Cənab nazir, Azərbaycanda belə bir məktəb də var

0
46

“Kəndin məktəbi anti-sanitariya vəziyyətindədir. O qədər baxımsızdır ki, uşaqlarımızın başına tez-tez bit düşür. Bir nəfər gəlib yoxlamır, baxmır. Natəmizlik, təmirsizlik, şəraitsizlikdir”.

Göyçayın Çaxırlı kəndinin sakini Ağasəddin Rəhimov belə deyir. Onun bir övladı bu məktəbdə oxuyur. Deyir, illərdir bu uşaqlar normal məktəb üzü görməyiblər. Elə valideynlər bacardıqları pulu toplayıb, bir-iki yerini təmir ediblər. Ancaq onların əsaslı təmir etməyə gücləri çatmır.

“Odur ki, üzümüzü dövlətə tutub, xahiş edirik. Nolar, bizim uşaqlarımıza yazıqları gəlsin, onlar da gələn dərs ilini normal məktəbdə oxusunlar. Məktəbin bitməsinə az qalıb. Plana salınsa, tətildə təmir edilər və ya kənddə yeni məktəb tikilər” – deyə, valideynlər bildirirlər.

Elşad İsgəndərovun övladı da bu məktəbdə təhsil alır. O da təmirsizlik, şəraitsizlikdən və qışda məktəbin soyuq olmasından şikayətçidir. Deyir, məktəb o qədər baxımsızdır ki, vaxtlı-vaxtında dezinfeksiya da edilmir. Nəticədə uşaqları bit-birə yeyir:

“Məktəbin normal laboratoriyası yox, idman zalı pis gündə, sinif otaqları ondan da betər… Valideynlər nə qədər aralarında pul toplayıb, məktəbi təmir etdirməlidir? Mən bilən, bu işə dövlət baxmalıdır axı. Məktəbin dam örtüyünün ciddi təmirə ehtiyacı var. 50-60 ilin məktəbidir. Tavanı damır, döşəməsi deşik-deşik, partalar, qapı və pəncərələr uçub-tökülüb”.

Ağasəddin Rəhimov deyir ki, sonuncu dəfə məktəbi kəndin Rusiyada yaşayan və çalışan sakinləri təmir edib. Ancaq tək dərd məktəbin təmiri də deyil. “Məktəbə getmək də zülmdür”, – deyir:

“Uşaqlar dərsdən yayınırlar. Çünki yolu bərbaddır. Gedib-gələndə palçığa düşürlər, batırlar. Üstəlik, natamam orta məktəbdir. Hər şeyimiz çətindir, dərddir. Baxın, görün, bu məktəbdə müasir Azərbaycana yaraşan nə var? Sovetdənqalma bir yerdir. Yağış yağır, məktəbə damır. Bu məktəbin istismar müddəti bəlkə də 30 il əvvəldən bitib”.

Valideynlər məktəbin təhsil ocağından başqa hər şeyə bənzədiyini deyirlər. Xüsusən də qışda vəziyyətin daha da bərbad hala düşdüyünü söyləyirlər:

“İstilik sistemi yoxdur. Odun qalayırlar, o da his-pas içində. İndiki dövrdə məktəbdə odun yandırarlar? Natəmizlik, antisanitariyadır. Bir baxın, məktəbin məktəb olduğunu göstərən hər hansı bir lövhə də yoxdur. Xahiş edirik, bizim uşaqlar üçün də normal şərait yaratsınlar. Təhsil elə buradan başlayır. Ölkədə təhsilin nə qədər yüksək səviyyədə olduğunu göstərsinlər”.

Cənab nazir, Azərbaycanda belə bir məktəb də var...

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin