Gürcülər ermənilərin “tor”una düşməməlidir… Əks halda – Bəxtiyar Səlimov yazır

0
133

Son günlər ən çox müzakirə olunan məsələlər sırasında Gürcüstandakı müəyyən dairələrin Azərbaycan əleyhinə yönəlmiş çıxışlar və həmin iddiaların doğurduğu reaksiyalar xüsusi yer tutur. Həqiqətən də, Cənubi Qafqazın iki dost, müttəfiq, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxmış Azərbaycan və Gürcüstan arasında ötəri də olsa, belə bir gərginliyin yaranması dərin təəssüf hissi yaradır.

Ancaq mütləq qeyd edilməlidir ki, bu gərginliyin ortaya çıxmasına görə Azərbaycan hər hansı formada məsuliyyət daşımır. Ölkəmiz mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə hər zaman sadiq qalaraq, Gürcüstana ehtiyacı olan dəstəyi verib və verməkdədir. Bu iki ölkəni tək qonşuluq deyil, həm də oxşar tale birləşdirir. Çünki həm Azərbaycanın, həm də Gürcüstanın ərazi bütövlüyü pozulub. Belə bir şəraitdə bu iki ölkənin əməkdaşlıq etmək zərurəti daha da artır.

Buna baxmayaraq, Gürcüstanın millətçi dairələri Azərbaycan sərhədlərində  yerləşən Keçikçidağ məbəd-kompleksinə və başqa məntəqələrə ərazi iddiaları irəli sürməklə, yersiz gərginliyə səbəb oldular. Gürcüstanın bəzi sabiq dövlət məmurları və indiki deputatlarının Azərbaycan əleyhinə təhdid dolu çıxışları isə adekvat reaksiya ilə qarşılandı. Lakin görünür, Gürcüstandakı müəyyən sağlam qüvvələr Azərbaycanla münasibətlərin pozulmasının onlar üçün hansı mənfi nəticələrə yol açacağını başa düşərək, gərginliyin aradan qaldırılmasına hesablanan bəyanatlar verdilər.

Gürcüstan tərəfindən edilən bu reveranslar müsbət hal olsa da, bəhs edilən gərginliyin yaranma səbəbi və onun təkrarlanma ehtimalı ortaya müəyyən suallar çıxarır. Axı Azərbaycanla gərginliyin yaranmasının Gürcüstana nə faydası var? Sözsüz ki, heç bir. Bəs o zaman bu gərginliyin arxasında hansı qüvvələr dayanır?

Fikirimizcə, bu məsələdə də həlledici rolu Gürcüstanda yaşayan ermənilər “oynayıblar”. Çünki iki dost ölkənin bir-birinə qarşı gəlməsi, münasibətlərinin gərginləşməsi yalnız ermənilərə və onların məkrli planlarına xidmət edir. Burada məqsəd aydındır. Məlumdur ki, ermənilərin tək Azərbaycan torpaqlarına deyil, həm də Gürcüstana  qarşı ərazi iddiaları var. Onların bu planlarının həyata keçməməsinin əsas səbəblərindən biri də məhz Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olmasıdır. Ona görə də, ermənilər bu “maneə”ni götürmək üçün hər vəchlə Gürcüstan və Azərbaycan arasında gərginlik yaratmağa, buna nail olduqdan sonra isə öz planlarını rahatlıqla reallaşdırmağı düşünürlər.

İnanırıq ki, bu həqiqəti Gürcüstanda başa düşərək, iki ölkə arasında arzuolunmaz gərginliyə səbəb olan addımlardan birdəfəlik imtina edəcəklər. Gürcülər ermənilərin “tor”una düşməməlidir… Əks halda, o gərginliyin zərbəsi Gürcüstana dəyəcək.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin