Ermənilər panikada – Tramp işğalçıya Qarabağ sürprizi edə bilər

0
205

Okeanın o tayından bu tay üçün kritik gözlənti; Düşmən ölkədə ABŞ-ın silah embarqosundan dolayı təlaş artır; Ermənistan İlham Əliyevin İrəvan bəyanatı ilə Amerikanı şantaj etməyə çalışır; Qərb nəşrindən maraqlı şərh… 

Artıq şübhə yoxdur ki, 2018-ci il həm də ABŞ-Rusiya münasibətlərinin sərtləşməsi ilə yadda qalacaq. Bu da öz növbəsində bir sıra konfliktli məsələlər, o cümlədən Qarabağ problemi ətrafında situasiyada mühüm izlər buraxacaq. Proses hələ ötən ilin dekabrından başlayıb. Nə vaxt ki, ABŞ-ın açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya, İran və Şimali Koreya Amerika üçün əsas hədəflər elan olunub.

“ABŞ-ın Maliyyə Nazirliyi yaxın bir neçə həftədə Rusiyaya qarşı yeni sanksiyalar haqda məlumat verəcək”. Bunu ötən həftəsonu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Ağ Evdə jurnalistlərə bildirib. “Biz Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik. Sizi əmin edə bilərəm ki, proses gedir və mən qarşıdakı bir neçə həftə ərzində yenidən burada – Ağ Evdə olacağam”.

“Yeni Müsavat” xatırladır ki, ötən ayın sonunda Rusiyaya qarşı Amerikanın yeni sanksiyaları qüvvəyə minib. Bu sanksiyalar ABŞ-a imkan verir ki, Rusiyanın müdafiə və ya kəşfiyyat idarələri ilə əlaqədə olan istənilən şəxsə, ölkəyə qarşı bır sıra maliyyə sanksiyaları tətbiq eləsin.

Sanksiyalar işə düşər-düşməz, Rusiya artıq 3 milyard dollar itirib. Belə ki, bir neçə ölkə ilə imzalanan hərbi müqavilələr Moskvanın istəyi əleyhinə ləğv olunub. Bu haqda məlumat verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov onu da bildirib ki, “ABŞ şantaj və hədə-qorxu yolu ilə, məqsədyönlü şəkildə Rusiyanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığına mane olmağı hədəf götürüb”.

*****

“Rusiya dünyada ikinci böyük silah satıcısıdır və o üzdən nəzəri cəhətcə sanksiya altına düşə biləcək ölkələrin siyahısı böyük ola bilər. Ancaq sanksiya hədəsi yalnız Rusiya silahına güvənən və ABŞ-la da yaxşı əlaqə qurmaq istəyən Ermənistanda deyəsən daha çox təşviş yaradıb”.

Trump ile ilgili görsel sonucu

“Yeni Müsavat” xəbər verir ki, bu barədə EurasiaNest.org portalında getmiş təhlili məqalədə deyilir. Məqalədə daha sonra bildirilir ki, Amerikanın İrəvandakı səfirliyi bu ölkənin də sanksiyalar altına düşmə təhlükəsi haqda artıq Ermənistan hökumətini xəbərdar edib.

“Sanksiyaların tətbiqi çox selektiv və konkret situasiyadan asılı olmalıdır. Yəqin ki, qanun ABŞ-ın heç bir strateji tərəfdaşına və ya müttəfiqinə, hətta hansısa az önəmli müttəfiqinə də toxunmayacaq, əgər Vaşinqton hesab eləsə ki, bu, onun marağına cavab vermir”. Bu sözləri adı çəkilən portala açıqlamasında  Stokholmdakı Dünya Problemlərinin Tədqiqi Beynəlxalq İnstitutunun böyük elmi əməkdaşı Saymon Vezeman söyləyib.

Pensilvaniya Universitetinin əməkdaşı, postsovet ölkələri ilə bağlı xarici siyasət məsələləri üzrə ekspert Mitçell Orenşteyn isə bildirib ki, prezident Tramp Rusiyadan silah alan istənilən ölkəyə sanksiya tətbiq edə bilər. “Hələ ki, o, belə sanksiyalar tətbiq eləməyib. Ona görə də heç kim deyə bilməz ki, Trampın siyasəti necə olacaq” – ekspert əlavə edib.

*****

USA Armenia ile ilgili görsel sonucu

Məsələ ondadır ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Amerikanın erməni diasporuna deyil, məhz dünya yəhudi lobbisinə bağlı şəxsdir. Əsas da iki səbəbdən: 1. Milyarder olduğu üçün onun erməni lobbisinin çirkli puluna ehtiyacı yoxdur və bu üzdən ermənilərdən heç bir maddi asılılıq mövcud deyil; 2. Trampın kürəkəni – iş adamı, 35 yaşlı Cared Kuşner yəhudi əsilli olduğu üçün.

Təsadüfi deyil ki, Tramp seçki kampaniyasında saxta “erməni soyqırımı”nı tanımaqla bağlı hər hansı vəd vermədi. Halbuki, bir qayda olaraq, bütün prezidentliyə namizədlər erməni seçicilərin səsini qazanmaq üçün yalandan da olsa, bu sözü verirlər. Əksinə, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını vəd eləmişdi və sözünü tutdu (İddialara görə, bu qərarın verilməsində Kuşner və onun xanımı İvanka Tramp da mühüm rol oynayıb). Bir neçə gün qabaq isə xəbər yayıldı ki, mayın 14-də – İsrail dövlətinin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürüləcək.

Sargsyan ile ilgili görsel sonucu

Ermənistana gəlincə, o, nəinki Vaşinqtonun ən aşağı səviyyəli müttəfiqi və ya tərəfdaşları sırasında belə yer almır, üstəlik, ABŞ-ın 1 nömrəli düşmən elan elədiyi və sanksiyalar tətbiq elədiyi Rusiyanın regionda əsas müttəfiqi və hərbi qalasıdır. Bu hərbi qala – forpost Ermənistan həmçinin, öz daxilindəki rus qoşunları ilə birgə qonşuları – qərbyönlü Gürcüstan və müstəqil siyasət yürüdən Azərbaycan üçün də real təhlükə mənbəyidir.

Bundan başqa, Rusiyanın arxasında gizlənən işğalçı Ermənistan bölgədən Avropaya istiqamətlənən iri neft-qaz kəmərlərinə və nəqliyyat xətlərinə ciddi təhlükə olaraq qalır. Kəmərlərin vurula biləcəyi ilə bağlı Ermənistandan dəfələrlə hədələr səslənib ki, bu da Qərbin, Amerikanın regiondakı energetik və təhlükəsizlik maraqlarına bilavasitə təhdiddir. Belədə ABŞ gerçəkdən də Rusiyanın bölgədəki sədaqətli müttəfiqi Ermənistan əleyhinə niyə də Qarabağ (sanksiya) sürprizi eləməsin?..

*****

Sanctions gun putin ile ilgili görsel sonucu

Rusiyaya qarşı silah embarqosu sözsüz ki, onun silah bazarında əsas rəqiblərindən olan İsrailin də maraqlarına cavab verir (Bu da Ağ Evdən yəhudi dövlətinə daha bir reverans). Çünki silah alıcısı alternativ ölkə kimi İsrailə üz tuta bilər. Ermənistan üçün isə Azərbaycandan fərqli olaraq belə alternativlər mövcud deyil. Birinci Rusiya qoymaz, ikinci isə bahalı və müasir silah-sursat üçün onun yetərli vəsaiti yoxdur.

Bir sözlə, silah satışı ilə bağlı mənzərə hara çevirsən Ermənistana yaxşı perspektiv vəd eləmir. Azərbaycan, Rusiya və Ermənistanda prezident seçkilərindən sonra – may-iyun ayında Qarabağda müharibə riskinin böyük olacağı haqda xəbərdarlıqlar da ciddiyə alınarsa, o zaman Ermənistanın xeyli dərəcədə güclənən isterikanı anlamaq mümkündür.

Bu xüsusda bəzi erməni siyasətçiləri və ekspertlərinin Azərbaycan adından spekulyasiya eləməyə çalışması, daha dəqiqi, ABŞ-ı “aqressiv Azərbaycan”la şantaj eləməsi yersiz olduğu qədər də anlaşılandır. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan 1 in.am nəşrinə açıqlamasında gerçəyi ənənəvi ermənisayağı, baş-ayaq təqdim edərək deyib: “ABŞ  ilk növbədə onun qayğısına qalmalıdır ki, Azərbaycan silah almasın. Nədən ki, məhz o – təcavüzkar tərəfdir (?! – YM). İlham Əliyev İrəvanı tutmaq məqsədini gizlətmir. Belə vəziyyətdə Ermənistanın özünümüdafiə üçün (?!- YM) silah almasını məhdudlaşdırmaq absurddur. Problem ondadır ki, biz yalnız Rusiyadan silah əldə edirik, Azərbaycan isə – istənilən yerdən. Ermənistan hakimiyyəti Dövlət Departamentinə müraciət etməli və bildirməlidir ki, əgər belə addıma gedərsinizsə, bizim vəziyyətimiz anlayın. Fikrimcə, hazırda çox vacib olan məsələ diplomatik aktivlikdir. Əlbəttə ki, sanksiyalar olarsa, biz əziyyət çəkəcəyik. Çünki bizim başqa yerdən silah almaq imkanımız yoxdur”.

“Söhbət bizim ölkənin, xalqımızın təhlükəsizliyindən gedir. Odur ki, Ermənistan rəhbərliyi həqiqəti oturub amerikanlara sadə dildə izah eləməyə borcludur. Deməlidir ki, baxın, biz Rusiyadan silah alası olmasaq, başımıza nələr gələcək”, – deyə Sərkisyan faktiki surətdə ABŞ-ı erməni və rusun ortaq işğalına məruz qalmış Azərbaycanla həyasızcasına şantaj etməyə çalışıb.

Absurd olsa da, faktdır və necə deyərlər, burada əlavə şərhə yer qalmır…

“Yeni Müsavat”ın analitik xidməti

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin