“Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” – Oqtay Qasımov

0
30

Milli-azadlıq hərəkatının 30-cu ildönümündə sabiq prezidentin köməkçisi Oqtay Qasımovla mübarizə tarixi, müstəqilliyin qazanılması və Elçibəy iqtidarı haqda söhbət…

Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasından 30 il ötür. Önəmli tariximizin yubileyi ilə bağlı “Yeni Müsavat” həmin dövrdə hərəkatın fəal gənclərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdan Azadlıq meydanında müsahibə götürüb. Həmin müsahibənin ikinci hissəsini təqdim edirik:

– Prezidentin köməkçisi olmaq göstərilən yüksək etimaddan irəli gəlir. Siz Elçibəyin yanında bu qədər etimadı necə qazanmışdınız? Bəyin ətrafında kifayət qədər inandığı adamlar var idi. Amma o, məhz sizi seçmişdi…

– Əbülfəz bəyin seçkiləri vaxtı Zəngilan rayonunun özünümüdafiə dəstəsində idim. Könüllü olaraq getmişdim. Sonradan Xalq Cəbhəsindən mənə tapşırıq gəldi ki, seçki məsələləri ilə məşğul olum. Seçki günü biz geri qayıdası olduq. Ondan sonrakı dövrdə Xalq Cəbhəsinin İnformasiya Mərkəzində işləyirdim. O zaman Niyazi İbrahimli mərkəzin rəhbəri idi. O, Prezident Aparatına gedəndən sonra Rauf Arifoğlu onun yerinə təyin olundu. Rauf bəylə İnformasiya Mərkəzində bir müddət işlədim. Mənə birinci dəfə dövlət vəzifəsində işləmək təklif olunmuşdu. Sadəcə, özüm bundan imtina etmişdim. Çünki informasiya mərkəzində çalışmağı daha çox istəyirdim. İkinci təklif bir ay sonra gəldi. Prezident Aparatına gedib Pənah Hüseynlə görüşdüm. Pənah bəy bildirdi ki, prezidentə köməkçi təyin olunmağınla bağlı belə bir təklif verilib, prezidentdən qərar gəlib ki, köməkçi olaraq işə başlamalısan. Pənah bəy hətta onu da dedi ki, gedib hazırlaş və iyulun 20-dən işə çıx. Köməkçi olmağım bu cür başladı. O zamanlar açığı bilmədim ki, hansı formada köməkçi olmağımla bağlı mənə etimad göstərildi. Mənə sadəcə Pənah bəyin dəvəti və Əbülfəz bəyin təyinatı ilə bağlı məlumat verildi. Köməkçi təyin olunana qədər Xalq Cəbhəsinin qərargahında ilyarım çalışmışdım. Xalq Cəbhəsinin qərargahında işləməyə başladığım gündən stajlı işçilərdən sayılırdım. O vaxt Əbülfəz bəy mənə dedi ki, köməkçi olmamı istəyir. Sadəcə, yuxarıda dediyim kimi informasiya mərkəzini seçdim. İnformasiya mərkəzini qurmaq və Sabit bəylə bu işlə məşğul olmaq istədiyimi dedim. Ara-sıra Əbülfəz bəyin özü də İnformasiya Mərkəzinə baş çəkirdi. Onun kabineti ikinci, bizimki isə üçüncü mərtəbədə idi. Bizim orada sutkalıq iş rejimində işlədiyimizi də bilirdi, yəni növbə əsasında orada gecə-gündüz işləyirdik. Görünür, bu məsələlər də Əbülfəz bəyin seçiminə təsir etmişdi.

– Hərəkat dövründə öndə gedənlər Azərbaycan ziyalıları idi. Sirr deyil ki, onların əksəriyyəti müxtəlif işlərdə çalışırdılar. Amma hər şeyi risk altına qoyub meydana gəlir, hətta çıxışlar edirdilər. O dövrün ziyalısı ilə indikini müqayisə etmək olarmı?

– Ola bilsin ki, o dövrün ziyalıları bir qədər cəsarətli görünə bilərlər. Amma məsələlər fərqlidir. O zaman Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi məsələsi gündəmdə idi, ölkəmiz müstəmləkədən qurtulmaq istəyirdi. Burada istər-istəməz qəlbində milli hissləri olan hər kəs proseslərdə iştirak etməyə çalışırdı. Amma bugünkü məsələ fərqlidir. Hazırda Azərbaycanda demokratiya, iqtisadi durum və digər belə məsələlərlə bağlı problemlər var. Milli-azadlıq hərəkatı dövründə Azərbaycan insanının mübarizəsi xaricə yönəlik idi. Bu gün belə deyil. İstənilən halda, mənə elə gəlir ki, o zamanın insanları daha aktiv şəkildə fikirlərini deyə bilirdilər.

“Nə deməyindən asılı olmayaraq Mütəllibov müstəqilliyimizin əleyhinə çıxan şəxs olub”

– Belə fikirlər hər zaman var ki, müstəqillik qazanmasaq Dağlıq Qarabağı itirməzdik. Doğrudur, belə fikirlər olduqca azdır. Siz necə düşünürsüz?

– Azərbaycan Dağlıq Qarabağı 1988-89-cu illərdə artıq itirmişdi. Doğrudur, orada sovet və Daxili Qoşunlar dayanırdı. Sovet rəhbərliyi orada xüsusi bir idarəetmə qurumu yaratmışdı. Əslində bunlar Dağlıq Qarabağı Azərbaycandan ayırmağa doğru aparan yollar idi. Qarabağ SSRİ dövründə artıq nəzarətimizdən çıxmışdı. Bu baxımdan belə fikirlər doğru ola bilməz. Azərbaycan dövlət və cəmiyyət olaraq bu proseslərə hazırlıqsız yaxalandı. Daxili siyasi intriqalar da burada az rol oynamadı. Deyərdim ki, buna şərait yaratdı. Azərbaycanın bir dövlət olaraq Dağlıq Qarabağı ölkə maraqları çərçivəsində həlli imkanı 1993-cü ilin yayında olub. Sənədlər ortadadır. Hər kəs istədiyi vaxt bununla maraqlana bilər. Həmin ilin mayının sonlarında 3+2 deyilən format var idi.

Amerika, Rusiya və Türkiyə Azərbaycanla Ermənistan arasında gedən danışıqların yekunu nəticəsində Kəlbəcərin və Kəlbəcərlə eyni vaxtda işğal olunmuş ərazilərin dərhal boşaldılması ilə bağlı BMT qətnaməsinin yerinə yetirilməsini qrafikini müəyyən etmişdi. Bu qrafikə görə iyun ayının 14-dən 30-a qədər Kəlbəcər boşaldılırdı. Ondan sonra payıza doğru saziş imzalanır və Dağlıq Qarabağın statusu müəyyən olunurdu. Təəssüf ki, Rusiya başda olmaqla xarici qüvvələrin əli ilə Azərbaycan bu imkanları itirdi. Surət Hüseynovun qiyamı nəticəsində xarici qüvvələrin buradakı kəşfiyyatları hərəkətə keçdi. Müstəqilliyi qazanmayıb, SSRİ-nin tərkibində qalsaydıq, çox sakit bir şəkildə Dağlıq Qarabağı alıb ermənilərə verərdilər. Əslində bu proseslər gedirdi. Bunu müstəqillik mübarizəsi ilə əlaqələndirmək doğru deyil.

– Xalq hərəkatının öndə gedənlərinin əksəriyyəti hazırda müxalif düşərgədə təmsil olunurlar. Maraqlıdır ki, əvvəlki illər kimi bu il də müxalif qüvvələr Milli Dirçəliş Gününü parçalanmış şəkildə qeyd edirlər. 15 noyabrda bir tədbir keçirildi. 17 noyabrda da bir tədbir olacaq. 30 illik yubileydə ürəkağrıdıcı mənzərə deyilmi?

– Ölkəmizdə ürəkağrıdıcı mənzərələr çoxdur. Bu da cəmiyyət daxilində bölünmüş, inamsızlıq duyğularının artmasından doğan hallardır. Bir də uzun dövrün bir uğursuzluq zolağı var. Bunun da təsiri az deyil. Belə hallar heç bir şəkildə xoş deyil. Bu reallıqlarla barışmağa məcburuq.

– “Azadlıq hərəkatını mən başlatmışam”, “müstəqilliyi mən qazanmışam” kimi iddialar meydan hərəkatının liderlərinin bəzilərinin dilindən səslənməsi 17 noyabrın tarixi mahiyyətinə kölgə salmırmı?

– Belə düşünmürəm. Tarix hər şeyi yerinə qoyacaq. Zaman da hər kəsi haqq etdiyi yerinə qoyur. Tarix də bunları yazır. Bu baxımdan kimin hərəkatda öndə getdiyi və digər bu kimi fikirləri dilə gətirmək lazım deyil. Müəyyən qruplar, şəxslər var idi və onların fəaliyyəti nəticəsində cəmiyyət bu meydana axın etdi. Orada Oqtaya, Cavanşirə və başqasına inamdan daha çox Azərbaycanın ümummilli probleminə baxış məsələsi var idi. İnsanlar bunun üçün gəlmişdilər. O zaman meydana kimsə bu və ya digər şəxsə görə gəlmirdi. Çünki Azərbaycan cəmiyyəti hələ o insanları tanımırdı. Deyək ki, Əbülfəz Elçibəy akademiya sistemində işləyirdi. Ondan qabaq universitetdə müəllim işləmişdi. Bu baxımdan onu xeyli sayda tanıyan insanlar var idi. Müəyyən qədər aktiv olan, milli düşüncəyə sahib insanlar Əbülfəz bəy barədə məlumatlı idilər. Amma Nemət Pənahlı 1988-ci ildə ortaya çıxmış bir şəxsdir. Sabir Rüstəmxanlı meydan hərəkatının əsas aparıcılarından biri idi. Meydana qədər o yazdığı əsərləri, çıxışları ilə cəmiyyətdə özünə müəyyən qədər nüfuz qazanmışdı. Rəhmətlik Bəxtiyar Vahabzadə bu meydanda dəfələrlə çıxış edib. O da hərəkata qədər artıq “Gülüstan” poeması ilə məşhur idi. Azərbaycanın 70-ci illər gəncliyinin əhəmiyyətli bir hissəsi “Gülüstan”ı oxuyub milli şüurunda müəyyən dəyişiklik etmişdi. O baxımdan hərəkatı 1-2 nəfərin ayağına bağlamaq doğru deyil. Bu bir xalq hərəkatı idi və bunun əsas aktyoru xalq idi. Sadəcə hərəkatın önündə gedənlər var idi. Bəzi məqamlarda önə çıxanlar və arxa planda duranlar var idi. Meydan Nümayiş Komitəsi tərəfindən idarə olunurdu.

– Ayaz Mütəllibovun dövründə Elçibəy komandası daha vahid bir şəkildə idi. Siz necə düşünürsüz, Əbülfəz bəyin prezident olması həmin komandanı parçalamadımı?

– Belə düşünmürəm. Orada məsələ fərqli idi. Ayaz Mütəllibov Rusiyanın buradakı qubernatoru idi. Nə deməyindən asılı olmayaraq, Ayaz Mütəllibov müstəqilliyimizin əleyhinə çıxan şəxs olub. Bunu unutmamışıq. 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda onun mövqeyi bəlli idi. O, açıq şəkildə cəmiyyətə təzyiqlər edirdi. Hətta o zaman “Demokratik blok”un deputatlarının bir qismi aclıq belə etmişdilər. Onları zorla parlamentin binasından çıxarmışdılar. Deputatlar da aclığı Xalq Cəbhəsinin qərargahında davam etdirmişdilər. Nə Qarabağ, nə ordumuzun qurulması məsələsində, nə də müstəqilliyimizlə bağlı real addımlar atılmadığı üçün xalq hərəkatı təkidlə davam edirdi. Ayaz Mütəllibovun siyasəti, fəaliyyəti kökündən yanlış idi. Hərəkatın aparıcı insanlarının əksəriyyəti Xalq Cəbhəsində birləşdiyi üçün əsas güc mərkəzi bura idi. Elçibəy çıxışlarında hər zaman deyirdi ki, Xalq Cəbhəsi bir hərəkatdır, hərəkat artıq partiyalara çevrilməli, çoxpartiyalı sistem yaradılmalıdır. Elçibəyin hakimiyyətə gəlməsi komandanı parçalamadı, sadəcə partiyalaşmaya stimul verdi. Hər kəs özlərinə uyğun şəxslərlə partiyalar qurub fəaliyyət göstərməyə başladılar. Nə dərəcədə istəklərinə çatıb-çatmadıqları başqa bir mövzudur.

– Hərəkatın öndə gedən isimləri var idi ki, AXC hakimiyyəti dövründə kənarda qaldılar. Onlardan əsas diqqətçəkəni AMİP lideri Etibar Məmmədovdur. Digərlərinin də adını çəkə bilərik. Haradasa bu həmin şəxslərə qarşı bir haqsızlıq deyildimi?

– Xeyr, belə olmayıb. Nemət Pənahlı 1989-cu ildə Xalq Cəbhəsindən aralanmışdı. Məhəmməd Hatəmi ümumiyyətlə, Xalq Cəbhəsinin üzvü olmayıb. Onlar Elçibəy hökumətinə müxalif olublar. Etibar Məmmədovla bağlı məsələ tamam fərqlidir. O, 1992-ci ildə artıq ana müxalifətin lideri idi. Yetəri qədər gücü olan partiyası var idi. Etibar Məmmədova hakimiyyətdə təmsil olunmaq üçün bir neçə dəfə təkliflər verilib. Sadəcə olaraq bəzi prinsipial məsələlərdə razılıq əldə olunmadığı üçün təkliflər həyata keçməyib. Ona olan təkliflər həm Xalq Cəbhəsi hakimiyyətə gələndə, həm də 1993-cü ilin iyun hadisələri vaxtı olub. Etibar Məmmədova konkret baş nazirlik təklif olunub. Onu heç kəs kənarda qoymayıb.

– Siz demək istədiniz ki, AXC hakimiyyətinin baş naziri əslində Etibar Məmmədov olmalı idi…

– Onun özü vəzifədən imtina etdi. O, xalqın seçdiyi prezidentin səlahiyyətlərinin mühüm bir hissəsinin baş nazirə verilməsini istəyirdi. Xüsusilə güc strukturlarının ona verilməsini tələb edirdi. Buna heç bir şəxs, o cümlədən Əbülfəz bəy razı olmazdı. Amma 1993-cü ildə vəziyyət tamam fərqli idi. AXC hakimiyyətin Surət Hüseynov kimi qiyam qaldıran bir şəxsin əlinə keçməyindənsə, siyasi müxalifətin əlinə keçməsini istədi. O müxalifətin də lideri Etibar Məmmədov idi. Bu istiqamətdə danışıqlar aparılsa da, təəssüflər olsun ki, bu baş tutmadı.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin