Baş redaktor Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala müraciət etdi

0
202

Jurnalist, “RealMedia.az” saytının rəhbəri Ramin Məhəmmədoğlu Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala müraciət edib.

“RealMedia.az” olaraq baş redaktorun Səfirə müraciətini olduğu kimi dərc edirik;

“Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral əfəndi!

Azərbaycanın kökübir qardaşı Türkiyə ilə iqtisadi, ticari əlaqələri get-gedə genişlənir. Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamlarına sayğı ilə yanaşılır, onlar heç bir süni maneə ilə qarşılaşmırlar.
Lakin çox təəssüflər olsun ki, yaradılmış bu əlverişli mühitdən sui-istifadə edən biznesmenlər də var. Götürək elə, Çin istehsalı olan Changan, Baic və GAC avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Sirena Motors” şirkətinin rəhbəri Mehmet Coşkun əfəndini. Şirkət qeyri-məhsuldar qüvvələrə aiddir. Yəni, nə avtomobilin, nə də ehtiyat hissələrinin istehsalı ilə deyil, ticarətlə məşğuldur. “Sirena Motors”un Bakıdakı nümayəndəliyi Yasamal rayon sakini olan yerli vətəndaşın adına qeydiyyata alınıb. Təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. Hüquqi ünvanı Yasamal rayonunda bir mənzil olsa da, alqısatqı müqavilələrində, eləcə də bütün digər sənədlərdə “Sirena Motors” MMC-nin fəaliyyət göstərdiyi Abşeron rayonundakı ünvan sərgilənir. Bu da şirkəti məhkəməyə verən müştərilərində çaşqınlıq yaradır.
Amma adətən ilk olaraq “Sirena Motors” öz müştərilərini məhkəməyə verir. Çəkişmələr çox vaxt apellyasiya və ali məhkəmə instansiyalarına gedib çıxır. Şirkət hətta satdığı maşının sələmqarışıq qiymətinin əhəmiyyətli hissəsini ödəyən müştərilərini də incidir. Hətta dəfələrlə müşahidə olunmuşdur ki, şirkət əlində öz xeyrinə məhkləmə qərarı olan az borclu müştərilərə də amansız yanaşır, onlara yol vərəqəsi vermir. Bu sənəd olmadıqda müştərinin idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılır, duracağa aparılır. Sonra da xəbəri duyan şirkət əməkdaşları mülkiyyət hüququndan istifadə edərək avtomobili götürüb aparırlar. Bununla da türk şirkəti Azərbaycan Respublikası qanunlarına, məhkəmə qərarlarına sayğısız yanaşır, ona pul qazandıran Azərbaycan vətəndaşlarına yuxarıdan aşağı baxır. Məqsəd də avtomobili öz adına keçirəcəyi, ona yiyələnəcəyi günün uzaqda olmadını düşünən müştəridən mümkün olacaq qədər çox para qoparmaq, üzərinə əlavə faizlər yükləyərək borc altından çıxmasını mümkünsüz edib avtomobili əlindən almaqdır ki, bu halın da tendensiya xarakteri alması cəmiyyətimizdə narazıçılıq doğurur, şüurlarda formalaşmış ədalətsevər türk iş adamı obrazına xələl gətirir.
Bilirik ki, son illər dünyada və Azərbaycanda baş verən maliyyə böhranı, devalvasiya bir çox şirkətlərin müflisləşərək bağlanmasına səbəb olmuşdur. Lakin Azərbaycanın avtomobil bazarında müştərilərin alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, “Sirena Motors” əsla büdrəmədi. Bu da şirkətin və onun rəhbərinin yeganə maliyyələşmə mənbəyinin avtomobil satışından əldə edilən gəlirlər olmadığını düşünməyə əsas verir.
Yeri gəlmişkən xatırlatmağa dəyər ki, Azərbaycanda vaxtilə sürətli inkişafı və başgicəlləndirici uğurları ilə seçilən türk mənşəli müəssisələr az olmayıb. Onlara misal olaraq, “Qafqaz Universitəsini, “Araz” hazırlıq kurslarını və s. göstərmək olar. Amma həmin müəssisələrin nurçular şəbəkəsinə aid olduqları üzə çıxanda o vaxta qədər dayanıqlı görünən maliyyələrinin də mənbəyi məlum oldu. Odur ki, hesab edirik, “Sirena Motors”un sahibinin də yaxın keçmişdə nurçular şəbəkəsi ilə əlaqəsinin olub-olmadığını, şirkətin maliyyə əməliyyatlarının izlərinin haralara kimi uzandığını ciddi yoxlamağa dəyər.
Çox istərdik ki, bu şübhələrimizdə yanılaq. Hətta elə olacağı təqdirdə belə yenə də “Sirena Motors”un rəhbəri cənab Mehmet Coşkuna Azərbaycan Respublikası qanunlarına və vətəndaşlarına sayğı ilə yanaşmanın vacibliyi xatırladılmalıdır.
Qiymətli vaxtınızı ayırıb bu məktubu oxuduğunuza görə təşəkkür edirik. Əminik, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri sarsılmaz dayaqlar üzərində qurulmuş və daim inkişaf etməkdədir. Ayrı-ayrı fərdlərin şəxsi maraqları naminə atdıqları yanlış addımlar bu əminliyə kölgə sala, bu inamı sarsıda bilməz!.”

RealMedia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin