Binəqədidə yeni tikili köhnə məhəllənin sakinlərini narazı salıb – Fotolar

0
38
Abay küçəsinin sakinləri: “Biz hər hansı kiçik ölçülü tikinti aparsaq, Binəqədi RİH-dən başımızın üstünü alarlar”
İcra başçısının müavini Aygün Əliyeva: “Rayon icra hakimiyyətinin torpaq vermək səlahiyyəti yoxdur”

“Bu özbaşınalığın misli yoxdur. Harada görünüb ki, binanın blokunun düz qabağında, uşaqların oynadığı yerdə təzə bina tikəsən? Hansı arxitektor, hansı memar bu layihəni təsdiqləyib? Kim tikinti aparmağa icazə verib?  Biz bir daşı daş üstünə qoysaq, başımızın üstünü kəsdirib aman verməzlər. Amma iki binanın arasında olan həyəti satıblar, nə uşaqların oynaması üçün yer qalıb, nə hava almaq mümkündür”.

Bu sözləri Musavat.com-un əməkdaşı ilə söhbətində Bakının Binəqədi rayonu, 7-ci mikrorayondakı Abay Kunanbayev küçəsi, 3123-cü məhəllə, 22 saylı binanın bir qrup sakini söyləyib.

Onların sözlərinə görə, ərazi xeyli əvvəl tanımadıqları adama tikinti aparmaq üçün verilib.

Bu yer yaşayış binasının həyətidir və hasarlanıb, qaldırıcı kran gətirilib, texnika işləyir. Sakinlər bildirirlər ki, bir müddət tikinti dayandırılıb:

“Prezidentin xəbərdarlığı varıydı, binaların həyətləri zəbt olunmasın, qanunsuz tikintilər aparılmasın. Buna görə bir ara iş dayandı. Camaatın da şikayəti təsir eləmişdi. İndi təzədən iş bərpa olunub.

Sizcə, bir adi sakin bu həyətdə nəsə tiksə, Binəqədi icra hakimiyyəti imkan verər? Amma tanımadığımız bir şəxs tərəfindən yeni bina inşa olunur”.

Sakinlər deyirlər ki, nə maşın saxlamağa yer var, nə əraziyə yük avtomobili, yaxud təcili yardım maşını daxil ola bilir. Bu tikinti gələcəkdə daha böyük problemlər yaradacaq. Hətta həmin tikilidən mənzil alacaq vətəndaşların da necə yaşayacağı maraq doğurur.

Nə həyət olacaq, nə avtopark. Üstəlik, ara məsafəsi deyilən bir norma gözlənilməyib və ümumiyyətlə, bu inşaat tikinti qaydalarına tam ziddir, absurddur.

Sakinlər iddia edir ki, bu ərazi Binəqədinin sabiq icra başçısı Xaləddin İsgəndərovun vaxtında verilib. Binəqədi RİH-nin yeni rəhbərliyi də məsələyə müdaxilə etməyib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Musavat.com-a bildirdi ki, yerli icra hakimiyyətləri çoxmərtəbəli binaların tikintisinə icazə vermək səlahiyyətində deyil.

Başçı müavininin sözlərinə görə, sözügedən binanın tikintisi üçün sahibkarın bütün aidiyyatı qurumlardan rəsmi icazə sənədi var: “Bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytından daha geniş informasiya ala bilərsiniz”.

Torpağın sahibkara nə zaman satıldığı, hansı şirkət adına orda tikinti aparacağına dair sualımıza isə A.Əliyevanın cavabı elə oldu:  “Bildirdiyim kimi, rayon icra hakimiyyəti bu məsələyə icazə ilə bağlı səlahiyyətli deyil. Sadəcə Binəqədi rayonu ərazisində yerləşdiyi üçün sakinlər daim bizə müraciət edirlər. Biz də sahibkara dəfələrlə müraciət etmişik ki, öz rəsmi sənədlərini sakinlərə göstərsin. Lakin sakinlər bundan məlumatlı olsalar belə, cəmi 2-3 adam dayanmadan Prezident Administrasiyasına və digər qurumlara əsassız müraciət edirlər.Şirkətin ofisi elə həmin ünvanda yerləşir. Əməkdaşınız yaxınlaşsa, özləri sizə sənədləri təqdim edə bilərlər. Neçənci ildə torpağın verilməsini biz bilmirik. Çünki torpaq özəl mülkiyyətdir”.

Tikinti aparan şirkətin, yaxud sahibkarın da mövqeyini öyrənməyə çalışacağıq.

Emil Salamoğlu,
Musavat.com
Fotolar müəllifindir

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin