Gülarə Əliyeva həbsində müəmma: Gömrük şefinin sürücüsü qadını necə şantaj edir?

0
1754

Vüsal Novruzovun sürücüsü rəisinin adı ilə aldatdığı zinət alverçisini əsasız pul tələbindən başqa daha hansı üsulla şantaj edir?

RealMedia.az-a daxil olan məlumata əsasən, Bakı şəhər Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzovun sürücüsü Nəcəf Nəsirli ilə qızıl alverçiləri Gülarə Əliyeva və daha 3 qadın arasında borc qalmaqalı böyüməkdədir.

Xeyli vaxtdır gündəmi zəbt edən bu mövzu ilə bağlı yayılan əvvəlki məlumatlarda bildirildiyi kimi, Nəcəf Nəsirli Vüsal Novruzovun adından sui-istifadə edərək həmin qadınlardan aldığı ümumi dəyəri 615 min dollarlıq qızıl-zinət əşyalarının pulunu ödəməyib. Məlumata görə, adıçəkilən sürücü qadınları hədələyərək onların başına oyun açacağını bildirib. Qadınların KİV-ə yol tapmış tələblərindən biri də bu idi ki, cinayət işini aparan, ədalətinə şübhə ilə yanaşdıqları müstəntiq Elçin Qurbanov prosesdən uzaqlaşdırılsın.

Xatırladaq ki, dekabrın 8-də polisə aparılan Gülarə Əliyeva qarşı tərəfin – Nəcəf Nəsirlinin 2 milyonluq ittihamı ilə qarşılaşıb. Onun verdiyi 615 min dollar pul tələbini ehtiva edən şikayəti isə nəzərə alınmır. N.Nəsirli tərəfindən ortaya əsaslı sübutların qoyulmadığı iş sürətlə təhqiqat mərhələsindən istintaqa ötürülüb. G.Əliyevanın xəstəliyi də gözə alınmadan hazırda Kürdəxanı Təcridxanasında saxlanılır. Oxucularımızın sırasına yeni qatılanlara aydın olsun deyə bəzi xatırlatmaları etmək istəyirik:

V.Novruzovun sürücüsündən zaval görən qadınlardan biri Aytən İbrahimova deyib ki, hərdən də özümüz malları Vüsal Novruzovun “28 May” metrostansiyasının yaxınlığında yerləşən mənzilinə, bağ evinə, yaxud da ona məxsus olan “Edelveys” gül salonuna aparırdıq:

“Bizim Vüsal Novruzovla şəxsi tanışlığımız olmayıb, heç vaxt üz-üzə gəlməmişik. Sürücüsünü tanımışıq, həmin adam qızılları öz rəisi üçün aldığını deyirdi”.

Qeyd edək ki, Gömrük generalının sürücüsü ilə qızıl alverçiləri arasında alver 2016-cı ilə qədər davam edib. Həmin ilin əvvəllərində Nəcəf Nəsirli öz rəisi üçün növbəti dəfə onlara müxtəlif çeşiddə zinət əşyaları, qiymətli daş-qaş sifariş edərək gətizdirib. Amma sürücü sonuncu dəfə ümumi dəyəri 615 min dollarlıq qızıl-zinət əşyalarını aparsa da, pulunu ödəməyib. Qadınlar sürücüdən qızılların pulunu istədikdə isə sürücü müxtəlif bəhanələr gətirərək, gah qızılları itirdiyini, gah da seyfdən oğurlandığını deyib. Hər dəfə malların pulunu tezliklə düzəldib ödəyəcəyini söz verən sürücü, daha sonra telefon nömrəsini dəyişir və əlaqəni tamamilə kəsir.

Aytən İbrahimovanın sözlərinə görə, istirahət üçün Gülarə Əliyeva ilə birlikdə Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb və həmin qarşılaşma zamanı ona məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri, o cümlədən 35 min dollarlıq qolbaq generalın ailə üzvlərinin üzərindədir:

“Mənimlə birgə işləyən Gülarə də yanımda idi. Vüsal Novruzovun ailə üzvlərinə yaxınlaşıb salamlaşdıq, gördük ki, generalın qızının qolundakı brilyant qaşlı qolbaq digər qızıllarla birgə bizim Nəcəfə verdiyimiz və pulunu ala bilmədiyimiz həmin əşyalardan biridir. Təkcə həmin qolbağın qiyməti 35 min dollar idi”.

Qadınların hər biri N.Nəsirli barədə hüquq-mühafizə orqanlarına şikayət etmələrinə baxmayaraq, cinayət işi məhz sürücünün şikayəti əsasında qaldırılıb. Ancaq onların N.Nəsirli barəsində etdikləri şikayətlər təmin olunmayıb. Elə həmin cinayət işi əsasında Gülarə Əliyeva həbs edilib. Ehtimal olunur ki, Vüsal Novruzov nüfuzundan istifadə edib sürücüsünə qahmar çıxıb, onu qoruyur və əksinə, şikayətçilərə cinayət işi açılmasına nail olub. Təsir altında olan hüquq-mühafizə orqanları əməkdaşları da Gülarə və rəfiqələrini sürücünün şikayəti qarşılığında geri çəkilməyə, nəticə etibarilə 615 minlik iddialarını unutdurmağa çalışırlar. Gülarə Əliyevanın üstünə atılan şərə geyindirməyə “don” tapılmadığı halda, onun barəsində guya istintaqdan yayınmağa cəhd edibmiş adı qoyularaq təcili həbs qətimkan tədbiri görülməsi, həm də bu tədbirin aşkar sezilən prosessual pozuntularla müşayiət olunması da düşünməyə əsas verir ki, onun özünümüdafiə imkanlarını məhdudlaşdırmaq niyyəti güdülüb. Qızı Nigarın verdiyi məlumata görə isə, Gülarə Əliyeva təcridxanada olsa da, bütün təzyiqlərə baxmayaraq, öz haqq işini başa çatdırmaq fikrindən dönən deyil. Etibarlı mənbədən aldığımız məlumata əsasən, Nəcəf Nəsirlinin Gülarə Əliyevaya təzyiq üçün yararlanmağa çalışdığı şantajın daha bir iyrənc elementi də var. Əslində hüquq-mühafizə və cinayət təqibi orqanları həmin elementi gizlətməməli, onun özünə qarşı çevirməliydilər. Hərçənd, bu, ayrıca bir söhbətin mövzusudur.

Redaksiyadan: Mövzunu diqqətdə saxlaycağıq. Məsələ ilə bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Rəvan Qurbansoy

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin