Elmar Məmmədyarov başarısının sirri: O, bəzi keyfiyyətlərinə görə Taleyranı da üstələyir

0
12

Bir çoxlarımız Azərbaycan Xarici İşlər naziri Cənab Elmar Məmmədyarovun məşhur nitqlərini dinləmişik. Əminəm ki, əksəriyyətimiz də nazirin həmin diplomatik çıxışlara barmaqarası baxmışıq. Təqdim etdiyimiz aşağıdakı video-rolik də bu iddianı təsdiqləyir.

Cənab Elmar Məmmədyarovun nə dediyindən heç nə anlamayan bəzi şəxslər onun 2004-cü ildən indiyədək, yəni 15 il niyə Xarici İşlər naziri postunda əyləşdiyini də başa düşə bilmirlər. Halbuki bu sirr elə onun nitqində gizlidir. Yəni axtardığımız nəsnə tam gözümüzün qabağındadır, biz sadəcə onu görə bilməyəcək qədər koruq.

Niyə elə düşünürəm? Səbəbini açıqlayım: Dünyanın gəlib keçmiş ən böyük diplomatlarından biri Şarl Moris de Taleyran-Periqordur. Elmar Məmmədyarov qədər olmasa da Taleyran da uzun müddət baş diplomat vəzifəsini icra edib. İlk dəfə 1799-cu ildə Fransanın Xarici İşlər naziri postuna əyləşən bu adam 1807-ci ildə Rusiya və İngiltərə ilə müharibəni dəstəkləmədiyinə görə Napolyon tərəfindən işdən qovulur. Taleyranın sözünü eşitməyən Napolyon Rusiya və müttəfiqləri qarşısında ağır məğlubiyyətə uğrayır və sürgünə göndərilir. Bu məğlubiyyətdən sonra qurulan yeni Fransa hökumətdə yenə Xarici İşlər naziri postuna Taleyran gətirilir. Cəmi bir il davam edən (1814-1815–ci illərdə) bu görəvi sırasında Fransanı ağır məğlubiyyət şərtlərindən məhz diplomatik bacarığı ilə xilas edən də elə o olur.

Belə ki, İngiltərəni Rusiya və Prusiya hücumlarından qorunmaq üçün Fransayla ittifaq yaratmağın vacibliyinə inandırmağı bacaran bu çoxbilmiş fransız diplomatı ölkəsinə qarşı koalisiyanı dağıdır və məğlub tərəf kimi oturduğu danışıqlar masasından qalib kimi ayağa durur.

Hə, bu zəruri arayışlardan sonra gələk Şarl Moris de Taleyran-Periqorla Elmar Məmmədyarov arasındakı bənzərliyə.

Məsələ burasındadır ki, bu iki diplomat arasında ciddi oxşarlıq yox idi. Sadəcə, fransız diplomatiya dahisi Elmar müəllim kimi olmağı ən böyük hədəfinə çevirmişdi. Zira o, bir diplomat üçün ən böyük vəsfin yaxşı danışıq qabiliyyəti olduğuna inanmır, əksinə, diplomat üçün dilin başqa özəllik daşıdığını düşünürdü. Taleyranın hamıya məlum məşhur kəlamı da bu düşüncəsindən qaynaqlanırdı: “Dil diplomata fikrin açmaq üçün yox, gizlətmək üçün verilib”.

Taleyranın bu hikmətamiz sözlərindən Elmar Məmmdəyarovun nitqinə nəzər salanda uzun müddətli baş diplomat postunu əldə saxlaya bilməsinin əsl sirri ortaya çıxır. Görünür, bizim nazirin bu keyfiyyəti qat-qat üstün olduğundan indiyədək Taleyrandan hardasa iki dəfə artıq Xarici İşlər naziri postunu tuta bilib. Bundan sonra bu uğurunu nə qədər qatlayacağını isə, təbii ki, biz deyə bilmərik.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin