“Gəlinimi gətirməyə yer tapmıram” – Şəhid ailəsi “Qaçqınkom”un eyni məzmunlu, mücərrəd cavab məktublarından “oboy” kağızı hazırlayır

0
44

 

Şəhid ailəsi “Qaçqınkom”un eyni məzmunlu, mücərrəd cavab məktublarından “oboy” kağızı hazırlayır
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik siyasətindən bəhrələnən vətəndaşlar az deyil. Məskunlaşdıqları yerlərdə özünə ev-eşik, biznes quranlar da çoxdur. Amma müşahidələr göstərir ki, burda da zirəklər qabağa düşür, necə deyərlər, “dilsiz-ağızsızlar” karvandan geri qalır. Sirr deyil ki, bir çox hallarda bu məsələlərdə korrupsiya, süründürməçilik, bürokratik əngəllər öz sözünü deyir. Ancaq bu yazımızda biz heç kimi ittiham etmək niyyətində deyilik. Mövcud problemin dərinləşməkdə olduğunu bir daha əlaqədar qurumların diqqət mərkəzinə gətirmək istəyirik.

"Gəlinimi gətirməyə yer tapmıram" - Şəhid ailəsi

Füzuli rayonunun Şəhərcik kəndindən məcburi köçkün, Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda, Humanitar Kollecin yataqxanasında məskunlaşmış Əliyeva Fazilə Xanlar qızı redaksiyamıza müraciət edərək, özünün və məcburi köçkün qonşularının Azərbaycan Respublikasının Prezidentinə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinnin sədrinə ünvanladıqları müraciətnamənin surətini açıq formada qəzetimizdə dərc olunmasını xahiş etmişdir. Köçkünlərin KİV-də ictimailəşdirmək istədikləri problemlərdən söz açılan həmin müraciətnamədən oxuyuruq: “Möhtərəm Prezident! Ölkəmizdə dövlətin qaçqın və məcbiri köçkünlərə yönəlik qayğılı siyasəti bütün dünyada təqdir olunur. Bu zümrədən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması istiqamətində görülən tədbirlər alqışa layiqdir. Buna baxmayaraq, yerlərdə həllini tapmamış problemlər qalmaqdadır. Biz – məcburi köçkünlər, 1992-ci ildən məskunlaşmış olduğumuz Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədov küçəsi – 19/25 ünvanda (Humanitar Kollecin yataqxanasında) illərdir ki əziyyət içində, acınacaqlı şəraitdə yaşayırıq. Kommunal xidmət infrastrukturu yox səviyyəsindədir. Yataqxana binası köhnə, demək olar ki, qəzalı vəziyyətdədir. Baş verə biləcək yanğın və digər fövqəladə hallara qarşı müdafiə sistemi yoxdur. Əlaqədar təşkilatlardan ara-sıra gəlib bizim mənzillə təmin olunacağımız yönündə iş aparıldığını desələr də, heç bir irəliləyiş yoxdur. Burada körpəli, qocalı, xəstəsi olan ailələr yaşayır (Əgər buna yaşamaq demək olarsa). Qarşıdan qış gəlir. Qaz təminatı olmadığından, soyuqda nə edəcəyimizi bilmirik. Odur ki, bizim mənzillə təminat məsələmizin mümkün qədər tez həllini tapmasına köməklik göstərməyinizi xahiş edirik”.

"Gəlinimi gətirməyə yer tapmıram" - Şəhid ailəsi

Məcburi köçkünlərin məskun olduqları yataqxanadakı vəziyyətlə yerində tanış olduq. Məktubdakı birinci imzanın sahibi Əliyev Fazilə Xanlar qızının yaşadığı otaq yataqxananın beşinci mərtəbəsində yerləşir. Divarın yuxarı küncü dam örtüyünün bərbad olması səbəbindən yağıntının təsiri ilə uçuqlamış, üstünün oboy kağızı ilə birgə qopub tökülmüşdür.

Həmin ünvanda yaşayan iki şəhid ailəsindən birinin qonağı olduq. Ağdam rayonundan olan məcburi köçkün, şəhid Əliyev Elşad İldırım oğlunun ailə üzvü Əliyeva Mətanət Teyyub qızı xatırlayır ki, “Qaçqınkom”un sədri Rövşən müəllim bir neçə ay qabaq vəzifəsinin icrasına təzə başlayan vaxtı özü gəlib yataqxananın həyətinə, buradakı şəraitlə, daha doğrusu, şəraitsizliklə tanış olub. Sual verib onu da öyrəndik ki, Komitədə, eləcə də Ağdam rayon İcra Hakimiyyətində şəhid ailəsinə mənzil növbəsi sırasında neçənci olduğu da bildirilməyib.

"Gəlinimi gətirməyə yer tapmıram" - Şəhid ailəsi

Mətanət xanım deyir ki, rəhmətlik Elşad Əliyev şəhid düşəndə oğulları Məhəmməd qundaqda 37 günlük körpə imiş: “Artıq oğlumun 25 yaşı var. İki ildir ki, nişanlıdır. Gəlinim də Tərtərdəndir, cəbhə bölgəsində yaşayır. Orda hər dəfə atışma baş verməsi barədə xəbər yayılanda ürəyimi yeyirəm ki, görən nə oldu. Gəlini gətirməyə yer tapmıram. Üçün dördə (3×4 metr sahə – red.) balaca otağa sığınmışıq. Yarım oklad 64 manat maaşla xadimə işləyirəm. Bu məvaciblə necə ev ala bilərəm?”

Şəhid Elşad Əliyevin ailəsinin mənzil sahəsi ilə təmin olumaqla bağlı Prezidentə ünvanladıqları müracətlərinə adətən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən belə cavab verilir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə yeni salınmış qəsəbələrdə və hündürmərtəbəli binalarda boş mənzil fondu olmadığından, onların mənzil sahəsi ilə təmin olunmaları hələlik imkan xaricindədir. Cavab məktublarında həmçinin qeyd olunur ki, ölkə başçısının 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ına Əlavələr təsdiq edilmişdir. Həmin Əlavənin 1.7-ci bəndində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Vəd olunur ki, Dövlət Proqramına edilmiş Əlavələrin icrası həyata keçirilərkən onların də mənzil sahəsi ilə təmin olunması məsələsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.
Mətanət xanım deyir ki, artıq bu eyni məzmunlu, mücərrəd xarakterli məktublardan beziblər: “O məktublar o qədərdir ki, “oboy” əvəzinə yapışdırsaydıq, divarı örtə bilərdik. Çoxunu əsəbdən cırıb atmışıq. Niyə bu qədər nefti-qazı olan ölkənin bizi mənzillə təmin etməyə gücü çatmır?”

"Gəlinimi gətirməyə yer tapmıram" - Şəhid ailəsi

Sonra da yerə sərdikləri örtüyü qaldırıb döşəmənin çürümüş yerini, pəncərənin sınıq-salxaq çərçivəsinə şüşə əvəzinə salınmış polietileni göstərir: “Bu vəziyyətdə nə vaxtadək yaşamaq olar?”

Məsələ burasındadır ki, qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlik dövlət proqramları həyata keçirilərkən imtiyazlara görə ardıcıllıq nəzərə alınmır. Torpaqlarımızın bütövlüyü uğrunda mücadilədə canlarından keçən şəxslərin ailələri, müharibə əlilləri, veteranları ardıcıllıqla dövlətin sosial siyasətindən yararlanmalıdırlar. Əgər şəhid ailəsi acınacaqlı şəraitdə yaşayırsa, digərlərini ev növbəsində qabağa salmaq nə dərəcədə ədalətlidir?

Pünhan Şükür,

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin