İki yüz ermənini öldürən Şirzad baba: “Heydər Əliyevlə ilk dəfə görüşəndə…”- REPORTAJ

0
143

Axşam üstü yolumu Dənizkənarı Bulvardan saldım. Yaxınlaşıb dənizin ləpələrini izləməyə başladım. Daha sonra ətrafı dolaşdım və həmin zaman diqqətimi skamyada əyləşib mərhum Xalq artisti Qədir Rüstəmovun  “Sona bülbüllər” muğamını qarmonda ifa edən yaşlı kişi çəkdi. Musiqi bitənə qədər onu dinlədim. Sonra yaxınlaşıb söhbət etməyə başladım…

RealMedia.az olaraq 62 yaşlı qarmon ifaçısı Şirzad baba ilə söhbətimizi təqdim edirik:

  • İfanızla diqqətimi çəkdiniz. Sanki insanın ruhunu oxşayırsınız…
  • Mənim ən çox sevdiyim ifalardan biridir. Həm rəhmətlik Qədir Rüstəmovu çox istəyirdim, həm də onun ifasında “Sona Bülbüllər”i (kövrəlir- red.)

 

  • Tanımaq olar sizi?
  • Əlbəttə, olar. 62 yaşım var, Naxçıvanda doğulub böyümüşəm. Orta təhsilimi o vaxt Heydər Əliyevin təhsil aldığı Sovet İttifaqı Əkbər Ağayev adına internasional məktəbdə almışam. İndi ora Heydər Əliyev adına hərbi məktəbdir. Elə internatda oxuduğum vaxtlardan “Sona bülbüllər”in vurğunu idim. Hətta məktəbdə də ifa edirdim. Həqiqətən də Qədir Rüstəmov kimi “Sona Bülbüllər”i ifa edən ikinci şəxs olmayıb, olmayacaq da.

Söhbət zamanı Şirzad babaya balaca qız yaxınlaşır və görüşürlər. Qız sakitcə bir manatı babanın qarmonunun üstünə qoyub uzaqlaşır. Şirzad baba isə “məni unutma, tez-tez gəl”, deyirdi ona…  Və söhbətə davam edir:

  • Nəsə, illər ötdü məktəbi bitirib hərbi xidmətə yollandım. Elə oldu ki, Ağdamda gedən döyüşlər zamanı ermənilər məni ayağımdan yaraladılar. Bədənimdə 37 qəlpə yarası var. Yaralandıqdan sonra dostlarım məni Oğuz rayonuna toya apardılar. Onlar bilirdilər ki, musiqi ilə məşğul olmuşam. Tam təsadüf nəticəsində Qədir Rüstəmov da dostu ilə o toya gəlmişdi. Onu görən kimi gözlərim doldu, tez yaxınlaşıb görüşdüm. Və xahiş etdim ki, “Sona Bülbüllər”i ifa etsin. Təsəvvür edin, Qədir “Sona Bülbüllər”i elə ifa etdi ki, hamı ayağa qalxıb onun başına toplaşdı. Məndə elə sevincli idim ki, sevincimin həddi-hüdudu yox idi.

Gözləri yaşarır, cibindən nimdaş əl dəsmalını çıxarır, gözündəki qara eynəyini yuxarı qaldırıb axan yaşları silir. Mövzunu dəyişib şəxsi həyatı ilə marağlanıram…

  • Şirzad baba, ailəniz haqda danışa bilərsiniz?
  • Danışaram (gülümsəyir-red). Atam təqaüdçü, anamsa hərbi xidmətdə telefonçu işləyirdi. Anamın adı Məryəm idi. Həmişə ona deyirdim ki, sən İsa peyğəmbərin anasısan. Mən İsa peyğəmbərəm. Anam çox zəhmətkeş qadın olub. Ailədə yeddi uşaq olmuşuq, hamımızı da min bir əziyyətlə böyüdüblər. Uzun illərdən sonra atam dünyasını dəyişdi evin bütün yükü mənim üstümə düşdü. Atamdan sonra anam da tez-tez xəstələnirdi. O biri bacı-qardaşlarım hamısı ailə qurmuşdular. Bircə mən subay qalmışdım. Məndə cavanlıqda, indikində də yaraşıqlı idim (gülür- red.). İnanımırsınız?
  • Yox, inanıram…

Söhbətə davam edir…

  • Hərbi xidmətdən qayıtdıqdan sonra yenə musiqi ilə məşğul olmağa başladım. Məşhur klarnet ifaçısı idim, toylara çox aparırdılar. İnanın, toya aparanlar mənə görə dava edirdilər. Hətta ayağıma qurbanlar da kəsilirdi. Qızlardakı mən ifa edəndə hamısı boy-boya düzülüb mənim tamaşama dayanırdılar. Ancaq o vaxt abır-həya vardı. Başımı qaldırıb birinə də baxmazdım. Anam hər toydan qayıdanda qız bəyəndiyimi soruşurdu. Deyirdi ki, “ay bala, bu qədər toylara gedirsən, qızlara da bax müştəri gözü ilə”. Çox istəyirdi evlənim. Amma mən əhəmiyyət vermirdim.

 

  • Bəs, necə oldu ailə qurdunuz?
  • Demək, bir dəfə anam çox pis xəstələndi. Məni çağırdı vəsiyyət elədi ki, “sağ qalsam öz məsləhət bildiyim qıza elçi gədəcəyəm, yox, əgər ölsəm, ilim çıxmamış evlənki gözüm arxada qalmasın”. Anamın bu sözü həqiqətən də mənə çox pis təsir etdi. Bir neçə gün özümə gələ bilmədim. Anam sağaldı, sağalan kimi dedim ki, “kimə istəsən elçi get. Ancaq elə birini al, səhər sənə qulluq edə bilsin” (gülümsəyir- red.). Nəsə, anamın bir rəfiqəsi vardı, onun qızını çox bəyənmişdi. Bir dəfə də onlara gedəndə mənə dedi ki, “gələrsən, qıza baxmağa. Bəyənsən alacam, bəyənməsən də başqa qız sorağlayaram”. Anam rəfiqəsigildə olanda məndə getdim ora. Qapını qız açdı üzümə. Çox gözəl qız idi, ilk baxışdan vuruldum. Evə gəldik, dedim ki, elçi get o qıza. Versələr də mənimdi, verməsələr də mənimdi, qaçırdacam.  Anamgil elçi gedib, aldılar o qızı mənə. Evləndik və çox xoşbəxt yaşadıq (kövrəlir- red).

Söhbət zamanı cavan oğlan yaxınlaşır Şirzad babadan ifa istəyir. Baba oğlanın xətrinə dəyməmək üçün azca ifa edir. Əslində küçə musiqiçiliyi dilənçilik deyil, zəhmətlə pul qazanmaqdır. Çox təəssüf ki, Bakıda sakinlər çoxu küçə musiqisinə bir sənət kimi deyil, dilənçilik kimi baxır.

  • Heydər Əliyevin təhsil aldığı orta məktəbdə oxuduğunuzu dediniz. Ümumiyyətlə, nə zamansa Heydər Əliyevlə görüşmüsünüz?
  • Əlbəttə, görüşmüşəm. İlk dəfə onunla görüşəndə mənim 10 yaşım vardı. O vaxt “çayka” maşınlar var idi. Heydər Əliyev də Naxçıvana Cəlil Məmmədquluzadənin heykəlinin açılışına həmin maşınla gəlmişdi. Hamı yığışmışdı onunla görüşməyə. Yanında balaca oğlan da vardı. Həmin oğlan İlham Əliyev idi. Təsəvvür edin ki, bir dənə ağ köynəyim vardı. Anama köynəyi yuduzdurmuşdum. Eşitdim ki, Heydər Əliyev açılışa gəlib, köynəyi yaş-yaş geyinib görüşə getdim. Görüşdük, mənim üzümdən öpdü. Çox qayğıkeş, müdrik insan idi. Həqiqətən də el atası idi. O vəfat edəndə insult keçirtdim, bir il xəstə yatdım. Onun yoxluğu indi də mənə təsir edir.

Bir neçə saniyə susur və dənizə tərəf baxırr. Sonra üzünü mənə tutub söhbətə davam edir:

  • O vaxt Heydər Əliyev müharibə zamanı səngərdə olanda, məndə döyüşürdüm. Bizim ordu qələbə çaldı. Horadiz döyüşlərində iki yüz erməni öldürdük. Mən hər zaman Heydər Əliyevin əmrinə tabe olan əsgər olmuşam. İndi də xalqıma musiqi ifa etməklə xidmət edirəm.

  • Neçə ildir küçədə musiqi ifa etməklə xalqınıza xidmət edirsiniz?
  • Heydər Əliyev dünyasını dəyişdikdən sonra insult keçirtmişdim də. Ondan sonra özümə gələ bilmədim. Fikrimi musiqi ilə ovundurmağa başladım. Elə o vaxtdan beləcə Bulvarda musiqi etməyə başladım.

Şirzad baba söhbət edə-edə gözünü gələn gedənin əlinə dikmişdi. Hava da çox qaralmışdı, söhbəti yekunlaşdırıb oradan kənarlaşdım. Həmin vaxt arxamca “vaxtın olanda gəl, söhbət edək, Şirzad babanı unutma”, deyə səsləndi.

Gülnarə Eynullaqızı

RealMedia.az

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin