Hacı İbrahimdən Prezidentə şikayət: – “Dövlət binamızı öz balansına götürsün”

0
60

Xətai rayonu, Nobel prospekti 189-a ünvanda yerləşən “RRR” MTK-nın 50-dən çox sakini dövlət başçısına şikayət məktubu ünvanlayıb.

Onlar bildirilər ki, təxminən 10 il öncə inşa edilən bina sözün əsl mənasında, Allahın ümidinə qalıb: “Bu günə qədər binanı inşa edən şirkət və onun rəhbərləri ilə bağlı müxtəlif qurumlar tərəfindən araşdırmalar aparılıb, bəzi məsul şəxslər həbs edilib, bəziləri isə istintaqa cəlb edilibdir. Problemin ən ağrılı tərəfi ondan ibarətdir ki, sahibsiz qalan binanın bu günə qədər “yaşama” səbəbi məhz orada yaşayan sakinlərdir. Belə ki, müqaviləyə uyğun olaraq təhvil verilməyən işlərin bir çoxunu sakinlər öz şəxsi hesablarına ediblər”.

Şikayətçilərin dediyinə görə, yaşayış binasının qaz və su təminatını da sakinlər pul toplayaraq həll ediblər: “Ümumilikdə, bina ilə bağlı ən xırda problemin həlli belə sakinlərin “ixtiyarına” buraxılıb. Bununla belə, hazırda onlarla xırda problem hələ də öz həllini tapmayıb”.

Sakinləri narahat edən əsas məsələ binanın tam istismara verilməsi, liftlərin quraşdırılması və çıxarışın alınması ilə bağlıdır: “Burada əsas çətinlik yaradan məsələ isə sakinlər üçün nəzərdə tutulan liftlərin quraşdırılmaması ilə bağlıdır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyi (sənəd əlavə edilib) bir neçə dəfə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova məktubla müraciət etsə də, məsələ öz həllini tapmır. Çox güman ki, yaxın gələcəkdə də bu problem öz həllini tapmayacaq. Biz Sahib İbrahimovun özü ilə görüşdük. Şəxsən üzümüzə dedi ki, kimə istəyirsiniz deyin, özünüzü yandırın, yolu kəsin, belə şeylərlə məni qorxuda bilməzsiniz. Bu cavab biz sakinləri çox ciddi şəkildə narahat edir”.

Sakinlər ölkə başçısı İlham Əliyevə də müraciət ediblər: “Prezident İlham Əliyev yeganə ümidimizdir. Hər zaman xalqı düşünən prezidentimiz 2019-cu ildə mənzillərin ististmara verilməsi qaydalarının sadələşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu bizə bir daha ümid verdi, düşündük ki, problem qısa zaman kəsiyində öz həllini tapacaqdır. Ancaq bu adam aidiyyatı qurumları saymır. Bizdə olan məlumata görə uzun müddət istismara verilməyən binalar dövlətin balansına keçir və beləliklə bütün texniki və hüquqi məsələlər öz həllini tapmış olur. Sahib İbrahimovun mövqeyi aydındır. Bu mənada biz, 50-dən çox sakin Prezident İlham Əliyevə güvənərək yaşadığımız binanın dövlətin balansına keçirilməsini və illərlə bizə aid olmayan problemlərin həll olunmasını xahiş edirik” (7NEWS.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin