Hafiz Hacıyev: “Dağlıq Qarabağı üç aya azad edəcəm”- MÜSAHİBƏ

0
242

Müsahibim dörd dəfə prezidentliyə namizədliyini irəli sürmüş, özünü siyasətin “akula”sı adlandıran, Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevdir. Hətta öz deməsinə görə el arasında ona “balıq Hafiz” də deyilir. Hafiz Hacıyev həm çətin, həm də qalmaqallı müsahibdir.

RealMedia.az Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin müsahibəsini təqdim edir:

  • Hafiz bəy, xoş gördük. Sizi tanıyanlar da var, tanımayanlar da. Tanımayanlara özünüzü necə təqdim edərdiniz?
  • Mən də sizi xoş gördüm. Məni tanımayan yoxdur, hər zaman xalqımın ürəyindəyəm. Ola bilər ki, kimlərsə özünü tanımamazlığa vurur. Məni tanımayan ya Azərbaycanı tanımır, yadakı taleyi ilə maraqlanmır (gülümsəyir- red.). Tanıyan da sağ olsun, tanımayan da.

 

“Xalq məni necə xarakterizə edirsə, elə bir insanam”

 

  • Hafiz Hacıyev necə bir insandır, özünüzü xarakterizə edə bilərsiniz?
  • Xalq məni necə xarakterizə edirsə, elə bir insanam. Mən millətimi sevən, xalqımın dərdi ilə alışıb-yanan, vətənim və millətim üçün canından keçən biriyəm. Mənimçün Azərbaycanın müstəqilliyi və dövlətçiliyi hər şeydən üstündür. Təbii ki, ölkəmin problemləri hər zaman olub və davam edir. Keçmiş də az, bu gün çox, gələcək isə sual altındadır.

“Ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir”

 

  • Problemlər dedikdə, çoxluq və ya azlıq təşkil edən hansı problemləri nəzərdə tutursunuz?
  • Bu gün bizim ən böyük problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu da bizi üzür. Sovetlər dönəmində bu problem yox idi. Azərbaycanın müstəqilliyindən sonra müstəqilliyimizi istəməyən, gözü götürməyən, düşmən kəsilən qüvvələr bu problemi yaratdı. Azərbaycan xalqının bir hissəsini öz torpaqlarından qaçqın düşdü. Əvvəllər insanlara hörmət çox idi, indi isə elə deyil. Korrupsiya bu qədər deyildi, indi daha çoxalıb. Bu da təəssüf ki, hakimiyyətdə olan, təsadüfi vəzifə tutmuş bəzi məmurların ucbatından yaranır. Bu kimi məsələlər xalqı qıcıqlandırır, dövlət başçısına və dövlətin imicinə zərbə vurur. Bizi istəməyən Avropa Şurası, Avropa İttifaqı, Qərb dövlətləri də bundan çox ustalıqla istifadə edirlər. Həmişə olduğu kimi, həm daxilimzdəki radikal qüvvələr, həm də xarici qüvvələrdən bizi istəməyənlər çoxdur. Sorosun maliyyə hesabına ölkədə qarışıqlıq salmaq istəyən, xarici qüvvələrə işləyənlər az deyil. Məsələn, xarici qüvvələrdən Kərimov Əli, Həsənov Cəmili çox asanlıqla ələ alıb vəziyyəti gərginləşdirmək istəyənlər var. Bizlər də bu məsələlərin həlli yollarını axtarırıq. Hətta ölkə başçısının ətrafında olan insanlar çalışırlar ki, həmin radikal qüvvələrlə birləşib Azərbaycanda dövlət çevrilişi etsinlər. Artıq bunun simptomları da görünür. Ölkə prezidenti bu kimi problemləri qaydasına salmağa çalışır. Lakin bəzi məmurlar problemdən problem yaradırlar ki, ölkə başçısı onların əməllərini görməsin.

 

“Prezidentin komandası tamamilə təmizlənməlidir”

 

  • “Təsadüfi vəzifə tutmuş bəzi məmurlar” dedikdə, yəqin ki, aidiyyatı qurumlarda aidiyyatsız insanları nəzərdə tutursunuz. Adlarını açıqlaya bilərsiniz?
  • İndiyə kimi çox adlar çəkib özümə kifayət qədər düşmən qazanmışam. Onsuzda adlarını çəkdiklərim çox çəkmir ki, uzağı 3-4 aydan sonra papkasını qoltuğuna vurub gedir. İstəmirəm onlar duyuq düşsünlər, ölkəni taladıqları və yığdıqları pulları tez qaçırtsınlar. Bilirsiniz də, bəzi nazirlər öz xanımlarından da ayrılıblar. Xaricdə guya kimləsə nigaha girib, var-dövlətlərini həmin şəxlərin adına qeydiyyatdan keçirirlər. Məsələn, yeni nazirlərdən biri Gəncədə vətəndaşları toplayıb ictimaiyyətlə görüş keçirir. Halbuki bu, onun sahəsi deyil. Bəzi gənclər elə zənn edir ki, hansısa qurumda nazir işləmək gələcəkdə prezident olmaq deməkdir. Xeyr, bu heç də asan deyil. İndiki çətin dönəmdə istəmirəm rəngləri bir az da tündləşdirəm. Deyərdim ki, hökumətdə, dövlət başçısının qədrini bilməyən təsadüfi adamlar çoxdur. İlham Əliyevin onlara etdiyi etibarı tam doğrulda bilmirlər. Bu da məni çox narahat edir. Kimləri vəzifəyə gətirirsə, onun tapşırıqlarını yerinə yetirmək əvəzinə, əksini edirlər. Bir sözlə, xəyanət edirlər. Ancaq büdcəni talamaqla, bahalı maşınlar almaqla, villalar tikdirməklə və qohumbazlıqla məşğuldular. Övladları da xaricdə eyş-işrət içində yaşayır. Prezidentin komandası iki-üç nazir istisna olmaq şərti ilə tamamilə təmizlənməlidir.

“Qardaşım dediyim məlumatları araşdırır”

 

  • İlham Əliyev sizin sözünüzü eşidir və onları işdən azad edir?
  • Qardaşım dediyim məlumatları araşdırır, haqqı-ədaləti eşidir. Nəticə etibari ilə ciddi tədbirlər görür. Hətta xatırlayırsınızsa prezident seçkiləri ərəfəsində Rüfət Aslanlının prezidentə xəyanət etməsi və gələcəkdə prezident olmaq istəyini demişdim. Bir ildən sonra vəzifədən kənarlaşdırıldı və haqqında cinayət işi açıldı. Həmçinin, Bayraq Meydanı, Bakı Lift İdarəsinin müdiri, keçmiş nazir Fazil Məmmədov, Ziya Məmmədov, Səlim Müslümov və digərləri haqda sözümü demişdim. Nəhayət də tutduqları vəzifədən azad olundular. Bu yaxınlarda şəhid ailələrinə ayrılan pulları nazir vermirdi, ermənilərlə əlbir olan Kərimov Əli və Həsənov Cəmillər də bundan ustalıqla istifadə etdilər. Ancaq çox çətinliklə bu məlumat prezidentə çatdırıldıqdan sonra dərhal həll edildi. Həmçinin də jurnalist Mehman Hüseynovun məsələsini bu qədər şişirtməyə ehtiyac yox idi.

 

Bəzi məmurlar qardaşımı meydanda tək buraxıb

 

  • Demək istəyirsiniz ki, prezidentin hakimiyyətdə olan ətrafı onu sevmir?
  • Bu gün ölkədə çox pis ideologiya irəli sürülür. Prezidenti sevən mən və mənim kimilər ondan uzaq tutulur. Ancaq vaxtı ilə Heydər Əliyevə güllə atanlar, onun hakimiyyətə gəlməsinə maneə yaradanlar bugünki gün çox yüksək vəzifələrdədilər. Çox təəssüf ki, vəzifə tutmuş bəzi məmurlar mənim qardaşımı meydanda tək buraxıb, qardaşım da səngərdə tək döyüşür. Heç bilirsiniz, sonuncu mitinqdə hakimiyyətdən bəzi məmurlar Kərimov Əliyə, Həsənov Cəmilə nə qədər pul buraxdılar.

         “Prezident Aparatı tərəfindən Həsənov Cəmilin kitabını çap etdirənlər”

  • Hakimiyyətdən kimlər idi mitinqə pul buraxanlar?
  • Prezident Aparatı tərəfindən Həsənov Cəmilin kitabını çap etdirməyə maliyyə ayıranlar. Hər halda İlham Əliyev bilir kimlərdi. Onların barəsində də yaxın vaxtlarda çox ciddi tədbirlər görüləcək.

 

“İlham Əliyevə xəyanət edənlər…”

 

  • Müsahibələrinizin birində “siyasətin akulası mənəm, kilkəsi Qəmbərov İsa, Kərimov Əlidir”, demisiniz. Bu ifadə ilə nə demək istəyirsiniz?
  • Qəmbərov İsa bizim hakimiyyətimiz dövründə Milli Məclisin sədri idi. Nəticəsi nə oldu? Elçibəyə xəyanət etdilər və onun hakimiyyətini devirdilər. Nəyə lazım idi iki partiya yaratmaq?! Buna ehtiyac yox idi. Biz nazir idik, Qəmbərov İsa deyirdi ki, siz Musavat Partiyasının üzvü olmalısınız. O birisi də Azərbaycan Xalq Cəbhəsinə üzv olmağa çağırırdı. İki tirəlik də bundan yarandı. Bizim hakimiyyət devrildikdən sonra çox ciddi fəsadlar baş verdi. Kərimov Əli AXCP-ni, Qəmbərov İsa da Musavatı yaratdı. Mən balıqçı naziri idim, hətta el arasında mənə “balıq Hafiz” deyilir. Ona görə də Qəmbərov İsanı kilkə balığı kimi udduq getdi. Heç o adda adam varmı? Ola da bilməz! Kərimov Əli isə heç kimdir! O yalandan, Sorosun pulu hesabına, hakimiyyətdə prezidentə xəyanət edən, vaxtı çatmış insanların pulu, onların tapşırığı ilə idarə olunan şişirdilmiş biridir. Hakimiyyət daxilində İlham Əliyevə xəyanət edənlər görürlər ki, Kərimov Əlinin reytinqi düşür, tezbazar onu prezidentin üstünə “qısqırdırlar” . Həmişə demişəm, yenə deyirəm, mən balina kimi bu kilkələri udmuşam, heç çoxusunu da həzm etmirəm.

 

“Azərbaycan korrupsiyada 177-ci yerdədir”

 

  • Sizcə, Kərimov Əlini hakimiyyədən maliyyələşdirən şəxslərin məqsədləri onu hakimiyyətə gətirib prezident seçməkdir?
  • Onlar özləri 20 ildir ölkəni necə talan etdiklərini yaxşı bilirlər. Azərbaycan korrupsiyada 177-ci yerdədir. Prezident dəfələrlə korrupsionerlərə qarşı ciddi mübarizələr aparıb. Bir neçəsi vəzifədən kənarlaşdırılıb, hətta həbs olunanlar da olub. Söz düşəndə deyirlər ki, İlham Əliyev Fazil Məmmədovun, Ziya Məmmədovun və s… qədrini nə bildi ki, bizim də qədrimizi bilə. Ona görə də prezidentin başını qatmaq üçün pul buraxıb mitinqlər təşkil edirlər. Xatırlayırsınız, Eldar Mahmudov Kərimov Əlinin vasitəsi ilə şəhid ailələrini, veteranları “Tarqovu” küçəsinə toplayıb qanlar tökdü. Əli indi də keçib başqasının kurasiyasına. Hətta prezident seçkilərində Kərimov Əli haqda kifayət qədər rəsmi sənədlər ortaya qoydum və ölkənin Baş prokuroru Zakir Qaralova müraciət etdim. Baş prokurorla tədbirlərin birində görüşəndə də bu haqda dedim. Ancaq bu günə kimi heç bir nəticə yoxdur. Rusların bir sözü var “bulanıq suda balıq tutmaq asandır”. Məqsədləri yalnız və yalnız dövlətdən oğurladıqları kapitalı, siyasi kapitala çevirib, ölkəni Kərimov Əli və Həsənov Cəmilin vasitəsi ilə qarışdırıb öz əməllərini ört-basdır etməkdir. Əgər Kərimov Əli ilə əlbir olan məmurlar əməllərindən əl çəkməsələr, mart ayına böyük mitinqlər təşkil edib, onların böyüdülmüş şəkillərini bizim partiya üzvlərinin yaxasından asacağıq. Ölkə prezidenti və xalqım həmin “xişnik”ləri tanımalıdır.

“Elçibəyi sevməmək Alllahını sevməməkdir”

 

  • Elçibəyə olunan haqsızlıqdan və xəyanətdən bəhs etdiniz. Bildiyim qədər Elçibəyin yaxın dostu olmusunuz. Siz necə, ona xəyanət etmisiniz?
  • Elçibəy Azərbaycanın Milli Hərəkatında xüsusi xidmətləri olmuş tarixi bir şəxsiyyətdir. Onun xidmətləri danılmazdır. Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy tarixin yetişdirdiyi şəxsiyyətdirlər. Bəlkə də bunu kimlərsə danır. Onların ya təfəkkürü yoxdur, ya da təhsili zəifdir. Elçibəy kristal bir insan idi. Borcla gəlib, borcla getdi bu dünyadan. Elə bir insanı sevməmək Alllahını sevməməkdir.

 

“Mənə sui-qəsd olundu”

 

  • Hər zaman məmur və onların övladlarının özbaşınalığını sözlə daş-qalaq etmisiniz. Siz qədər tənqid edən ikinci bir şəxs yoxdur.
  • Bəli… Bunlar çox sırtıqdılar, onlara söz də təsir etmir. Dəfələrlə bizə basqılar olsa da, ancaq faktlara söykənərək çox şeyə nail olmuşuq. Baş nazirin müavini Əli Həsənov Hesablamalar Palatasının hesablamalarına görə məcburi köçkünlərin iki milyard yarım pulunu yedi. Sual yaranır ki, Əli Həsənov niyə həbs olunmadı? Məndə bu kimi faktları araşdırıb ortaya qoyuram. Hər dəqiqə ölümlə hədələnirəm, təhqir olunuram, həyatım təhlükə qarşısındadır. Hətta bu yaxınlarda mənə sui-qəsd də olundu. Sağ olsun hörmətli Ramil Usubov, hələ ki, bu məsələnin üstünü açmayıb. Görünür, bunun bir hissə də gedib onun dostlarına çatır. Ancaq məni öldürmək heç də asan məsələ deyil. Hər şeyə rəğmən mən imkan verməyəcəm qabırğası qalın, üzləri “badoş”dan olan məmurlar mənim qardaşıma xəyanət etsinlər.

 

“Ölkədə it yiyəsini tanımır”

 

  • Belə desək, ölkədə siyasi ab-hava stabil deyil?
  • Doğrudur, ölkədə it yiyəsini tanımır. İndiyə qədər ölkədə mitinqlər təşkil olunub. Onlardan hansı Dağlıq Qarabağ məsələsinin həlli, Dilqəm Əsgərovun erməni girovluğunda olması ilə bağlı keçirilib? Heç biri. Hər kəs öz mənfəətini güdür. Bizdə məlumatlar var ki, İlham Əliyevi istəməyən qüvvələr mart-aprel aylarında ölkədə böyük qarışıqlıq yaradacaqlar.

         “Növbəti prezident özüməm, proqramımız da hazırdı”

  • Hafiz Hacıyev dörd dəfə prezidentliyə namizədliyini irəli sürmüş siyasətçidir. Növbəti seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi və ya seçilmənizə ümidiniz varmı?
  • Növbəti prezident seçkilərində ölkənin prezidenti mən seçiləcəm. Buna heç kəs narahat olmasın. Bu gün qardaşımdır, növbəti seçkilərdə mən olacağam. Mitinqlərdə qışrırılar ki, hakimiyyətə gəlib sizi asacağıq. Əmin olun ki, prezidenti seçildikdən sonra sizləri özüm asacağam. İlham Əliyev demokrat və humanist insandır, amma Hafiz Hacıyev elə olmayacaq. Mənim dövrümdə qanunlar çox güclü olacaq. Növbəti prezident özüməm, proqramımız da hazırdı.

 

  • İlham Əliyevə “qardaşım” deyirsiniz və məmurları xəyanətdə ittiham edirsiniz. Sizcə, Prezident seçilsəniz o postu tutmanız qardaşınıza olan sevgiyə xəyanət deyilmi?
  • Qətiyyən! Qardaşımın seçkidə marafonu mənə verəcəyinə inanıram.

 

“Üç aya Dağlıq Qarabağı işğaldan azad edəcəyəm”

 

  • Təşkil olunan mitinqlərin heç birində Dağlıq Qarabağ məsələsi ilə bağlı çağırışların edilmədiyini vurğuladınız. Düşünürsünüz ki, siz Prezident seçildikdən sonra Dağlıq Qarabağ məsələsini həll edəcəksiniz?
  • Çox təəssüf ki, hakimiyyətdə ermənilərə qohum olan bəzi insanlar prezidentin bu münaqişənin həll etməsinə imkan vermirlər. Prezident məmurları toplayır münaqişənin həllinə dair planlar hazırlayır. Məmurlar da məlumatı erməni arvadlarına ötürürlər. Onların badoş övladları da tez erməni dayılarına zəng vurub məlumatı ötürüb planı pozurlar. Mən Prezident seçildikdən sonra üç aya Dağlıq Qarabağı işğaldan azad edəcəyəm. Həmçinin də, içimizdə olan ermənilərdən Azərbaycan hakimiyyətini azad edəcəyik. Paytaxtımız Xankəndi olacaq. Bakıda artıq əhalinin yaşamaq imkanları məhdudlaşır.

“Mənim keçmişim də şəffafdır, bu günüm də”

 

  • Məmurların ölkəni talamasından bəhs edən Hafiz Hacıyevin gəlir mənbəyi varmı?
  • Yox, yoxdur. Əlbəttə ki, bu gün biz məmurların katibələrinin, sürücülərinin, köməkçilərinin yaşadığı səviyyədə belə yaşamırıq. Mənim keçmişim də şəffafdır, bu günüm də. Hər şey göz önündədir. Sizə də xüsusilə təşəkkürümü bildirirəm. Media işçiləri olaraq, haqqın, ədalətin, düzgünlüyün yanında olmağınızı istəyirəm.

Gülnarə Eynullaqızı

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin