Beyləqanda polisə olan güvən və inam sonsuzdur…

0
198

Ölkəmizdə dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Beyləqan rayon Polis Şöbəsi şəxsi heyətinin böyük xidməti var. Keçən ilin sentyabr ayında daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis Şöbəsinə rəis təyin olunan polis polkovniki Rəşid Piriyev rayonda cinayətkarlıqla mübarizədə öz sözünü deməkdədir. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti bu gün Rəşid Piriyevin rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür.

Beyləqanda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Təqdirəlayiq haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvaları və qumarxanaların fəaliyyətinə son qoyulub. Oğurluq halları demək olar ki, yox dərəcəsindədir. Bu gün Beyləqan sakinləri polisin onların əmlakını qoruyacağına əmin olduqları üçün hətta qapılarını bağlamadan belə harasa getməyə tərəddüd etmirlər.

Rəşid müəllim təkcə polis şöbəsində vətəndaşları qəbul etməklə kifayətlənmir, rayonun kəndlərinə baş çəkir, yerlərdə sakinlərlə görüş keçirir, problemləri yerindəcə həll etməyə çalışır, əsasən buna nail olur. Polisin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır. Beyləqanda vətəndaşlar polisə daha çox arxalanır, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Beyləqanda iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.

Rəşid müəllimin öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə daxili işlər orqanlarının nüfuzunu daim artırmağa çalışır. Daha əvvəl rəhbər vəzifədə xidmət etmiş olduğu Şirvan polisində də Rəşid müəllim heç bir fiziki və hüquqi şəxsin, ictimai birliyin maraqları dairəsində fəaliyyət göstərməmiş, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməmişdir. O, xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

Rəşid müəllim Beyləqan polisinin icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasını təmin edir, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol vermir. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır. Təsadüfi deyildir ki, həmsöhbət olduğumuz, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğumuz beyləqanlılar da, rayonda kompakt halda məskunlaşmış qaçqın və məcburi köçkünlər də Rayon Polis Şöbəsinin işindən razılıqlarını bildirir və cənab nazir Ramil Usubova Rəşid Piriyev kimi layiqli, peşəkar bir kadrı Beyləqan RPŞ-nə rəis təyin etdiyi üçün minnətdarlıqlarını ifadə edirlər.

Bizdə öz növbəizdə hörmətli Rəşid Piriyevə, Beyləqan RPŞ-də onunla çiyin-çiyinə çalışan paqon yoldaşlarına bundan sonrakı xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Ramin MƏHƏMMƏDOĞLU,

“RealMedia.az”-ın baş redaktoru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin