarına görə törətmişdi?.. – İLGİNC

0
39

Öncəki yazılarımızdan birində 4 iyun Gəncə olayları barədəki bəzi qeydlərinə yer verdiyi Azərbaycanda bir sıra siyasi liderlərin və hazırda vəzifə başında olan hökumət adamlarının, deputatların dostu kimi tanınmış, bəzilərinin hətta “Azərbaycan dövlətçiliyinin akuşer-maması” adlandırdığı Amerika jurnalisti Tomas Qoltz “Azərbaycan xronikası(yaxud gündəliyi)” adlı kitabında 1991-1997-ci illərdə ölkəmizdə baş vermiş elə ziddiyyətli proses, hadisə və məqamlara toxunur ki, onların çoxunu mövcud gerçəklikdə ictimailəşdirmək mümkün deyil…

Oxucuların marağını nəzərə alaraq əcnəbi jurnalistin bu sənədli əsərindən bəzi epizodları yeri gəldikcə nəzərinizə çatdırırıq.

Bu dəfə təqdim edəcəymiz epizodda T.Qoltz 1991-ci ilin payızında Azərbaycanın müxalif qüvvələrinin əsasını təşkil edən Xalq Cəbhəsi və parlamentdə təmsil olunan Demokratik Blokun necə formalaşması haqda qısa məlumat verir. Həmin qurumların aparıcı üzvlərinin qısa xarakteristikasını təqdim edir. Eyni zamanda artıq çökməkdə olan sovet kommunist elitasının Azərbaycandakı qanadı barədə ümumi baxışlarını açıqlayır.

Əcnəbi jurnalist Amerika leksikonuna xarakterik olan bəzi yumşaq təhqirlər də işlədir. Müəllifin hazırda da həyatda olan ayrı-ayrı siyasi fiqurlar barədəki bəzi ifadələrinin yerinə üç nöqtə qoymağı daha məqsədəuyğun sandıq. Eyni zamanda T.Qoltz kitabında Azərbaycan və Türkiyədəki bəzi hərəkatlar barədə yanlış haqsızlıqlara da yol verir. Məsələn, Türkiyədəki Bozqurd hərəkatını “neofaşist” adlandırır…

Bütün bunlarla bərabər hesab edirik ki, Amerikalı bir jurnalistin çökməkdə olan SSRİ-dən qurtulub demokratik adlandırılan Qərbsayağı bir sistemə keçməkdə və hüquqi cəhətdən müstəqil dövlətçiliyə qovuşmaqda olan məmləkətimizdəki siyasi proseslər və aparıcı fiqurlar haqdakı mülahizələri oxucular üçün maraqlı olacaq.

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/277137.html)

“Əbülfəz Elçibəy Cəbhənin lideri ola bilərdi, amma Cəbhənin nə olduğu hələ də məlum deyildi. 1980-ci illərin sonlarında Qorbaçov islahatlarını dəstəkləyən yerli bölmə kimi fəaliyyətə başlamış hərəkata az bir zamanda inanılmaz sayda saxta siyasi partiyaların, maraqlı qrupların, tamahkar fərdlərin, felyetonçuların və çox ola bilsin ki, casusların toplanma yerinə çevrilmiş Cəbhəni təşkil edən dəstələr əvvəlki polis polkovniki İsgəndər Həmidovun başçılıq etdiyi bozqurdlardan, Türkiyədəki neofaşist, pantürkçü Boz Qurd hərəkatının yerli bölməsindən, Kommunist partiyasının dəstəklədiyi və bizim dostumuz Kübra xanımın üzvü olduğu Azərbaycan Qadın assosiasiyasına cavab olaraq zəhmli Xanım Xəlilovanın başçılıq etdiyi Azərbaycan Qadın Hüquqları Hərəkatına qədər sıralanırdı. Orada küçədən keçən “biznesmen”lər, akademiklər, jurnalistlər və hətta həbsxana rəisi Fəhmin Hacıyev də vardı. Sədr müavinlərindən Arif Hacıyev regional radio diktoru idi; o birisi – Asim Mollazadə psixiatr idi.

Sosial Demokratlar da… Onların iki bölməsi də var idi. Birinə Leyla Yunusova adlı xanım başçılıq edirdi. Sovet dövrünün son illərində Moskvalı müxbir ondan tez-tez sitat gətirdiyinə görə o, Qərb mətbuatında Azərbaycan üzrə ən çox istinad edilən mənbələrdən birinə çevrilmişdi. SDP-nin o biri bölməsinə Karamazov qardaşlarının azəri ekvivalenti Zərdüşt və Araz Əlizadələr başçılıq edirdi. Bu cütlük Villi Brand tərəfindən “rəsmi” tanınmaya nail olmalarına baxmayaraq, qardaşları cəbhədə hökumət adamları sayırdılar. Onların partiyası özünü monolit KP-yə qarşı münasib “müxalifət” kimi aparırdı…

Cəbhə ilə əlaqədə ən çox narahatçılıq doğuran fərd isə “Azad Əmək Sindikatı” Turanın başçısı Nemət Pənahov idi. Bəzi Qərb politoloqları tərəfindən “Qafqazın Lex Valensası sayılan Pənahovun(sonralar Pənahlı) 1989-cu ildə Naxçıvan və İran arasındakı sərhəd dirəklərini sökməklə milli hərəkatın əsasını qoymasından başlayaraq Bakıda(və bəlkə Sumqayıtda da) ermənilərə qarşı iğtişaşları təşkil etmək də daxil olmaqla zəngin tərcümeyi-halı vardı. Onun ünvanına söylənilən ən dəhşətli ittiham isə Bakı ətrafındakı sovet hərbi anbarlarından nüvə başlıqlı torpedoları əldə etmək cəhdi idi. Bəzi mənbələrə görə, 1990-cı il Yanvar qırğınını törətmiş Moskva üçün əsas səbəb erməniləri xilas etmək nağılı yox, elə bu olmuşdu…

Cəbhəyə daxil olan digər bir qrup-22 üzvdən ibarət olan Demokratik Blokda birləşmiş milli parlamentin müstəqil üzvləri idi. Bu bəzi jurnalistlər və alimlər tərəfindən səhvən Cəbhə kimi qəbul olunurdu. Arada çoxlu oxşarlıqlar olduğuna baxmayaraq, əslində onlar eyni deyildilər. Bunun səbəbi Cəbhənin 1989-cu ldə seçkiləri boykot etməsinə baxmayaraq fərdi üzvlərə yerlər uğrunda mübarizə aparmağa icazə verməsi idi. Hər halda bütün niyyət və məqsədlərə baxmayaraq Xalq Cəbhəsi müxalifət idi. Onların müxalif olduqları şey şəhərin yüksəkliyində beton-dəmir konstruksiyadan ibarət eybəcər on mərtəbəli binada yerləşmiş 350 üzvlü parlamentin siyasəti idi. Bu binada bütün növ mətbuat məsələlərinə nəzəri aydınlıq gətirilirdi. Və xəbərlər küçənin o biri tayında yerləşmiş dövlət televiziyası vasitəsilə xalqa çatdırılırdı.

Hökumət, yəni Kommunist Partiyası sentyabrınn 14-də özünü buraxana qədər hər vəchlə parlamentin “xalqın vuran ürəyi” olduğunu göstərməyə cəhd edirdi. Amma eybəcər bina və onun içindəkilərin fəaliyyət səviyyəsi kükrəyən Azadlıq meydanının xəyalı ilə elə bir təzad təşkil edirdi ki, mən həmin yer üçün yeni ad tapmışdım- Bataqlıq…

Çox adam köhnə sovet elitasını “dnozavr” adlandırırdı. O mənada ki, onlar brontozavrlar və pterodaktillər kimi yavaş-yavaş tarixin qətran qatlarında batmaqda idilər. Amma mənim fikrimcə, onlara timsah adı daha çox yaraşırdı. Onlar yalnız gün altında mürgüləyən yırtıcı təsiri bağışlamırdı. Aydın məsələ idi ki, onlar həm də öz ənglərini qoruyub saxlamışdılar: onlar nəyin bahasına olursa-olsun sağ qalmağa və nəzəri cəhətdən sinifsiz cəmiyyətdə öz sinfi maraqları adlandırıla bilənləri qoruyub saxlamağa qərar vermiş təhlükəli və harın dəstələr idi. Bir neçə istisna ilə, fabrik direktorları, neft sektorunun müdirləri, rayon icra hakimləri də bu timsahlar siyahısına daxil idilər. Və ümumiyyətlə, istər parlamentdə və ya istərsə də Bakının hər hansı yerində vaxt keçirərkən onların qarşılarındakı boşqab ağzınacan dolu olmalı idi…

Ancaq parlamentdə hamı köhnə kommunist deyildi. Əslində 1991-ci il payızının hər hansı sessiyasında təsadüfən olmuş adam oranın inqilabi fərdlərlə dolu olması təəssüratı ilə oradan gedərdi. Sayının az olmasına baxmayaraq, müxalifətin 22 nəfərlik deputatı mikrofonlara tam hökmranlıq edirdi. Ümumiyyətlə, mən onları “Gənc türklər” adlandırırdım. Və 1991-ci iliin qaçhaqaç payız günlərində onlar doğrudan da canlı bir qüvvə idilər…

İsa Qəmbərovdan başqa orda balaca və xoşagəlimli(Albert Eynşteynə çox bənzəyən fizik) Tofiq Qasımov, davakar və …(əvvəllər riyaziyyat müəllimi olmuş daha bir balaca yoldaş) Rəhim Qazıyev, totuş-motuş Tahir Kərimli və blokun “kəlləli bolşeviki” sayılan ülgüc Arif Hacıyev. Etibar Məmmədov(“balaca Napoleon” kimi tanınan tarixçi) artıq Cəbhədən ayrılmaq ərəfəsində idi və neft maqnatı( “milli burjuaziyanın” maraqlarının qoruyucusu) Rəsul Quliyev tərəfindən verilən pul ilə özünün Milli İstiqlal Partiyasını yaratmaq üzrə idi. Blokun başqa üzvləri də söz alıb danışırdılar, amma hökumətə hücum etməkdə əsas güc hər dəfə mikrofona yaxınlaşanda parlamentdəki neokommunist deputatların ürəklərinə qorxu, cinayətkarların canına üşütmə salan və deyilənə görə … olan Boz qurd liderinə düşürdü. O, palata iclasında idisə, onda hər hansı komitə iclasına getməyə dəyərdi…”
(Davamı var)

(Mənbə: Tomas Qoltz, “Azərbaycan xronikası”, Bakı-2009. Səh. 70-71.)

Qeyd: Materialda adları çəkilən şəxslərin şərhlərini dinləməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin